Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Avropa siyasətçiləri bu qənaətdədirlər
7 Aprel 2016 12:40 SiyasətNə qədər gözlənilməz olsa da Azərbaycanın Ermənistan silahlı qüvvələrnin təxribatının qarşısını almaq məqsədilə həyata keçirdiyi uğurlu hərbi əməliyyat dünya dövlətlərini və beynəlxalq təşkilatları hərəkətə gətirdi. Bu hərbi əməliyyatların əhəmiyyətindən biri də ondan ibarət oldu ki, nəhayət beynəlxalq ictimaiyyət dərk etdi ki, Azərbaycan işğal altında olan torpaqlarının hərbi yolla azad edilməsi hüququna sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan ordusunun qalibiyyəti nəhayət ki, güc mərkəzlərinin ədalətli bəyənatla çıxış etməsinə əsas yaratdı. Sirr deyil ki, əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, yaranma səbəbləri və münaqişənin həlli istiqamətində aparılan danışıqlar barədə kifayət qədər bilgiyə malikdirlər. Lakin dünyada sərgilənən və nəhəng dövlətlərin maraqlarına xidmət edən iyrənc siyasət həqiqətin dilə gətirilməsinə yasaq qoyur. Məhz bundan məharətlə istifadə edən erməni diasporu xəritədə Dağlıq Qarabağın harada yerləşməsini belə təsəvvür etməyən korrusiyaşmış siyasətçilər vasitəsilə Azərbaycana qarşı öz çirkin təbliğatlarını davam etdirirlər. Ancaq Azərbaycanın indiyə qədər həyata keçirdiyi uğurlu xarici siyasət, hücum diplomatiyası, ölkənin iqtisadi inkişafı və ən nəhayət Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı rol öz sözünü dedi. Bunun üzərinə Azərbaycanın beynəlxalq antiterror əməliyyatında iştirakı, İrak, Əfqanıstan, Kosova kimi ölkələrdə sülhyaratma missiyasındakı rolunu da əlavə etsək, qətiyyətlə deyə bilərik ki, Avropa dövlətləri Azərbaycanın ədalətli mövqeyinə biganə qala bilməzdilər. Əks halda "Cənub Qaz Dəhlizi" kimi önəmli layihələr təhlükə altında qala bilərdi. O da nəzərə alınmalıdır ki, Azərbaycan hələ ki, işğal olunmuş ərazisində antiterror əməliyyatı aparmır, Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq istiqamətində müqavimət göstərir. Son hadisələr göstərdi ki, bir sıra Avropa siyasətçiləri dünyada hansı proseslərin cərəyan etməsinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Məsələn, Bolqarıstan Prezidenti Rosen Plevneliyev Dağlıq Qarabağda mülki şəxslərin ölməsi ilə nəticələnən hərbi münaqişədən dərin narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının önəmini bildirib. Bolqarıstan Prezidenti Administrasiyasının məlumatına görə, dövlət başçısı deyib ki, Bolqarıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini dəfələrlə bəyan edib. O, münaqişənin yalnız sülh danışıqları əsasında həll olunacağının mümkünlüyünü bildirib. İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda Azərbaycana dəstək istəyi birbaşa əksini tapıb: "Təəssüflə deməliyəm ki, mənim xalqım da münaqişənin və onun nəticələrinin nə olduğunu yaxşı bilir. İllər ərzində xalqlarımız əsgərlərimizin və mülki vətəndaşlarımızın canı bahasına böyük problemləri həll etməyi öyrəniblər.İndi Sizin gözəl ölkəniz yeni çağırışla üzləşib. Lakin təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Şübhə etmirəm ki, Siz güclü rəhbərliyiniz və müdrikliyiniz ilə xalqınızı hamı üçün sülh və əmin-amanlıq illəri təmin edəcək düzgün yolla aparacaqsınız.İcazə verin, bir daha əsl dost kimi həqiqi dəstəyimizi və fikirlərimizi ifadə edim".
"Albaniya regionun dondurulmuş münaqişəsi olan Dağlıq Qarabağ ətrafında cərəyan edən sonuncu böhran zamanı zorakılığın artması, mülki obyektlərin dağıdılması və insan itkilərinin baş verməsi ilə bağlı narahatlıq keçirir". Bu fikirlər isə Albaniya parlamentinin sədri İlir Meta Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən hərbi təxribata əl atılması ilə bağlı müraciətinə cavab açıqlamasında bildirib. Albaniya parlamentinin sədri qeyd edib ki, Azərbaycan düzgün istiqamətdə ilk addımı atdı və əks tərəfdən də müvafiq cavabı gözləyir. Onun sözlərinə görə, bu, Azərbaycanın sülhə sədaqətini nümayiş etdirir. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionundan və ətraf yeddi rayondan dərhal çıxarılmalıdır. Açıqlamada deyilir ki, biz beynəlxalq ictimaiyyətin səylərini, atəşkəs rejiminin dərhal bərpası çağırışlarını, vəziyyətin de-eskalasiyası və mülki əhalinin müdafiə edilməsini dəstəkləyirik: "Beynəlxalq hüquqa üstünlük verilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri əldə rəhbər tutularaq münaqişənin hərtərəfli, yekun və davamlı həlli üçün danışıqlara başlanılmalıdır. Həm Avropa İttifaqı, həm də ATƏT tərəfindən qəbul edilən prinsiplər münaqişənin həlli üçün əsas olmalıdır. Bu prinsiplərə əsasən Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. ATƏT-in Minsk qrupu bütün tərəfləri danışıqlara cəlb etmək və münaqişənin həlli yollarının tapılmasına yardım göstərmək üçün düzgün platformadır. Albaniya inanır ki, ərazi bütövlüyü prinsipi müasir dövlətlərarası münasibətlərin tənzimlənməsində başlıca nizam vasitəsidir. Buraya, həmçinin işğalın və insanların öz torpaqlarından çıxarılmasının pislənməsi də daxildir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir". Parlamentin sədri qeyd edib ki, istənilən təcavüz dayandırılmalı və qarşısı alınmalıdır: "Tamamilə uyğundur ki, beynəlxalq ictimaiyyət müvafiq imkanlar yaranan kimi məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaydada qayıtması üçün səylərini artırsınlar. Əks təqdirdə, onun nəticələri dağıdıcı ola bilər. Xüsusilə, günahsız mülki vətəndaşların həyatlarını müdafiə etmək lazımdır. Yaxın Şərq, Balkanlar və Avropada baş verən hazırkı qaçqın böhranı münaqişələrin vaxtında qarşısının alınmamasının pis nümunəsidir. Bu, beynəlxalq əməkdaşlığın əsas hədəfi olmalıdır. Əks halda, biz dağıdıcı müharibənin qonşuluğunda yerləşən mürəkkəb regionda vəziyyətin pisləşməsi ilə risk edirik. Burada sülh, stabillik və qlobal iqtisadiyyat üçün nəticələrin kəskin pisləşməsi potensialı böyükdür. Azərbaycandakı, regiondakı sülh və stabillik Albaniya, Balkanlar və Avropa üçün çox vacibdir. Enerji layihələri, xüsusilə "Cənub Qaz Dəhlizi" layihəsi çox önəmlidir və təhlükə altına qoyulmamalıdır". Nəhayət nə qədər gözlənilməz olsa da Almaniya kansleri Angela Merkel Berlində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib. Angela Merkel Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipinin durmasının önəmli uğur olduğunu bildirib. Almaniya kansleri həmin prinsiplərin millətin öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina olduğunu qeyd edib: "Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır".
Alim