Paşinyanın erməni dilində çıxışının arxasında hansı mesaj dayanır? - ÖZƏL

"Şanxay Əməkdaşlıq Təşkilatında faktiki olaraq əsas ünsiyyət dillərindən biri rus dilidir. Çünki təşkilatda təmsil olunan dövlətlərin əksəriyyəti, Çin və Hindistanı istisna etsək, rus dilindən istifadə edir. Azərbaycan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərində rus dilinin geniş yayılması nəzərə alınarsa, həmin platformada rus dilində çıxış etmək kifayət qədər məntiqli və təbii görünür. Azərbaycan Prezidenti də çıxışını rus dilində etdi və burada bizim üçün narahatlıq doğuran hər hansı məqam yoxdur."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin Nikol Paşinyanın məhz erməni dilində çıxış etməsi, məncə, müəyyən siyasi mesaj daşıyırdı. Kobud desək, bu, Rusiyaya qarşı bir növ "dirsək göstərmək", yəni Ermənistanın artıq beynəlxalq platformalarda Rusiyanın üstünlüyünü əvvəlki kimi qəbul etmədiyini nümayiş etdirmək cəhdi idi. Hesab edirəm ki, Paşinyan bu çıxışı ilə məhz belə bir mesaj verməyə çalışdı.

Burada sual yarana bilər ki, Azərbaycan niyə eyni addımı atmır? Bunun səbəbi çox sadədir: Azərbaycanın buna ehtiyacı yoxdur. Azərbaycan artıq özünü beynəlxalq müstəvidə təsdiqləmiş, müstəqil siyasət yürüdən və mövqeyini dünyaya sübut etmiş dövlətdir. Bizim özümüzü kiməsə ayrıca göstərməyə və ya təsdiqlətməyə ehtiyacımız yoxdur.

Ermənistan üçün isə vəziyyət bir qədər fərqlidir. Ermənistan özünün müstəqil siyasət yürüdə bildiyini və müxtəlif beynəlxalq platformalarda ayrıca mövqeyə malik olduğunu göstərməyə daha çox ehtiyac duyur. Bu baxımdan Paşinyanın erməni dilində çıxışını Rusiyaya verilmiş müəyyən siyasi mesaj kimi qiymətləndirmək mümkündür. Yəni Ermənistan növbəti dəfə Rusiyaya bir növ "diş göstərmiş" oldu.

Təbii ki, Paşinyanın Vladimir Putinlə görüşü zamanı rus dilində danışması isə tamamilə fərqli məsələdir. O, rus dilini bilir, Putin də rus dilində danışır və keçmiş sovet respublikalarının rəhbərləri ilə Rusiya rəhbərliyi arasında görüşlər zamanı rus dilindən istifadə edilməsi uzun illərdir formalaşmış praktikadır.

Ona görə də Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatındakı çıxışını yalnız dil seçimi kimi deyil, həm də müəyyən siyasi mesaj kimi qiymətləndirmək olar. Ermənistan bununla Rusiyanın üstün mövqeyini qəbul etmədiyini və özünü daha müstəqil şəkildə təqdim etmək istədiyini göstərməyə çalışdı."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31