Dünya səhnələrində tanınmaq üçün daha çox çaba göstərməliyik -Xalq artisti Gülyanaq Məmmədova ilə sənət, zəhmət və məsuliyyət söhbəti
20:31 MüsahibəMusiqi -sözlə ifadə olunmayan duyğuların, tariximizin, ruhumuzun və ən incə xatirələrimizin ən səmimi tərənnümüdür. Azərbaycan musiqisi isə sadəcə notlardan ibarət deyil, o, xalqın tarixindən gələn bir nəfəs, mənəviyyatımızın aynası, hər bir azərbaycanlının qəlbində dərin iz buraxan bir xəzinədir. Bu zəngin irsi yaşadan, sənətə ömrünü həsr edənlər isə həm ənənəni qoruyan, həm də onu çağdaş səhnədə yeni nəfəsə çevirməyi bacaran ustalardır. Belə sənətkarlarımızdan biri də Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovadır. O, həm doğma musiqimizin zənginliyini dünyaya tanıdır, həm də xalq və bəstəkar mahnılarının, muğamlarımızın mahir ifa ustalığı ilə gənc nəslə ilham verir. Bu gün Azərbaycanın xalq artisti kimi tanınan sənətkar həm ölkə daxilində, həm də türk dünyasında xüsusi hörmət və sevgi qazanıb. Onun Özbəkistan və Türkmənistan kimi qardaş ölkələrdə layiq görüldüyü yüksək mükafatlar sənətinin sərhəd tanımadığını bir daha sübut edir Bu müsahibədə Gülyanaq xanımla musiqiyə olan sevgisi, yaradıcılıq yolunda qarşılaşdığı çətinliklər və uğurlu layihələrinin arxasında duran fəlsəfəsi barədə danışacağıq.
- Musiqi sizin üçün nə ifadə edir? Musiqi ilə əlaqəniz necə başladı və bu sənətə gəlməkdə ən böyük ilham mənbəyiniz nə oldu?
- Musiqi mənim üçün hər şeydir. Damarımda axan qanım, ruhum, həyatımdır. Musiqisiz, səhnəsiz özümü təsəvvür edə bilmirəm. Demək olar ki, musiqiyə sevgim də elə ailəmdən başlayıb. Təbii ki, biz azərbaycanlıyıqsa, hamımızın genində, qanında musiqi var. Laylalarımızda, analarımızın söylədiyi o laylalarda elə bir gözəllik, bir sevgi var ki, biz doğulandan musiqi səsi eşidə-eşidə yatır, böyüyürük. Segahlarımız, muğamlarımız da bu ruhun bir parçasıdır. Ona görə də mənim üçün musiqi-həyatdır. Musiqiyə sevgim sonsuzdur. Mənim üçün musiqi dərmandır, müalicədir. Bir sözlə, hər şeydir.
-Xanəndə və vokalist kimi musiqi texnikası, üslub və ifa tərzinizdə hansı prinsiplər sizə rəhbərdir?
- Mən xanəndəyəm və təbii ki, vokalistlərin öz oxuma üslubları, oxu tərzləri, səsi açma texnikaları, öz dəsti-xəttləri var. Biz xanəndələr isə fərqli olaraq öz üslubumuz, öz oxuma tərzimiz, ən xırda detallarımızla seçilirik. Muğamlarımız şifahi şəkildə, nəsildən-nəslə ötürülərək gəlib və bu gün həm milli estradamız, həm mahnı janrı, həm də vokal əsərləri muğamların üzərində kökləndiyi üçün onlardan doğur. Bu səbəbdən onların hər biri muğama bağlıdır. Məsələn, mahnı ifaçıları və vokalistlər notlarla bəstəkarlarımızın yazdığı hazır əsərlərlə çalışır və həmin çərçivədən kənara çıxa bilməzlər. Çünki bəstəkar əsəri necə yaradıbsa, ifaçı onu o şəkildə təqdim etməlidir. Vokal əsərlərini oxumaq da heç də asan deyil-onun öz tərzi, çətinliyi, məsuliyyəti var. Xanəndəlikdə, muğam ifaçılığında isə xanəndənin öz oxuma üslubu, öz tərzi, dəmində, orta-zil səslərində cavab verməsi, bir dəstgahın ifasında bütün imkanlarını göstərməsi önəmlidir. Bu gün çox xoşdur ki, nə qədər gəncimiz muğama üz tutur, muğamı öyrənmək istəyir. Mənim düşüncəmə görə, hansı janrda ifaçı olur-olsun, hətta muğam oxumasa belə, muğam barədə məlumatlı olması çox gözəldir. Qoy bilsinlər ki, oxunan bütün əsərlər hansı muğama istinad edir
- Siz yalnız Azərbaycanda deyil, Özbəkistanda və digər türk xalqlarında da mükafatlar qazanmış və sevilən sənətkarsınız. Bu sizin üçün nə ifadə edir və musiqimizin tanınmasına necə töhfə verirsiniz?
- Mən, bəli, Azərbaycanın Xalq artisti olduğum, Özbəkistan Respublikasının Xalq artisti adına layiq görüldüyüm, Türkmənistan Prezidentinin "Altun əsir - bəşəri yenicisi" mükafatını aldığım, Qələbə Günümüz münasibətilə "Türk Dünyasının Sanatçısı" və "Küresel Başarılar" ödülünə layiq görüldüyüm, Türk Dünyası Birləşmiş Ziyalıları Təşkilatı (BZT) - Turan Akademiyasının "Fəxri doktoru", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının dosenti kimi, Nazirimiz tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görüldüyüm üçün, Türksoy-un 30 illiyi münasibətilə medal aldığım, Vətən müharibəsi zamanı vətənpərvərlik ruhunda ifalar etdiyimə görə medalla təltif olunduğum üçün - bütün bu titulları sadaladıqca özüm də fərəhlənirəm. Çox şanslıyam və xoşbəxtəm ki, bu adlara layiq görülmüşəm. Mənə bu dəyəri verən dövlət başçılarına, təşkilat rəhbərlərinə və bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Və onu qeyd etmək istəyirəm ki, bəli, mən bu adlara, bu yüksək titullara, mükafat və medallara layiq görülməmişdən öncə ölkəmi, musiqimizi, mədəniyyətimizi təmsil edərkən- istər türkdilli dövlətlərimizdə olsun, istər Azərbaycan hüdudlarından kənarda, Avropa ölkələrində, Amerikada, Rusiyada heç vaxt hansısa mükafatı düşünərək səhnəyə çıxmamışam. Mən sənətimi sevərək, səhnəni, millətimi, musiqimizi sevərək və digər ölkələrin vətəndaşları qarşısında çıxış etməkdən qürur duyaraq addım atmışam. O adlar, o titullar, o mükafatlar sonradan öz-özünə gəlir, ifaçını tapır. Mən onların ardınca qaçmamışam. Sadəcə başımı aşağı salıb işimi sevə-sevə görmüşəm. İçimdən gələn sevgi, vətənpərvərlik, millətçilik, dövlətçilik ruhu, xalqıma olan məhəbbət və mədəniyyətimizə olan sevgim məni bu uğurlara gətirib çıxarıb. Mən bunu səmimiyyətlə deyə bilərəm. Bu gün çox xoşbəxtəm və bundan sonra da Allahdan yalnız sağlamlıq, güc, qüvvət istəyirəm ki, mənə o enerjini yenə versin və ölkəmi layiqincə təmsil etməyə davam edim. Mən bundan şərəf duyuram. Ölkə daxilində də durmadan çalışıram, tələbələr yetişdirirəm. Səhnələrdə, tədbirlərdə, dövlət tədbirlərində yorulmadan, sevə-sevə iştirak edirəm. Ölkədən kənarda isə heç də asan olmur. Niyə bunu deyirəm? Siz türkdilli dövlətlərdən söz açdınız deyə... Mən bütün türkdilli xalqların musiqilərini oxumaq üçün zaman və zəhmət sərf edirəm ki, onların dilini, deyiliş tərzini, intonasiyasını öyrənim. Hər dilin özünəməxsus səs, ahəng xüsusiyyətləri var. Bunları öyrənmək üçün insan bəzən öz sağlamlığından, vaxtından ayırmalı olur. Biz bəzən studiyadan tədbirə, tədbirdən uçuşa gecə-gündüz qaçırıq. Hər şeyin önündə zəhmət dayanır. Mən bu mahnıları sevə-sevə oxumuşam - qazax, qırğız, özbək, türkmən, tatar, uyğur hamısına zaman ayırmağa çalışmışam. Son illərdə ölkəmizdə türkdilli dövlətlərə aid çox tədbirlər keçirilir və onların hər birində - xüsusən Gülyaz xanımla birlikdə ən çox iştirak edən müğənnilərdən biri oluruq. Bu mənim üçün böyük xoşbəxtlikdir. Təbii ki, bəzən toy və tədbirlərə də gedirik ki, maddiyyatımızı təmin edək. Qazandıqlarımızı yenidən səhnə işlərinə, səs yazmalarına sərf edirik. Çünki səhnə arxasında da çoxlu xərclər və problemlər var və bunları qarşılamaq lazımdır. Bu da zəhmət tələb edir-qazanıb yenidən sənətə xərcləmək. Mənə elə gəlir ki, işini sevən hər bir insan bunu edir və etməlidir.
-Gülyanaq xanım, siz həm də universitetdə dosentsiniz. Tələbələrinizə musiqi sənətini öyrədərkən nəyə xüsusi diqqət yetirirsiniz və gənclərə örnək olmaq sizin üçün nə deməkdir?

- Mən bir müəllim kimi bu işimdən də zövq alıram. Müəllimlik ümumiyyətlə həm gözəl, həm şərəfli, həm çətin, həm də asan peşədir. Nə mənada? Müəllim öyrədə-öyrədə öyrənir, öz biliyini təkrarlayır, yaddaşını yeniləyir, tələbəyə öyrədə-öyrədə özü də yeni şeylər kəşf edir. Və məsuliyyətlidir. Ona görə ki, sən özünün gələcəyi olan davamçılarını yetişdirirsən. Onlar öz adına layiq, zəhmətimizə layiq olmalıdırlar, ustadımızın adına layiq olmalıdırlar. Mən bu davamçılarımı yetişdirməliyəm. Ona görə məsuliyyətlidir. Həm də gözəldir, çünki bu işi sevirəm. Asanlığı necə vurğulayım sizə? Asanlığı odur ki, mən tələbələrimlə həm də ana kimiyəm, dostam. Onlarla gözəl bir səmimiyyət var. Hörmətin içində, o məsuliyyətin içində, o peşəkarlığın içində bir sadəlik də var ki, onu da tələbə götürməyi bacarmalıdır -səmimiyyəti, istəyi. Özünü də sevdirməlisən, muğamı da sevdirməlisən. Ümumiyyətlə, bir müəllim hansı peşədən dərs deyirsə, o fənni uşaq və ya tələbəyə sevdirməyi bacarmalıdır. Biz yeni nəsillə işləyirik-evli olan da var, gənc olan da var, yaş fərqi yoxdur. Ona görə də biz onların hər birinin dilini tapmağı bacarmalıyıq. O məsuliyyəti, o sevgini yaratmağı bacarmaq lazımdır, mən belə düşünürəm. Bu gün nə xoş ki, muğamımıza nə qədər bir-birindən gözəl gənclər üz tutur. Özünüz görürsünüz, ölkəmizdə keçirilən Beynəlxalq Muğam müsabiqələri, Respublika Muğam müsabiqələri, digər müsabiqələrimiz var. Hətta televiziya ekranlarımızda olan müsabiqələrdə də milliyə ayrıca yer ayrılırdı, həmişə ifa olurdu, bunu da alqışlayıram. Görürsünüz, hərtərəflidir. Bütün janrlara sevgi olduğu kimi, hamısı muğamdan qaynaqlanır. Muğama axın çoxdur. Demək olmaz ki, muğam bu gün yoxdur, ifa olunmur. Xeyr. Xalqımız arasında muğamsevərlər, ziyalılar, kiçik və orta yaşlı nəsil var ki, onların hər birinin zövqünü oxşamaq üçün musiqi aləmimiz çox şaxəlidir. Amma bəli, onlara örnək olmaq da həm də muğam ifaçılığının özündə bir mədəniyyət, xanımlıq, centlmenlik, bəylik, gözəl əxlaq, ismət dəyərləri durur. Muğam ifaçısı bu dəyərləri muğamda tapdığı kimi, geyimində, oturuşunda-duruşunda, danışığında, tələffüzündə də göstərməlidir.
Bu sənətdə nələrə nail olmuşamsa, hərtərəfli şəkildə - istər ailədə, istər sənətdə hər şeyə diqqət edərək çalışıram ki, səhnə mədəniyyətinə, geyimə, danışığa necə diqqət edirəmsə, tələbələrimə də onu örnək olum. O yolla, o cığırla getmələrini istəyirəm ki, onlar da həmişə örnək olsunlar. Hər yerdə yerini bilsinlər -həm ifalarında, həm də davranışlarında. Bu, mənim üçün önəmli olan bir şeydir. Gülyanaq-Gülyaz adı orada durursa, mən düşünürəm ki, tələbələrimiz də ən azından biz necə sevilmişiksə, nə qədər hörmət qazanmışıqsa, necə dəyərləndiriliriksə... Mən bu xalqımıza minnətdaram sevənlərimizə, dəyər verənlərə. Ona görə də istərdim ki, necə seviliriksə, mənim tələbələrim və yetirmələrim də o cür sevilsinlər, həm də gözəl ifaçılar olsunlar, nümunəvi olsunlar.
-Müasir dövrdə gənclərin musiqiyə marağı necədir? Sizcə, Azərbaycan musiqisi gənclər tərəfindən necə qəbul olunur və onu daha da dünyaya tanıtmaq üçün hansı addımlar atılmalıdır?
- Bu günkü gənclərimizi heç də tənqid etmək istəmirəm. Əksinə, onlarda hər şey var. Musiqinin bütün janrlarına sevgi də var. Onu deyə bilərəm ki, nə qədər ki bu musiqilərimiz var... "Bayağı mahnı" sözünü sevmirəm. Toylarımızda oxunan mahnılar, o aralıq mahnılar hər zaman olub. Lakin peşəkar səhnə ifaçılığı isə tam başqa bir məsələdir. Mən özüm də kənddə böyümüşəm və bəli, o mahnıları sevirdim, bəyənirdim, ifa edirdim. Hansı ki bayaq dediyim müasir mahnılar -elə mənim dövrümdə də öz "müasir mahnılarımız" var idi yaşımıza görə. O aralıq mahnıları toylarımızda, kasetlərdə görürdük, eşidirdik və mən də oxuyurdum onları. Sonralar məktəb gördükcə, musiqinin dərinliyini öyrəndikcə daha zövqlü, daha gözəl əsərlərə yönəldim.
Əlbəttə, o mahnılar toylarımızda oxunur-oxunsun. Zamanın ələyindən keçən hər şey kimi təkcə musiqi yox, istedad da özünü göstərir. Və deyərdim ki, gənclərimiz arasında çox ağıllı, savadlı olanlar var. Mən çox sevinirəm ki, bu günkü gənclərimizin savadı, yanaşmaları çox gözəldir. Tədbirlərdə görürəm, o qədər könüllülərimiz var ki! Onların hər biri ali təhsil alan, universitet tələbələridir. Ölkəmizdə tədbirlər olanda onlar fəal şəkildə qatılırlar. Xarici ölkələrdən gələn qonaqların qarşılanması, beynəlxalq tədbirlərdə iştirak... Hər birində bizim gənclərimiz ingilis, alman, fransız, rus dillərində elə gözəl danışırlar ki... Bizim çox gözəl yetişən gənclərimiz var. Gəlin bunları da qeyd edək. Hamısını bir neçəsinin yanlışı ilə eyni yerə qoyub tənqid etmək olmaz. Yaxşı deyək ki, daha da yaxşı olsunlar. Təkcə musiqidə yox, digər sahələrdə də, məsələn, rəqsdə nə qədər gəncimiz var.
Görürsünüz, bizim nə qədər tələbələrimiz var- rəqqasəlikdə, aktyorluqda, rejissorluqda... Hərtərəfli gənclər yetişir. Hər zaman da olub, olacaq da. O az sayda olanları çoxlara qurban verməyək. Mən doğrudan da millətimi, xalqımızı sevirəm- körpəsini də, gəncini də, yaşlısını da və onların hər birinin zövqünə uyğun mahnılar oxumağa çalışıram. Gənclərimizi çox dəstəkləyirəm. Onlar bizim gələcəyimizdir, sağlam ruhda, sağlam şəkildə böyümələri gözəl bir şeydir. Allah hər birini qorusun, gələcəkləri parlaq olsun.
-Artıq zəngin bir yaradıcılıq yolu keçmisiniz. Gələcəkdə hansı layihələr üzərində işləməyi planlaşdırırsınız və Azərbaycan musiqisinin beynəlxalq səhnədə tanınması üçün nə kimi təşəbbüslər görmək istəyirsiniz?
- Yaradıcılıq yolunu gedirik və öyrənə-öyrənə gəlmişik. Yaradıcılıq bitmir, tükənmir. Hələ o qədər etmək istədiklərimiz var ki... Yaradıcılıq bitmir, tükənmir ki. Gələcək layihələr barədə əvvəlcədən plan tutulmur. Günbəgün işləyirik - yeni bir ifa, yeni bir mahnı, yeni bir əsər. Bir çox arzularım var, amma onları hələlik açıqlamaq istəmirəm. Gərək həyata keçirəm, sonra açıqlama verim. Əvvəlcədən planlarım və görəcəyim işlər haqqında danışmaq mənə düşmür. Həmişə demişəm, indi də deyirəm: bu sənətdə heç nə planlanmır. Bir arzu, bir dəvət, bir ifadan doğulur. Çox istəyirəm ki, yeni layihələrimiz, gözəl işlərimiz olsun. Hər şeyin gözəlini arzulayıram və bu yolda özümə də can sağlığı diləyirəm. Azərbaycan musiqisi harda səslənsə, yeri var. Bütün əcnəbilər tərəfindən gözəl qəbul olunur. Çünki musiqimiz özü gözəl və şirindir, istedadlı müğənnilərimiz, ifaçılarımız, sənətçilərimiz var. Ölkəmi təmsil edən bir xanəndə, ifaçı kimi deyə bilərəm ki, harda olmuşamsa - ölkəsindən asılı olmayaraq hər yanda Azərbaycan musiqisi sevilib, o qədər gözəl qarşılanıb. Rəqslərimiz, milli musiqimiz, muğamlarımız hər zaman böyük sevgi ilə qarşılanıb, bəyənilib. Mən bunun dəfələrlə şahidi olmuşam.
Bəzən aparıcılar bizi təqdim edərkən "dünya şöhrətli sənətçimiz", "sənətkarımız" deyirlər. Mən bu ifadəni daha çox Müslüm Maqomayevə, Rəşid Behbudov və Zeynəb Xanlarovaya aid edə bilərəm. Onların dövründə Azərbaycan üçün doğrudan da çox işlər görülüb, ölkələri dolaşıb xalqımızı layiqincə təmsil ediblər. Bu gün, bəli, biz varıq. Amma mən belə hesab edirəm ki, "dünya şöhrətli" deyəndə... Məsələn, Michael Jackson deyəndə- elə bir uşağa da dünyanın hər yerində desəniz, tanıyır. Yaxud Celine Dior, Jennifer Lopez və başqaları... Biz dünya tərəfindən sevilən, hamının tanıdığı ulduzlardan danışırıq.
Bəli, biz ölkələrdə konsertlər veririk, oxuyuruq, Azərbaycan adını tanıtmağa çalışırıq. Amma yenə deyirəm: bizim istedadlarımız, sənətçilərimizin səsi, ifası həddindən artıq zəngindir, yüksək səviyyədədir. Hərdən mənə deyirlər ki, "bəlkə sən Avropa ölkələrindən birində, Amerikada yaşasaydın, bu səsinlə dünya ulduzuna çevrilərdin". Mənim özümə belə suallar verilir. Amma gəlin soruşaq: adi bir uşaq da Michael Jackson-ın adını çəkə bilir, amma dünya ulduzu deyəndə Azərbaycandan kimi çəkəcəklər? Bu, artıq bizim öz üzərimizdə çalışmalı olduğumuz məsələdir. Amma bu, o demək deyil ki, bizdə sənət, səs, potensial yoxdur. Azərbaycanda hər şey var. Musiqimiz zəngindir. Mən deyərdim ki, dünyada ən öndə gedənlərdəndir. İfaçılarımız, səslərimiz, musiqimiz-hamısı zəngin və dərin məzmuna malikdir. Biz sadəcə öz dəyərimizi, öz qədrimizi bilməliyik. Allah bunu bizim millətə, bizim sənətə bəxş edib. Amma mən düşünürəm ki, razılaşarsınız, bir həqiqət var ki, Azərbaycandan kənarda - bəzi ölkələri çıxmaqla çox tanınmırıq. Bəli, Türkiyədə, türk dövlətlərində müəyyən qədər tanınırıq. Amma gəlin digər ölkələrə baxaq: Amerika, Avropa ölkələri, Fransa, Meksika və başqa dünya ölkələri... Orada yüz adama sual verin, yüzündən biri bəlkə də Azərbaycandan "dünya şöhrətli" hesab edilən sənətkarın adını çəkər. Bizi burada belə təqdim etmələrindən qürur duyuram, əlbəttə. Amma reallığı da görmək lazımdır. Yəni, dünya arenasında, dünya səhnələrində tanınmaq üçün daha çox çaba göstərməliyik. Burada maddiyyat da var, sərfiyyat da. Bu, təkbaşına olmur".
Gülyanaq Məmmədovanın yaradıcılığı göstərir ki, sənət yalnız ifa etməkdən ibarət deyil hər bir nota, hər bir mahnıya qatılan zəhmət, sevgi və məsuliyyət onun dəyərini artırır. Hər ifaçı bu yolu şərəflə davam etdirdikcə, Azərbaycan musiqisi xalqın qəlbində yaşayır, mədəniyyətimizi gələcək nəsillərə çatdırır və dünya səhnələrində öz layiqli yerini tutur. Onun öyrətdiyi və yaşatdığı dəyərlər - səmimiyyət, zəhmətkeşlik, milli ruh və peşəkarlıq yalnız musiqiyə deyil, həm də gənclərə örnək olmaq yolunda əvəzsiz bir mirasdır.
Zeynəb Mustafazadə