Azərbaycanlı professor: Təklif etdiyimiz metod yetişməkdə olan xərçəng şişlərini erkən müəyyənləşdirir - MÜSAHİBƏ
18:52 MüsahibəDünyanın aparıcı riyaziyyatçılarından sayılan professor Uğur Abdulla Bakıda yazıçı Gülhüseyn Hüseynoğlunun ailəsində doğulub boya-başa çatıb. On beş yaşında Bakıdakı 20 nömrəli məktəbi qızıl medalla bitirib. Gənc yaşlarından riyaziyyat, fizika olimpiadalarında və idmanda qazandığı nailiyyətləri ilə seçilib. Sərbəst güləş üzrə Azərbaycan çempionu və milli komandanın üzvü olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. 21 yaşında namizədlik, 27 yaşında doktorluq elmi dərəcələrini alaraq 28 yaşında Bakı Dövlət Universitetinin professoru olub.
O, Kolmoqorov tərəfindən 1928-ci ildə qoyulmuş məşhur açıq məsələni həll edib. Uzun illər ərzində İngiltərənin, Almaniyanın və ABŞ-ın nüfuzlu universitetlərində professor vəzifəsində çalışıb. Hazırda Yaponiyada Okinava Elm və Texnologiya Universitetinin professoru, Analiz və xüsusi törəməli diferensial tənliklər bölməsinin rəhbəridir. İngilis, alman, rus və yapon dillərini mükəmməl bilir.
AZƏRTAC professor Uğur Abdulla ilə müsahibəni təqdim edir.
- Uğur müəllim, necə oldu ki, riyaziyyatçı oldunuz? Riyaziyyat həyatınıza necə daxil oldu?
- Riyaziyyat elmi mütləq həqiqəti kəşf edir və onu qüsursuz məntiqlə sübut edir. Riyaziyyatçının hərəkətverici qüvvəsi mütləq həqiqəti dərk etmək istəyidir.
- Deyirlər ki, riyaziyyatı bilən bütün digər elmlərə rahatlıqla yiyələnir və həyatdakı bir çox məsələlərin həllində daha operativ düşünür. Siz bu barədə nə düşünürsünüz? Bu elm bir insanın həyatında niyə vacibdir?
- Mütləq həqiqəti dərk etmək məqsədi ilə yaranmış riyazi nəzəriyyələr bütün təbiət elmlərinin qanunlarını kəşf edir və onları riyazi formada ifadə edir. Buna ən gözəl nümunə fizika elminin inkişaf tarixidir. Müasir təbiət elmlərinin başlanğıc nöqtəsi Nyutonun 1638-ci ildə çap olunmuş "Təbii fəlsəfənin riyazi prinsipləri" (Philosophiae Naturalis Principia Mathematica) əsəridir. Nyuton bu əsəri ilə ilk dəqiq təbiət elmi olan fizikanın, daha dəqiq desək, klassik mexanikanın əsasını qoyub. O, mexanikanın əsasını qədim yunan filosofu və riyaziyyatçısı Evklidin kəşf etdiyi həndəsə elminin zəmini üzərində qurub. Nyuton müasir təbiət elmlərin inkişafında dönüş nöqtəsi olan şah əsərinin mündəricatında "bizim məqsədimiz mexanikanın pərakəndə formada olan toxumlarını aksiomatik Evklid həndəsəsinin torpağında əkməkdir" yazıb. Bu ideya müasir dünya elmlərinin inkişaf prinsipidir. Riyazi prinsiplərə əsaslanmadan təbiət elmlərinin inqilabi sıçrayış etməsi mümkün deyil. Buna görə də hər bir cəmiyyətin, hər bir ölkənin gələcək inkişafı məktəb və universitetlərdə riyaziyyatın tədris səviyyəsindən çox asılıdır.
- Kolmoqorov riyazi probleminin həlli necə baş verdi? Bu proses barədə ətraflı məlumat verərdiniz.
- Kolmoqorov XX əsrin ən böyük riyaziyyatçılarından sayılır. Universal təfəkkürə malik olan Kolmoqorovun qoyduğu açıq məsələlərin həlləri müasir riyaziyyat elminin ən mühüm nəzəriyyələri sırasındadır. Onun 1928-ci ildə Moskva Dövlət Universitetinin ehtimal nəzəriyyəsi seminarında qoyduğu məsələnin tam həlli 2008-ci ildə dərc olunmuş "Diffuziya tənliyi üçün sonsuzluqda Viqner meyarı" adlı elmi məqaləmdə verilib. Bu elmi iş təbiətdə olan təsadüfi proseslərlə, deterministik, yəni dəqiq proqnozlaşdırıla bilən proseslər arasında olan dərin əlaqənin dərk edilməsinə doğru atılan bir addımdır. Şəxsi zəmində mənim üçün bu məsələni həll etmək Kolmoqorov və Viqner kimi böyük alimlərin, məcazi mənada desək, çiyinləri üzərində durub sonsuzluqda mütləq həqiqətə bir nəzər salmaqdır.
- Yaponiyanın Okinava Elm və Texnologiya Universitetində (OETU) Analiz və xüsusi törəməli diferensial tənliklər bölümünə rəhbərlik edirsiniz. Bu universitet və elmi qrupunuz haqqında nə deyə bilərsiniz?
- OETU 2011-ci ildə Yaponiya dövləti tərəfindən dünya elminin aparıcı mərkəzlərindən biri olmaq məqsədilə ilə yaradılıb. 2022-ci ildən həmin universitetə Analiz və xüsusi törəməli diferensial tənliklər (XTDT) bölümünün rəhbəri kimi qoşuldum. Yarandığı qısa müddətə baxmayaraq universitet doğrudan da dünyanın mötəbər elm mərkəzlərindən birinə çevrilib. Elmi qrupum postdoktoral alimlər və doktoral tələbələrdən ibarətdir. Bölmənin əsas məqsədi XTDT-nin ifadə etdiyi təbiət hadisələrini əks etdirən riyazi prinsipləri aşkar və təhlil etməkdir.
- Xüsusi törəməli diferensial tənlik nədir?
- XTDT anlayışı həm fundamental, həm də tətbiqi riyaziyyatın mərkəzində durur. Zaman və fəzada dəyişən obyektlər XTDT-lə təsvir olunur. Məsələn, havanın temperaturu istilikkeçirmə və ya diffuziya tənliyi adlanan XTDT ilə təsvir olunur. Enerji generatoru, elektrik mühərrikləri, simsiz rabitə kimi texnologiyalar Maksvell tənlikləri adlanan XTDT sistemi ilə təsvir olunur. Ümumi nisbilik nəzəriyyəsində Eynşteyn sahə tənlikləri fəzanın həndəsi strukturu ilə kütlə, enerji, moment, gərginlik kimi fiziki konseptlərin əlaqəsini ifadə edən qeyri-xətti XTDT-lər sistemidir.
- XTDT-nin insan həyatına nə kimi faydaları var? Başqa məqalələrinizdə qeyd etdiyiniz kimi, bu sahənin xərçəng xəstəliyinin erkən diaqnozunda böyük irəliləyiş etmək potensialı var. Bunu sadə dillə izah etsəniz, xərçəng xəstəliyinin diaqnozunda rolu konkret olaraq nədir? Bu istiqamətdə nə kimi addımlar atılır?
- Elmi bölməmizin məşğul olduğu layihələrdən biri dünyanın əsas tibbi problemlərindən olan xərçəng xəstəliyi ilə bağlıdır. Xərçəng şişlərinin erkən aşkarlanması effektiv müalicə üçün çox vacibdir. Bu məqsədlə təklif etdiyimiz yeni üsul elektrik impedans tomoqrafiya (EİT) və XTDT-nin optimal idarəetmə nəzəriyyəsinə əsaslanır. EİT metodu bədənə göndərilən kiçik bir cərəyanın nəticəsi olan gərginliyi ölçməklə bədənin elektrikkeçirmə faktorunu müəyyənləşdirməyə çalışır. Təklif olunan metod xərçəng şişlərinin elektrik keçiriciliyinin sağlam toxumada iki dəfə artıq olmasına əsaslanır. EİT texnikası ilə ölçülən gərginlik əsasında "Potensial tənliyi" adlanan XTDT üçün elektrikkeçirmə əmsalını tapmaqla yetişməkdə olan xərçəng şişləri erkən müəyyənləşdirilir. Hazırda bu layihənin xərçəng xəstəliyi ilə ixtisaslaşan tibbi mərkəzlərdə tətbiq olunması üzərində işlər gedir.
- Əsas fəaliyyətiniz Azərbaycandan kənarda olsa da ölkəmizdəki elmi təşkilatlar və ya alimlərlə hər hansı əməkdaşlıq və ya kommunikasiya mövcuddurmu?
- Təəssüf ki, hazırda mövcud deyil. Ümid edirəm ki, gələcəkdə bu cür əlaqələr qurulacaq. Arzum gələcəkdə Azərbaycanın gözəl guşələrindən birində OETU kimi bir elmi mərkəzin yaranmasını görməkdir.