Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir? - ÖZƏL

"Trampın açıqlamalarına inanmış olsaydıq, İranın çoxdan "fatihəsini oxumaq" lazım gələrdi. ABŞ Prezidenti Donald Tramp hələ ötən il İranın hərbi və nüvə potensialının darmadağın edildiyini, iqtisadiyyatının isə çökdüyünü bəyan etmişdi. Lakin sonrakı proseslər, atılan addımlar, verilən açıqlamalar və ortaya çıxan faktlar göstərdi ki, İran heç də Trampın təqdim etdiyi kimi çıxılmaz vəziyyətdə deyil."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün də Hörmüz boğazından keçidin tamamilə Amerikanın nəzarətində olması ilə bağlı açıqlamalar öz təsdiqini tapmır. Əgər həqiqətən belə olsaydı, İranın Hörmüz boğazından neft keçidini məhdudlaşdırması mümkün olmazdı və dünya bazarları müharibədən əvvəlki səviyyədə, yəni gündə təxminən 20 milyon barrel nefti bu marşrut vasitəsilə qəbul edə bilərdi. Lakin fakt ondan ibarətdir ki, dünya nəinki 20 milyon barrel, hətta gündəlik 1 milyon barrel nefti belə Körfəz ölkələrindən Hörmüz boğazı vasitəsilə əvvəlki həcmdə ala bilmir.

Bu baxımdan, səsləndirilən bəzi açıqlamalar Hörmüz boğazında baş verən real proseslərdən daha çox ABŞ-ın həm daxili auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə ünvanladığı siyasi mesajları əks etdirir.

Tramp sonuncu dəfə İrana qarşı uzunmüddətli və ağır iqtisadi sanksiyalar taktikasına üstünlük verəcəyini bildirmişdi. Lakin daha sonra, bu ayın əvvəlində İrana qarşı yenidən hərbi zərbələr endirməyə üstünlük verildi. Bu da göstərir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq siyasəti gözlənilən nəticəni verməyib və Vaşinqton yenidən hərbi vasitələrə müraciət etmək məcburiyyətində qalıb.

Bu prosesin iki istiqamətdə təsirlərini görürük. Bir tərəfdən, hərbi qarşıdurma fonunda neft qiymətlərinin müəyyən qədər yüksəlməsi ABŞ üçün iqtisadi baxımdan müəyyən üstünlüklər yarada bilər. Digər tərəfdən isə ABŞ-ın İrana qarşı elan etdiyi, Trampın ifadəsi ilə desək, "öldürücü" iqtisadi sanksiyaların lazımi nəticəni verməməsi hərbi təzyiqin yenidən gündəmə gətirildiyini göstərir.

Digər mühüm məqam isə ABŞ-ın İranı iqtisadi cəhətdən tamamilə çökdürmək məqsədilə tətbiq etdiyi son sanksiyalara beynəlxalq səviyyədə gözlədiyi dəstəyi ala bilməməsidir. Xüsusilə G7 ölkələrinin bu məsələdə tam həmrəy mövqe nümayiş etdirməməsi diqqət çəkir. Çin isə ABŞ-ın siyasətinə açıq şəkildə müqavimət göstərdi. Digər ölkələrdən də Vaşinqtonun gözlədiyi səviyyədə dəstək gəlmədi.

Avropa ölkələrinin Trampın İrana qarşı son sanksiyalarını dəstəkləyəcəklərini bəyan etmələrinə baxmayaraq, praktikada Avropadan da lazımi səviyyədə dəstək görünmədi. Bir sıra analitiklərin fikrincə, Avropanın bu məsələdə ABŞ-a müəyyən dəstək verməsi İran siyasətindən daha çox Ukrayna məsələsində Vaşinqtondan dəstək əldə etmək məqsədi daşıyan siyasi gediş kimi qiymətləndirilə bilər.

Bütün bunlar göstərir ki, yalnız Trampın açıqlamalarına əsaslanaraq ABŞ-İran münasibətlərindəki real vəziyyət barədə dəqiq təsəvvür formalaşdırmaq kifayət qədər çətindir. Əsas reallıq isə Hörmüz boğazında neft keçidinin hələ də müharibədən əvvəlki səviyyəyə qayıtmamasıdır.

Hörmüz boğazının hazırda kimin nəzarətində olmasından asılı olmayaraq, fakt budur ki, boğazdan neft keçidi əvvəlki həcmdə həyata keçirilmir. Bu isə öz növbəsində ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyi barədə səsləndirilən iddiaların real vəziyyətlə uzlaşmadığını göstərir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31