İrəvanın “iki stul” siyasətinin sonu: Avropa seçimi hakimiyyətin sonunu gətirə bilər? – ÖZƏL

Bişkekdə Nikol Paşinyan və Vladimir Putin arasında keçirilən görüş Rusiya-Ermənistan münasibətlərindəki böhranı aradan qaldırmayıb. Politoloq Suren Surenyantsın fikrincə, əsas problem İrəvanın Aİ-yə inteqrasiya kursu tutduğu halda, eyni zamanda Aİİ-nin iqtisadi güzəştlərindən faydalanmaq istəyidir. Moskva isə İrəvanın Avropaya inteqrasiyasını maliyyələşdirmək niyyətində olmadığını açıq bəyan edir. Aİ-yə üzvlük haqqında qanunun qəbulu və referendum keçirmək tərəddüdləri Paşinyan hakimiyyətinin manevr imkanlarını kəskin məhdudlaşdırır.

Moskva Aİİ güzəştlərini ləğv edərsə, Ermənistanı nələr gözləyir? Paşinyan Avropa seçimi ilə Rusiya təzyiqləri arasında hansı kompromisə gedəcək?

"Bişkekdə Nikol Paşinyan və Vladimir Putin arasında keçirilən görüşü hamı gördü. Bu görüş iki ölkə arasında böhranın aradan qalxmadığını və mən deyərdim ki, hətta bir qədər də kəskinləşdiyini göstərdi. Çünki görüşdən sonra artıq Rusiya rəsmiləri də bu münasibətlərlə bağlı mövqe bildiriblər. Bu gün Vladivostok Şərq İqtisadi Forumunda da bu məsələyə münasibət bildirilib".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, açıq şəkildə Ermənistana göstərilir ki, əgər Avropa Birliyini seçirsənsə, Avrasiya İqtisadi İttifaqı ilə bağlı bütün güzəştlər Ermənistan üçün ləğv ediləcək. Hətta xüsusi olaraq qeyd edildi ki, bu, Ermənistanın suveren seçimidir. Amma bu seçimi edərsə, sözsüz ki, Avrasiya İqtisadi İttifaqı ilə bağlı güzəştlər Ermənistana tətbiq edilməyəcək. Bu isə Ermənistan üçün çox ağır iqtisadi zərbə ola bilər. Çünki Ermənistanın Avropa Birliyinə üzvlüyü hələlik yalnız bir strategiya kimi qəbul olunub. Amma bir strategiya kimi qəbul olunması onun həyata keçirilməsi demək deyil. Bu proses çox uzun çəkə bilər. Mən bunu dəfələrlə qeyd etmişəm: Avropa Birliyi hər hansı bir ölkəni üzvlüyə qəbul etmək üçün uzun müddət onu özündən asılı vəziyyətdə saxlayır. O vaxta qədər ki, həmin ölkədə Avropa Birliyinin bütün maraqları tam şəkildə təmin olunsun. Bu baş verməyənədək müxtəlif bəhanələrlə ölkəni namizəd statusunda saxlayır və üzvlük prosesini uzadır. Biz bunu Türkiyənin timsalında görmüşük. Ukraynanın timsalında görürük. Balkan ölkələrinin timsalında da bunu müşahidə edirik. Yəni Avropa Birliyi müəyyən ölkələri özündən asılı vəziyyətdə saxlamaq və öz maraqlarını həmin ölkələrdə diktə etmək üçün bu prosesi bir vasitə kimi istifadə edir.

Ekspertin fikrincə, Ermənistanı ağır iqtisadi şərait gözləyə bilər. Hətta bu iqtisadi vəziyyət, bu iqtisadi böhran elə bir həddə çata bilər ki, siyasi böhrana çevrilsin. Siyasi böhrana çevrilərsə, Paşinyan hakimiyyəti üçün çox ağır nəticələr doğura bilər. Bu gün reallıq ondan ibarətdir ki, Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri son dərəcə vacibdir. Ermənistan büdcəsinin yarısından çoxunun formalaşmasında bu iqtisadi münasibətlərin rolu var. Ermənistan məhsulları əsasən Rusiya və Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin bazarlarında satılır. Bütün bu güzəştlər də məhz Ermənistanın həmin ittifaqın üzvü olması ilə bağlıdır. Hətta Bişkekdə Putinlə Paşinyan arasında keçirilən görüşdə Putin açıq şəkildə bildirdi ki, Avropada qazın 1000 kubmetrinin qiyməti 600 dollardır, amma Rusiya Ermənistana qazı 170 dollara satır. Bununla da işarə verdi ki, əgər sən başqa seçimi edərsənsə, Rusiyadan qazı artıq indiki güzəştli qiymətlə deyil, bazar qiymətinə alacaqsan. Yəni bu, artıq açıq təsir və təzyiq vasitəsidir. Burada Avropa seçimi ilə Rusiya arasında hansı kompromisdən danışmaq olar? Paşinyan bu günə qədər iki stolda oturaraq oyun oynaya bilirdi. Amma artıq Rusiya bunu qəbul etmir və qəti şəkildə mövqe ortaya qoyur. Ona görə də hesab etmirəm ki, Paşinyan bundan sonra iki tərəflə paralel oynayaraq hansısa kompromisə gedə bilsin. Burada artıq müəyyən şərt qoyulub. Ermənistan referendum keçirməlidir. Başqa güzəşt yolu görünmür. Referendum vasitəsilə müəyyən olunmalıdır ki, Ermənistanın seçimi Avropa Birliyidir, yoxsa Avrasiya İqtisadi İttifaqı. Paşinyan isə əmindir ki, Avropa Birliyi məsələsi ilə bağlı referendumda məğlub ola bilər. Məhz buna görə də referendum keçirməyə tələsmir. Baxın, Paşinyanın partiyası seçkilərdə 49 faiz səs toplamışdı. Amma referendumda Avropa Birliyi məsələsi üzrə hətta bu qədər dəstək əldə etməyə bilər. Məncə, Paşinyanın və onun partiyasının tərəfdarları referendumda daha az səs toplaya bilərlər. Təsəvvür edin ki, xalqın 50-51 faizi Avropa Birliyi seçiminə "yox" deyir. Bu halda Paşinyanın Avropa Birliyi ilə bağlı bütün strategiyası tamamilə iflasa uğramış olar. Bu, həm də Paşinyanı hakimiyyətə gətirən və onu dəstəkləyən qüvvələrin özünün Paşinyana təzyiq vasitəsinə çevrilə bilər. Mən burada artıq kompromis yolu görmürəm. Kompromis yolu yalnız ondan ibarət ola bilər ki, Paşinyan Avropa Birliyi sevdasından əl çəksin. Amma mən hesab etmirəm ki, Paşinyan bunu edəcək. Ona görə də yeganə yol Paşinyana təzyiq göstərərək referendumun keçirilməsinə nail olmaqdır. Məqsəd isə referendum vasitəsilə Paşinyanın Avropa Birliyi strategiyasına birdəfəlik son qoymaq ola bilər. Mən başqa bir kompromis yolu görmürəm.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31