İtən göyərçin - HEKAYƏ

Qonşumuz Mirdamədin quşxanası bütün məhəllədə məşhur idi. Alaqapıdan boylanan kimi həyətin o başında olan quşxananın yuxarı hissəsində iri hərflərlə yazılmış "Qushxana of Mirdaməd" sözləri uzaqdan adamın diqqətini cəlb edirdi. Oxucular ingilis dilində olan bu ifadəni Mirdamədin uluslararası miqyasa çıxmaq istəyi kimi dəyərləndirməsinlər. Onda belə fərasət nə gəzirdi?! O, sadəcə hamıdan fərqlənmək istəyirdi, ona görə də bu adı seçmişdi. Deyəsən ingilis dilində bildiyi yeganə söz elə həmin "of" sözü idi.

Bu andıra qalmış quşxana biz məhəllə cavanlarını bu dünyaya gəlməyimizə peşman etmişdi. Belə ki, Mirdaməd ilin hər fəslində quşxananın yerini dəyişirdi. Belə hallarda küçədə dayanıb bizi güdürdü. Görən kimi də:

-Qərdeşimsiz, bir dənə əl yetirin quşxanənın yerini dəyişim.

Quşxana də ki, nə quşxana, daş ağırlığında. Hər dəfə onun yerini dəyişdirəndə bir həftə belimizin ağrısıından şikayət edərdik.

Yaşı 50-ni keçmiş bu adam heç bir işlə məşğul olmurdu. Atasından qalma tör-töküntü ilə dolanırdı. Hər gün səhər saat 10-da quşları buraxır, saatlarla gözlərini göyə dikib quşlara baxırdı. Axşamdan quşxananın yanında basdırdığı arağı çıxardıb "pənco-pənco" vura-vura quşları göydə seyr edirdi. Onun ən xoşagəlməz cəhəti o idi ki, seyidliyi ancaq içəndən sonra yadına düşürdü. İçib dəm olandan sonra peyğəmbər nəslindən olması ilə öyünürdü. Biri ilə mübahisə edəndə deyərdi:

-Cəddimə and olsun, mənim quşlarım 8 saatdan tez qayıtmazlar. Lyuboy oğlanla özünüasdıdan "spor"edirəm.

Mirdamədgilin 25 sota yaxın iri həyətləri var idi. Burada iki qardaş yaşayırdılar. Doğma qardaşı ilə pişik-siçan kimi rəftar edirdi. Aralarında 5-6 ilə qədər fərq olardı. Amma bu fərqlilik heç hiss olunmurdu. Acı zəhər olan və heç kimi bəyənməyən bu tip qardaşı ilə elə danışırdı elə bilərdin ki, bir küçə adamı ilə danışır.

Bir dəfə məhəllədə uşaqlarla oturub şirin-şirin söhbət edirdik. Hava təzə-təzə qaralmağa başlamışdı. Uzaqdan bir qaraltının bizə tərəf gəldiyini gördük. O idi. Heyf ki, gec tanıdıq, əkilə bilmədik. Bizim hamımız onun eyni sözlərindən təngə gəlmişdik. Çünki, o, nədən danışırdısa axırda söhbəti fırladıb ya quşdan, ya da quşxanadan salırdı. Yaxınlaşıb özünəuyğun bir tərzdə salam verdi.

-Neeeeynirsüz?

Biz də məhəlləmizin qaydası ilə:

-Çox sağ ol, Allah canıvızı sağ eləsin, siz necəsiniz?

O, buna bəndmiş kimi söhbətə başladı. İkinci dünya savaşından gəldi Qarabağ savaşına, getdi Rusiyaya, gəldi Bakıya. Qısası, bizim yanımızda olduğu müddətdə bir neçə ölkəyə səyahət edib gəldi. Keçdi əsgərliyə.

-İndiki uşaqlar əsgərlik etmir ki... Mən əsgərliyə könüllü getmişdim. Qolum atdan yıxılanda sınmışdı. Ona görə Hərbi Bölmədə məni müayinədən keçirdilər və dedilər ki, sən orduya yaramırsan. Mən isə təkid elədim.

-Yox, cənab polkovnik. (Mirdaməd hərbi rütbələrdən ancaq polkovniki tanıyırdı. Ona görə də onu müayinəyə aparan kapitanı polkovnik zənn etmişdi). Elə bildi, onu ələ salıram. Daha bilmirdi ki, o mənim əlimə yerləşməz. (gülür). Çox təkiddən sonra məni əsgər apardılar. İki il Xabarovskda əsgərlik etdim.

Biz hamımız onun yalan danışdığını bilirdik. Çünki, onun cəmi 3 ay əsgərlik etdiyini və bilərəkdən ayaqlarını dondurub "komisavat" olduğunu məhəlləmizdə bilməyən yox idi. Amma o, bu yalanları o qədər məharətlə danışırdı ki, onu tanımayan qıraq bir adam buna asanlıqla inanardı. Bu da bir məharət idi. Bir başqası özünün doğru sözünü heç belə məharətlə danışa bilməzdi. Biz bu zəhlətökən söhbətdən yaxa qurtarmağa çalışır, aradan çıxmaq üçün bəhanə axtarırdıq. Nəhayət ki, bəxt üzümüzə güldü. Mirdamədin 13 yaşında olan oğlu (Mirdaməd çox gec evlənmişdi və uşaqları balaca idi) hasarın üstündən boylanıb:

-Ata, əbrəş xəstələnib, dən yemir.

Mirdaməd bunu eşitcək həyətə yüyürdü və bizim də canımız qurtardı.

Yenə bir gün quşxananın yerini dəyişdirmək lazım oldu. Mirdaməd məhəllə cavanlarından 2-3 nəfəri bir yerə yığıb söhbətlə onların başını qatır, daha bir neçə nəfərin gəlməsini gözləyirdi. Heç kimi tapa bilməyəndə isə həmin bir-iki nəfər də uzun müddət gözləyə bilmədiklərindən dağılışıb çıxıb getdilər. Mirdaməd özü demiş itə dönmüşdü. Quşxana isə çox böyük idi (daha o böyüklükdə kişinin quşxanası balaca olmazdı ki,) və onu qaldırmaq üçün ən azı 8-10 nəfər lazım idi.

Qısası, səhəri düz saat 10 tamamda Mirdaməd qapımızın ağzını kəsdi. Küçədə məndən başqa daha 3 adam yığılmışdı. Aradan çıxıb getməyək deyə bizi həyətinə çəkdi. Quşxananın yerini dəyişdirməkdə atasından daha çox cənfəşanlıq edən oğlunu (Miramədin oğlu da bərk quşbaz idi, atasının quşlarından başqa özünün də 100 dənə quşu vardı. Və o, iddia edirdi ki, onun 100 quşunu tamam yad bir adamın min quşuna qatsan o, öz quşlarını tanıyır və bir-bir seçib götürəcək. Biz hamımız onun bu qabiliyyətinə heyran idik) bacısı oğlunu çağırmaq üçün göndərdi. Az sonra o da gəlib çıxdı. Mirdamədin qardaşı Seyidəli istixanada işləyirdi. O, səs eşidib ordan çıxdı və bizə sarı gəldi. Həyətə səpilmiş quşları görcək ağzı açıldı. Qardaşının ünvanına bir neçə xoşagəlməz söz dedi. Kənar adamların həyətə girməsini heç xoşlamayan Seyidəli yaman hirslənmişdi:

-Ay başınıza dönüm, həyətdə quş əlindən yer yoxdur. Sizin əlinizdən parnik əkib uşaqlarım üçün 5-10 manat çörək pulu qazana bilmirəm.

Bizim quşxananın ətrafında toplaşmağımızdan məsələnin mahiyyətini anladı. Qardaşına üz tutub salamsız-kəlamsız:

-Ay qərdeş, sənə qurban olum, bu quşxananın yerini nə qədər dəyişərlər axı. Xarabanı birdəfəlik bir yerdə saxla qalsın da. Dəqiqəbaşı o yana, bu yana döndərməyin nə mənası var axı? Camaatı da avara eləmisən. Yaxşı deyil axı.

Mirdamədi qardaşının quşxanaya xaraba deməsindən od götürdü.

-Kəs səsini. Səndən soruşan olmadı ayın neçəsidi. Başını sal aşağı, işini gör. Adam böyük qardaşının üzünə qayıtmaz.

-Deyəcəm indi böyük qardaşın da... Heyf ki uşaqlar var.

Gördüm ki bir az da keçsə qırğın başlayacaq. Tez söhbəti dəyişdim.

-Mirdaməd əmi, biz tələsirik, bəlkə başlayaq quşxananı çəkməyə.

Qısası bu andıra qalmış quşxananı torbaların üstü ilə birtəhər sürüşdürüb həyətin o biri küncünə yerləşdirdik. Yorğunluqdan qollarımızı qaldıra bilmirdik. Az qalmışdı, yerə yıxılaq. Quşxananın yeni yerindən məmnun görünən Mirdaməd:

-Çox sağ olun, uşaqlar. Əziyyət verdim. Haqqınızı halal edin. Allah sizi var eləsin.

Biz də cavabında:

-Dəyməz, qonşu. Heç bir əziyyəti yoxdu. Borcumuzdur. Halal olsun haqqımız. Allah sizi də var eləsin.

Biz Mirdaməddən ayrılıb alaqapıya yetişməkdə idik ki, o, arxamızca səsləndi.

-Gəlin, çaya qonaq olun.

Bu dəfə cavabını mən verdim.

-Yox, qonşu, sağ ol. Şaddıqlarda, inşallah.

Bax Mirdaməd belə Mirdaməd idi.

Amma bizim qəhrəmanımızın özəllikləri tək bunlarla bitmir. Məsələn, onun heç orta savadı olmasa da, özünü hamıdan savadlı sayırdı. Hansı elmdən mübahisə gedirdisə o, dərhal həmin müzakirəyə qoşulur. hər elmə aid bildiyi bir-iki cümlə ilə onlarla mübahisə edirdi. Sifət cizgiləri də eynən Mirzə Cəlilin Xudayar bəyinə oxşayırdı. Onunla qohumluğu vardı deyəsən.

Mənim Mirdaməddən qətiyyən xoşum gəlməzdi. Ona görə yox ki, o, məni tez-tez köməyə çağırırdı. Və ona görə də yox ki, o, acı adam idi. Heç bir yerdə işləməyən bu adam özünü də, ailəsini də özü demiş "bir babat" dolandırırdı. Hər gün bir şüşə araq onun norması idi. Qarasına olmazın söyüşlər yağdırdığı atası onun üçün hər cür şərait yaratmışdı. Atası sağlığında şəhərdəki dükanlarını satıb hər iki qardaş üçün ev tikmişdi. Onları evləndirib ailə sahibi etmişdi. Qardaşı da özü kimi nankor idi. Onların atalarına qarşı sayğısızlığı mənim ürəyimi ağrıdırdı. Heç yadımdan çıxmaz. Bir dəfə ataları ala qapının ağzında oturub atamla söhbət edirdi. Yaxınlıqda qoyun otaran nəvəsini səslədi.

-Get nənəyə de, bizimçün iki stəkan çay göndərsin.

Bir neçə dəqiqədən sonra Mirdaməd küçə qapısını aralayıb atasına acıqlandı:

-Başqa bir arzun, istəyin yoxdur? İstəyirsən yorğan-döşək gətirək yat, elə qal küçədə.

Mən bir kənarda dayanıb telefonda oynayır və atamın bir qulluğu olar deyə onlardan bir neçə metr aralı durub gözləyir və istər-istəməz bu söhbəti eşidirdim. Tez evə gəldim və onlara çay apardım. Bütün bunlara görə idi ki, mənim özlərini seyid adlandıran bu qardaşlara heç bir rəğbətim yox idi.

Mirdamədin bəd əməlləri bunlarla bitsəydi nə vardı ki. Məhəlləmizdə quş saxlayanlar onun əlindən təngə gəlmişdilər, Peşmandı biri bir quş uçursun, Mirdaməd dərhal "xam, xam" deyə quşlaranı uçurub həmin andaca onu tuturdu. Bu minvalla o, qonşulardan bir neçəsinə quş saxlamağı tərgizmişdi və bununla fəxr edirdi. Bütün günü başı göydə idi. Ona görə də adını boynu əyri Mirdaməd qoymuşdular. Bəzən onun havaya uçurduqları quşlar günlərlə yoxa çıxırdı, Amma bu Mirdaməti qətiyyən narahat etmirdi. Çünki, onun quşları cəld idilər və hara uçsaydılar qayıdıb gəlirdilər.

Bir gün məhəllədə əsil mərəkə başlandı. Biz hamımız hövlnak küçəyə çıxdıq. Mirdamədin ən çox sevdiyi boynugüllü göyərçin quşxanadan yoxa çıxmışdı. O, bu işdə oğlunu təqsirkar bilərək əlindəki bel dəstəsini ona tulladı. Uşaq bir andaca cəpəri aşıb yoxa çıxdı.

Bu hadisədən bir həftə keçmiş məhəllədə danışdılar ki, Mirdamədi məsciddə namaz qılan görüblər. Çaşıb qaldım. Boynugüllünün qayıtmadığını görən Mirdaməd kitab açdırmaq üçün məscidə gedir. Molla da bunu fürsət bilib Mirdamədi din-imana qaytarmaq istəyir:

-Allah səni sınağa çəkir. Sən tövbə et, namaz qıl, bəlkə göyərçinin qayıtdı.

Sevimli boynugüllü üçün doğma atasından belə üz döndərməyə hazır olan Mirdaməd belə də etdi. İçkini tərgitdi, başladı namaza. Hər şey bir anın içidə dəyişdi. Biz bütün məhəllə sakinləri buna sevindik. Maraqlısı onda idi ki, namazını qılıb qurtaran kimi qaçırdı bayıra, göyə baxırdı ki, bəlkə göyərçini qayıtdı.

Lakin Mirdamədin "möminliyi" cəmi bir həftə çəkdi. O, göyərçinin qayıtmadığını görüb mollanın var-yoxuna bir neçə qəliz söyüş söydü və yenidən içməyə başladı.

Bir neçə gündən sonra bəlli oldu ki, sən demə boynugüllü göyərçini quşxanadan Seyidəlinin oğlu oğurlamış, Sabunçu bazarında bir lal ördəyə dəyişmişdi. Mirdamədi isə bundan xəbərsiz idi. O, hələ də üzünü göylərə tutub boynugüllünü gözləyirdi.

Yeqzar Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31