Yaxın illərdə də Xəzər dənizinin səviyyəsinin azalması davam edəcək- MÜSAHİBƏ

Rövşən Abbasov: "İnsanların davranışlarında müəyyən dəyişikliklərə ehtiyac var. Evlərində və tarlalarında suya qənaət etsinlər, lazımsız əkinlər aparmasınlar ki, çaylardan alınan suyun miqdarı azalsın və beləliklə Xəzər dənizinə daha çox su daxil olsun"

Xəzər dənizi hazırda səviyyə azalmaları və su balansının pozulması ilə ciddi şəkildə üzləşir. Son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, iqlim dəyişmələri, çay axınlarının azalması və səmərəsiz suvarma texnologiyaları dənizin səviyyəsinə mənfi təsir göstərir. Bu isə yalnız ekologiyaya deyil, həm də region ölkələrinin iqtisadiyyatına və kənd təsərrüfatına əhəmiyyətli təsir göstərir. Buna görə də Xəzərin qorunması üçün texnoloji tədbirlərin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ictimai məlumatlılığın artırılması vacibdir.

Mövzu ilə bağlı suallarımızı  Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert  Rövşən Abbasov cavablandırdı.

- Rövşən müəllim, Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ən pessimist və ən optimist ssenarilər nələrdir? Hər iki halda hansı nəticələrlə üz-üzə qala bilərik?

- Son illərdə Xəzər dənizinin səviyyəsi ilə bağlı verilən proqnozların əksəriyyəti  bədbin  xarakter daşıyır. Bu proqnozlara görə, Xəzərin səviyyəsi 18 metrədək enə bilər. Nisbətən optimist yanaşmalara əsasən isə, dənizin səviyyəsində dövrlük müşahidə olunur və bu səbəbdən müəyyən vaxtlarda səviyyə azalır, müəyyən vaxtlarda isə artır. Lakin elmi fikirlərin çoxluğu pessimist proqnozları dəstəkləyir. Buna görə də böyük ehtimalla yaxın illərdə də Xəzər dənizinin səviyyəsinin azalması davam edəcək.

- Xəzər dənizində baş verənlər dünya miqyasında digər qapalı su hövzələrinin (məsələn, Aral dənizi) taleyini xatırladır.Xəzər dənizinin səviyyəsinin azalması hansı əsas təbii səbəblərlə bağlıdır? İqlim dəyişikliyi bu prosesdə hansı rolu oynayır?

- Təbii ki, Xəzər dənizinin səviyyəsinin azalmasında iki əsas səbəbi nəzərə almalıyıq. Birinci səbəb iqlim dəyişmələridir. Belə ki, hava temperaturunun yüksəlməsi nəticəsində  bir tərəfdən dənizin səthindən buxarlanma artır, digər tərəfdən isə dənizə daxil olan çay axınlarında azalma müşahidə olunur.

- Qazaxıstan Prezidenti Tokayevin təklif etdiyi kimi, "Su Problemlərinin Təhlili Mərkəzi"nin yaradılması real nəticələr verə bilərmi?

- Əlbəttə, Qazaxıstan prezidentinin təklifi maraqlı görünür. Bununla yanaşı qeyd etməliyəm ki, Xəzərin səviyyə tərəddüdləri ilə bağlı kifayət qədər elmi tədqiqatlar mövcuddur. Elmi tədqiqatların nəticəsi olaraq Xəzərə daxil olan suların artırılması istiqamətində tövsiyələr işlənə, dənizin səviyyəsini optimal həddə saxlamaq və baş verən dəyişmələrə uyğunlaşmaq üçün təkliflər hazırlanaraq təqdim oluna bilər. Hər bir halda bu təşəbbüs maraqlı görünür və əgər bu sahəyə vəsait ayrılarsa, bəlkə də həmin istiqamətdə işləri sürətləndirmək mümkün olar.

Lakin burada əsas şərt ondan ibarətdir ki, Xəzərin səviyyəsinin qorunması üçün onun su balansı təmin edilməlidir. Bunun üçün ölkələr arasında su kvotaları müəyyən olunmalıdır. Xüsusilə, Volqa çayı hövzəsində Rusiyanın ərazisindən götürülən suyun həcmi azaldılmalıdır. Əks halda real nəticəyə nail olmaq mümkün deyil, çünki  Xəzərə daxil olan suyun böyük əksəriyyəti məhz Volqadan gəlir. Bu isə tamamilə Rusiyanın iradəsindən asılı olan bir məsələdir. Üstəlik, Rusiyanın özündə də ciddi çətinliklər mövcuddur və çay axınlarının tənzimlənməsi ilə bağlı problemlər yaşanır.

Yaxın günlərdə belə bir xəbər də yayıldı ki, Volqa-Xəzər kanalının dərinləşdirilməsi işləri dayandırılıb. Çünki kanalın daha da dərinləşdirilməsi zəruridir, lakin bu proses çox baha başa gəlir. Artıq Xəzərin səviyyəsinin enməsi ilə əlaqədar Volqa çayından Xəzər dənizinə gəmilərin daxil olmasında ciddi problemlər yaranıb. Bu səbəbdən kanalın dərinləşdirilməsi işləri aparılırdı, lakin Rusiya bu layihədən imtina etmək niyyətindədir.

Rusiyanın imtina qərarının əsas səbəbi ondan ibarət ola bilər ki, artıq bu işdə perspektiv görmürlər. Əslində isə yaxşı olardı ki, məsələ daha kompleks şəkildə araşdırılsın. Yəni, əgər Volqa çayının suyu bərpa olunsa və bir neçə il ərzində Xəzərin su səviyyəsində artım müşahidə edilsə, bu kanalın saxlanılması üçün tələb olunan maliyyə xərcləri də azalardı.

- Sizin fikrinizcə, texnoloji innovasiyalar (su ehtiyatlarının idarə olunması, süni biohabitatların yaradılması və s.) Xəzərin ekoloji problemlərinin həllində praktik ola bilərmi? Qlobal iqlim dəyişikliyi fonunda Xəzər probleminin həlli üçün hansı beynəlxalq institutların və ya texnologiyaların cəlb edilməsi daha real görünür?

- Hazırda Xəzər dənizinin xilas edilməsi üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Məsələn, "Xəzərin maviləşdirilməsi" adlı layihəni qeyd edə bilərəm ki, bu layihəyə Azərbaycanın təşəbbüsü ilə Türkmənistan və Qazaxıstan da cəlb olunub. Lakin bununla kifayətlənmək olmaz, daha genişmiqyaslı tədbirlərin görülməsinə ehtiyac var. Bu prosesə beynəlxalq maliyyə qurumları və donorlar da cəlb edilməlidir. Xəzərin xilas edilməsi istiqamətində daha böyük və konkret layihələrin reallaşdırılması vacibdir. Əlbəttə, yaxın vaxtlarda bu sahədə daha iri addımların atılması da mümkündür.

- Azərbaycan ictimaiyyətinin Xəzərin ekoloji böhranı barədə məlumatlılıq səviyyəsini necə qiymətləndirirsiniz? İnsanların davranışında hansı dəyişikliklər vacibdir?

- Azərbaycan ictimaiyyətinin məlumatlılıq səviyyəsinə gəlincə, ümumilikdə məlumatlılıq mövcuddur, lakin insanların davranışlarında müəyyən dəyişikliklərə ehtiyac var. Çox maraqlı sualdır: Xəzəri xilas etmək üçün insanlar nə edə bilər? Əsas məsələ su balansının bərpası, suvarma texnologiyalarının təkmilləşdirilməsi və suvarma işlərinin daha effektiv aparılması ilə bağlıdır. İnsanların rolu ondan ibarət ola bilər ki, onlar daha məlumatlı olsunlar, evlərində və tarlalarında suya qənaət etsinlər, lazımsız əkinlər aparmasınlar ki, çaylardan alınan suyun miqdarı azalsın və beləliklə Xəzər dənizinə daha çox su daxil olsun.

Bununla yanaşı, yerli təcrübələrin üzərində də ciddi düşünmək lazımdır. Kənd təsərrüfatını sürətlə optimallaşdırmaq və susuz kənd təsərrüfatı imkanlarını Azərbaycanda araşdırmaq vacibdir. Bu sahədəki imkanlar sayəsində Xəzərə axan çaylardan götürülən suyun miqdarını azaltmaq mümkündür.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31