Azərbaycanın geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyəti artır

Mütəllim Rəhimli: “Azərbaycan Respublikasının da regional məsələlərdə müəyyən qədər öz fikrini ifadə etmək imkanı qazandığını deyə bilərik”

Son həftələr regionda diplomatik hərəkətlilik artmaqdadır. Xüsusilə, bu sahədə Rusiyanın aktivliyi özünü göstərir. Bir neçə gün ərzində Rusiyanın baş naziri, baş nazirin müavini, eləcə də xarici işlər nazirinin Azərbaycanda səfədə olması Kremlin Azərbaycan, eləcə də Cənubi Qafqazla bağlı müəyyən planlarının olduğundan xəbər verirdi. Elə irəli sürülən ehtimallar da özünü çox gözlətmədi. Belə ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Azərbaycana səfəri ərəfəsində Bakıda yeni bir əməkdaşlıq formatı ətrafında görüşlərə start verildi. Belə ki, Rusiya, Azərbaycan və İran xarici işlər nazirləri Bakıda üçtərəfli əməkdaşlıq formatı müəyyən etdilər. Bəs görəsən sözügedən fomatda əməkdaşlıq Moskva, Bakı və Tehran üçün nə vəd edir? Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün beynəlxalq məsələlər üzrə ekspert, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı görüşü regionda yeni bir əməkdaşlıq üçün nə vəd edir?

-İran regional dövlətdir. Hətta sanksiyalar dövründə də bütün maneələrə baxmayaraq İran regonda baş verən proseslərə kifayət qədər fəal təsir göstərir, onun istiqamətləndirilməsində rol oynayırdı. Özünün siyasi və iqtisadi blokadasına baxmayaraq Əfqanıstanda, Fələstində, Yəməndə, Suriyada və s. ölkələrdə biz bu ölkənin prosesləri nə qədər idarə etdiyini müşahidə edə bilirdik. Maraqlıdır ki, sanksiyalar götürüldükdən sonra İran bir dəfə də olsun özünün daxili və xarici siyasətində eyforiyaya yol vermədi. Əslində ola bilsin ki, İrana qarşı sanksiyaların aradan qaldırılmasında əsas niyyət onu Rusiyaya qarşı qoymaq idi. Yəni regionda maraqları toqquşan iki güclü dövləti üz-üzə qoymaqla zəiflətmək məqsədi güdülə bilərdi. Lakin proseslərin inkişafı göstərir ki, əksinə bu ölkələrin maraqları ehtimal edildiyi qədər də toqquşmur. Regional və beynəlxalq məsələlərdə əksər hallarda bir-birinə dəstək verirlər. Ona görə də Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü regionda ortaq mövqeyin tapılması istiqamətində təqdirəlayiq addımdır. Bu iki ölkə arasında yerləşən Azərbaycanın görüşə dəvət edilməsi
respublikamızın geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyətinin qiymətləndirilməsindən doğur. Artıq Azərbaycan Respublikasının da regional məsələlərdə müəyyən qədər öz fikrini ifadə etmək imkanı qazandığını deyə bilərik.

-Bu əməkdaşlıq regionun təhlükəsizliyi, regional münaqişələrin həllində əhəmiyyətli rol oynaya bilərmi?

- Təbii ki, üç ölkənin regionda əməkdaşlıq etməsi müəyyən məsələlərin həllində ortaq mövqelərin əldə edilməsi üçün yaxşı şanslar yaradır. İlkin olaraq bu dövlətlərin regional siyasətlərinin uzlaşdırılması lazımdır. İranla Rusiyanın bu sahədə maraqları daha çox üst-üstə düşdüyü halda Azərbaycanın fəqli maraqları var. Xüsusilə, Ermənistan və Türkiyəyə münasibətdə. Ona görə də xarici işlər nazirlərinin görüşünün nəticələrini daha böyük miqyasda qiymətləndirmək çətindir. Ancaq Rusiya və İranın əməkdaşlığının inkişafının daha da genişləndirilməsinin Azərbaycandan asılılığını nəzərə alaraq hesab etmək olar ki, Dağlıq Qarabağ münaqişəsində biz bu iki dövlətlə ortaq dil tapa bilərik.

-Türkiyənin də bu əməkdaşlıq formatına cəlb edilməsi nə dərəcədə mümkündür. Çünki bundan əvvəl Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri arasında əməkdaşlıq müzakirə mövzusu idi?

- Hazırda Türkiyənin bu formata qoşulmasının perspektivi görsənmir. Əvvəla Rusiya ilə Türkiyənin münasibətləri kifayət qədər gərgindi. Hələlik bu münasibətlərdə yumşalma meyllərini hiss etmək mümkün deyil. Digər tərəfdən, İranla Türkiyənin də regional maraqları arasında kəskin ziddiyyətlər var. Üstəlik, hər iki ölkə regional nüfuz uğrunda mübarizə aparır və maraqları da tez-tez toqquşur. Təkcə Suriya məsələsinə münasibəti göstərmək kifayətdir ki, onların maraqlarının nə qədər bir-birinə zidd olduğunu görəsən. Bundan başqa Rusiya da Türkiyənin bölgədəki proseslərə təsirini arzuolunan hesab etmir. Onun üçün İran daha cəzbedicidir və hazırda da bir çox məsələlərə münasibətdə təbii olaraq eyni mövqeni bölüşürlər.

-Tərəflər ümumilikdə regionda hansı istiqamətlərdə birgfə əməkdaşlıq edə bilərlər? 

-Yeganə olaraq Azərbaycan Türkiyə ilə İran, eləcə də Rusiya arasında münasibətlərin yaxşılaşdırılması üçün çətin missiyanı yerinə yetirə bilər. Ancaq bu elə də böyük sahələri əhatə etməyəcək. Çünki onların toqquşan maraqları strateji hədəflərin əldə edilməsi cəhdlərindən qaynaqlanır. Azərbaycan yalnız Dağlıq Qarabağ probleminin həllində bu ölkələrlə ortaq mövqenin tapılmasına nail ola bilər. Bundan sonra Türkiyənin də regiona nüfuz uğrunda sakit dayanmayacağını və yeni variantlar axtaracağını ehtimal etmək olar. Ona görə də bunun üçün ən yaxşı format Türkiyə, Gürcüstan, Azərbaycan xarici işlər nazirlərinin görüşünün olduğunu düşünürəm. Bu formatın baş tutması gələcəkdə Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri arasında artıq başlamış əməkdaşlıqla birləşdirilə bilər. Bu isə regionda sabitliyin yaranması və sülhün qorunmasına böyük tövhə olar.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31