Azərbaycan - ŞƏT münasibətləri Avrasiyada yeni imkanlar yaradır- ÖZƏL
12:42 Siyasət"Bişkekdə "ŞƏT plyus" formatında keçirilən görüşdə Prezident İlham Əliyevin çıxışı xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı Qırğız Respublikasının Prezidentinə dəvət və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Cənubi Qafqazda formalaşan yeni reallıqlardan danışdı. Prezident Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını 30 ildən artıq davam edən münaqişənin başa çatması baxımından mühüm hadisə kimi qiymətləndirdi. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, hazırda Ermənistanla ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atdığını vurğuladı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Bununla yanaşı dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icrasız qalmasını bildirərək gələcəkdə belə sənədlərin həyata keçirilməsi üçün səmərəli mexanizmlərin yaradılmasının vacibliyini qeyd etdi. Şübhəsiz ki, dövlət başçımızın bu mötəbər tribunadan səsləndirdiyi fikirlər böyük maraqla dinlənildi, xüsusi diqqət və rəğbətlə qarşılandı. Prezident çıxışında Azərbaycanın prinsipial mövqeyini aydın və sistemli şəkildə ifadə etməklə regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması ilə bağlı mühüm mesajlar verdi.
Beləliklə, Azərbaycan ŞƏT münasibətləri Avrasiyada yeni imkanlar yaradır. Ölkəmiz milli maraqlarını qorumaqla yanaşı qarşılıqlı etimad və faydaya əsaslanan əlaqələrin daha da inkişafında maraqlıdır. Bişkekdə keçirilən görüşlər ŞƏT üzvü dövlətlərinin Azərbaycana yüksək münasibətini və ölkəmizə olan etimadını bir daha nümayiş etdirdi. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ardıcıl və praqmatik siyasət yürüdərək etibarlı, məsuliyyətli və qarşılıqlı faydaya əsaslanan tərəfdaş olduğunu bütün dünyaya sübut edib".