“Əgər Nəsimi bu gün yaşasaydı, …” – Səadət Şıxıyeva – MÜSAHİBƏ
18:49 Müsahibə"Ənənə daxilində öz ənənəsini yaratmaq - bu, Nəsiminin sənətkarlıq xüsusiyyətini səciyyələndirən ən mühüm cəhətlərdən biridir"
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığı əsrlərdir ki, təkcə Azərbaycanda deyil, bütün Şərqdə böyük maraqla öyrənilir. Onun poeziyası fəlsəfi dərinliyi, bədii gözəlliyi və cəsarətli fikirləri ilə bu gün də tədqiqatçıları cəlb etməyə davam edir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Nəsimi irsinin araşdırılmasına həsr olunmuş dəyərli əsərlərin müəllifidir. O, uzun illərdir ki, şairin lirikasına, mürəkkəb fəlsəfi görüşlərinə və poetik dilinə işıq tutur. Nəsiminin yaradıcılığının incəliklərini dərindən bilən Səadət xanımla bu möhtəşəm irs və onun müasir dövr üçün əhəmiyyəti barədə geniş müsahibə apardıq.
Səadət xanım, Nəsiminin lirikasını tədqiqə yönəlməyinizə səbəb nə oldu və bu mövzuda sizi ən çox cəlb edən tərəf hansıdır?
- Nəsiminin ədəbi şəxsiyyəti və poetik düşüncəsinə marağım hələ universitet illərində başlamışdı. Səbəbini çox sonralar müəyyənləşdirdim: şairin mürəkkəb fəlsəfəsi, cazibəli dili və o dövrdə haqqında mövcud ədəbiyyatın azlığı. Bizə orta çağ ədəbiyyatı fənnini tanınmış alim rəhmətlik Əlyar müəllim Səfərli tədris edirdi. Çox tələbkar və zəhmli müəllim olduğundan tapşırdığı elmi və bədii əsərlərin hamısını oxuyub icmalını tutmuşdum. Elə o illərdə də bu boyda görkəmli mütəfəkkirin haqqında Azərbaycanda çox az yazıldığı və ciddi boşluqların olduğunu müəyyən etdim və qəti qənaətim bu sahədə yetişmək, mövcud boşluğu aradan qaldırmaq oldu.
-"Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər" kitabınızda araşdırdığınız əsas məsələlər və gəldiyiniz ən mühüm nəticə hansıdır?
- "Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər" kitabının bünövrəsi də tələbəlik illərimdə qoyuldu. "Nəsimi sənətkarlığı" mövzusundakı diplom işim əl yazısı ilə 70 səhifə olmuşdu. Amma icazə verilən son həcm 50 səhifə olduğundan mən də bir fəsli ixtisar etməli oldum. Daha sonralar həmin o tələbə işi 1988-1990-cı illərdə yazdığım namizədlik dissertasiyasının müəyyən bir qismini təşkil etdi. Makinada 200 səhifəlik dissertasiya işinin təqribən 30 səhifəsini həmin tədqiqat təşkil etdi. 2019-cu ildə - Nəsimi ilində isə artıq həmin dissertasiyanın daha geniş, daha təkmilləşdirilmiş və həcmi artırılmış variantını kitab şəklinə saldım. Bu getdikcə təkcə həcmi artmayan, həm də məzmunu dolğunlaşdırılan araşdırmalarda hansı məsələləri diqqət mərkəzinə çəkdim sualınıza belə cavab vermək istərdim ki, mənə qədərki və sovet dövrü araşdırmalarında Nəsimi şeirində yer alan bir çox ənənəvi təsəvvüf termin və motivləri hürufilik terminləri və motivləri kimi dəyərləndirilir və qarışıq salınırdı. İlk olaraq, ənənəvi təsəvvüf məcazları və spesifik hürufilik terminləri arasındakı sərhədi müəyyən etməyə çalışdım, bunun üçün onun yaradıcılığında xüsusi yeri olan "iki cahan", "can" və "cahan", "hicab", "ağızın yoxluğu" və s. kimi məcazların irfani düşüncəyə bağlılığını və Nəsimi şeirində kəsb etdiyi yeni anlamları faktiki material əsasında dəyərləndirməyə cəhd etdim. Bundan başqa, Nəsiminin şair şəxsiyyətinin başlıca göstəricisi onun bəlağət (poetika) elminə bələdliyi və bu əsasda yenilik axtarışlarıdır. Orta çağın bəlağət elmi sahəsində yazılmış əsərləri əsasında Nəsiminin söz sənətkarlığındakı yerini qiymətləndirməyə çalışdım. Nəticədə onun ilk qələm təcrübələrində şeir texnikasına daha dəqiq riayət etdiyini, amma zaman keçdikcə, söz sənətində püxtələşdikcə ənənəvi çərçivəni aşdığını, ənənə daxilində öz ənənəsini yaratdığını və ya eksperimental xarakterli poetik forma və fiqurlara meylləndiyini üzə çıxardıq.
-Nəsiminin yaradıcılığında "hürufilik" fəlsəfəsinin rolu barədə çox danışılır. Sizcə, bu fəlsəfə onun poeziyasına necə güc və orijinallıq qatdı?
- Çox maraqlı bir mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Bəli, təsəvvüflə yanaşı, bir sıra digər təlimlərin də təsiri ilə meydana çıxan hürufilik Nəsimi şeirində fərqli bir rəng qazandı. Qənaətim belədir ki, əgər Nəsimi hürufilik təliminə bağlanmasaydı, azərbaycanlı oxucu bu təlimin varlığına bu qədər maraq göstərməzdi... Ərəb tarixçisi Abbas Əzzavinin də qeyd etdiyi kimi, hürufiliyi unudulmaqdan xilas edən, ona uzunömürlülük verən Nəsimi olmuşdur. Zənnimcə, hürufilik olmasaydı, onun yaradıcılığı bu qədər əsrarəngiz və cəlbedici olmazdı. Hürufiliyin say və hərf mistisizmi, simvolikası, mübhəm, sirli kimi görünən ideyaları və s. Nəsimi şeirinə fərqli düşüncə qatları qazandırdı. Hürufiliyin bir sıra ideya, motiv və məcazlarına bəzən lirizm, bəzən təsəvvüf ideyalarının sintez edilməsi şairimizin bədii irsini həm digər hürufi müəlliflərin, həm də digər təsəvvüf və divan ədəbiyyatı nümayəndələrinin yaradıcılığından fərqləndirdi. Bu mənada hürufilik təliminin Nəsiminin bədii və fəlsəfi düşüncəsinin fərqlilik kəsb etməsində xüsusi çəkisi vardır.
-Azərbaycan filologiyasında klassik irsin öyrənilməsinə yanaşmada hansı boşluqları görürsünüz və onların aradan qaldırılması üçün nə etmək lazımdır?
- Azərbaycan klassik ədəbiyyatının öyrənilməsində olan boşluqların bəzisi ümumiyyətlə, filologiya elminin bu gün üzləşdiyi problemlərlə bağlıdır.Mətn təhlilində mövcud qəlibləri əsas almaqla mətni təhlil etmə, mətni kontekstdən ayıraraq, müəllifi öz subyektiv mülahizələrinin ifadəçisinə çevirmə cəhdi, xarici ədəbiyyatşünaslığın qənaət və nəticəsini Azərbaycan üçün yenilik adı ilə tərcümə və ya icmal etmələr, özünəqədərki və ya çağdaşı müəllifləri, təəssüf ki, inkar yolu ilə özünü təsdiqləmə təşəbbüsləri, plagiat anlayışının sərhədinin itməsi, saxta pionerlik - ilk cığır açma iddiaları və s. ümumi bəla və elmi inkişafın qarşısında ciddi əngəllərdəndir. Bundan başqa, bir sıra mətnlər təkrar-təkrar öyrənildiyi halda, bir sıra şairlərimizin ədəbi mirası natamam öyrənilib. Məsələn, Qaraqoyunlu və Ağqoyunlu dövrü şairlərinin ədəbi mirası, Seyid Əzim və Zakirin farsdilli yaradıcılığı, Mehdiqulu xan Vəfanın bədii irsi və s. indiyədək natamam öyrənilmişdir.
-Bugünkü Azərbaycan oxucusu üçün Nəsimini oxumağın əhəmiyyəti nədir? Sizcə, onun fikirləri çağdaş dövrdə də aktualdırmı?
- Nəsimi çağında alim, arif, övliya və hürufi kimi nüfuz sahibi olmuş və sevilmişdi. Onun sözünün təsiri çağında da güclü idi, bu gün də təravət və dəyərini qoruyur. Doğrudur, onun haqqında bəhs etdiyi mövzular çağının insanının dini, fəlsəfi, irfani düşüncəsini və ədəbi zövqünü nəzərə almaqla yazılmışdı. Amma elə mənəvi-əxlaqi dəyərlər var ki, dəyişmir. Çağdaş oxucu da Nəsiminin əsərlərindən öz bilik və zövqünə görə təsirlənə və faydalana bilər. Nəsimi hansı əxlaqi dəyərləri təlqin edir: insanın Allahın sevimli bəndəsi olduğunu, insanın Allahı sevdiyi kimi, Allahın da yaratdığı bəndəsini sevdiyini, bütün kainatda gözəllik və kamilliyin nişanələrinin mövcudluğunu, pis vərdişlər və xislətlərdən (yalançılıq, nəfsinə aludə olma, ikiüzlülük, hiyləgərlik və s.) xilas olmağı və s. Bu kimi əxlaqi-mənəvi dəyərlərin zaman və ya məkan hüdudu yoxdur və hər zaman aktualdır.
Gənc tədqiqatçılara klassik poeziyanı araşdırmaqda hansı tövsiyələri verərdiniz?
- Gənc tədqiqatçılar daha çox çağdaş ədəbiyyatı öyrənməyə meyllənirlər. Bunun da başlıca səbəbi orta çağ şeirinin tədqiqində Şərq dillərindən ən azı birini bilmənin şərt olması, orta çağ şeirinin çoxyönlü və çoxqatlı olması, səbr və fədakarlıqla uzun müddətli axtarış aparmağı tələb edir. Bu da bəzən gəncləri bu ağır zəhmətin qarşısında geri çəkilməyə vadar edir. Amma klassik irsin öyrənilməsi tədqiqatçı qarşısında yeni üfüqlər də açır, onun tədqiqatını məhəlli xarakterli olmaqdan çıxarır və onun dünya elmi və ədəbiyyatşünaslığında yer tutmasına şərait yaradır. Bu mənada ciddi tədqiqatçı olmaq istəyən gənclərə insanı daha zəngin düşüncə dünyasına yönləndirən klassik ədəbiyyatı öyrənməyi məsləhət bilərdim.
-Əgər Nəsimi bu gün yaşasaydı, sizcə, hansı mövzulara qələm uzadardı və müasir cəmiyyətə nə deyərdi?
- Zənnimcə, Nəsimi bu gün yaşasaydı, yenə də öz təbiətinə zidd getməyərək, ruhi-mənəvi azadlığı, nəfsinə qalib gəlməyi, insanı yüksəldən ali dəyərləri təlqin edərdi. Əsrlər, dövrlər keçdikcə mədəni, sosial və ya ədəbi tələblər müəyyən dəyişikliyə məruz qalsa da, dəyişməz olan əbədiəxlaqi-mənəvi dəyərlər, elm və təhsil sahəsində, ictimai münasibətlərdə mövcud olan ümumbəşəri problemlər var. Təbii ki, bu məsələlər onun diqqətini cəlb edər, öz dövründə olduğu kimi cahilliyi tənqid edər, kamil insan ideyasının təbliğatçısı olaraq daha çox bu ideyanı təbliğ və təlqin edərdi.
-Nəsimi irsinin dünya ədəbiyyatşünaslığı kontekstində tanıdılması istiqamətində hansı addımlar vacibdir?
- Nəsimi irsinin tədqiqinin dünya elmi və ədəbiyyatşünaslığı tərəfindən qəbul olunması və onun tərkib hissəsinə çevrilməsi üçün şairin ədəbi şəxsiyyəti həmin kontekstdə dəyərləndirilməli,nəsimişünaslıq məhəlli xarakterli olmaqdan çıxaraq, dünya elmi fikrinin axarına salınmalıdır. Bunun üçün beynəlxalq layihələr çərçivəsində şairin dünya kitabxanaları və şəxsi kolleksiyalarda olan əsərləri toplanmalı, müxtəlif ölkələrin elm adamlarının iştirakı ilə kollektiv monoqrafiyalar yazılmalı, dəyərli araşdırmalar xarici dillərdə nəşr və təbliğ edilməlidir. Amma hazırda qarşıda duran birinci məsələ mütəfəkkirimizin müxtəlif ölkələrdə mövcud olan əsərlərinin müəyyən edilməsi, ciddi xarici elm adamları ilə birgə tərtibi və nəşri, davamında ciddi elmi təhlillərin ortaya qoyulmasıdır. Bu istiqamətdə işlər görülərsə, dünya ədəbiyyatşünaslarının diqqəti bu sahəyə daha artıq cəlb edilə bilər.
Sevda Dəniz