İnsanların keyfiyyətli tibbi xidmət almaq imkanları genişlənəcək- ÖZƏL

"TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilk növbədə onların əməyinin daha yüksək qiymətləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və peşə fəaliyyətinə əlavə stimul yaradılmasına xidmət edir. Bununla yanaşı, bu addım səhiyyə sisteminin qarşısında duran daha geniş məqsədə-əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsinə yönəlib". "Olaylar" xəbər verir ki, bunu Milli Məcıisin deputatı Pərvin Kərimzadə deyib: "Yeni əməkhaqqı mexanizminin üstün cəhətlərindən biri müxtəlif ixtisas və vəzifələr üzrə çalışan tibb işçilərinin fəaliyyət xüsusiyyətlərinin nəzərə alınmasıdır. Əməkhaqqının müəyyənləşdirilməsində işçinin vəzifəsi, ixtisası, fəaliyyət göstəriciləri, göstərilən tibbi xidmətin xüsusiyyətləri, iş yükü və regionlarda kadr təminatı kimi amillərin nəzərə alınması daha obyektiv qiymətləndirmə mexanizminin formalaşdırılmasına imkan yaradır. Bu yanaşma xüsusilə səhiyyə sisteminin ən çox diqqət tələb edən istiqamətlərində çalışan mütəxəssislər üçün əhəmiyyətlidir. İlkin səhiyyə və ambulator xidmətlərin gücləndirilməsi, təcili tibbi yardım sahəsində çalışan mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması, eləcə də regionlarda ixtisaslı tibbi kadrlara olan tələbatın qarşılanması yeni islahatların əsas istiqamətlərindəndir. Xüsusi ixtisaslar üzrə çalışan həkimlər üçün yaradılan əlavə stimullaşdırıcı mexanizmlər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Uşaq anesteziologiyası və reanimatologiyası, neonatologiya, hemodializ və digər mühüm tibbi istiqamətlərdə çalışan mütəxəssislərin əməyinin daha yüksək qiymətləndirilməsi həmin xidmətlərin davamlılığının və keyfiyyətinin təmin olunmasına mühüm töhfə verə bilər. Səhiyyə islahatlarının mühüm hədəflərindən biri də regionlarla paytaxt arasında tibbi xidmətlərə çıxış imkanlarında fərqin minimuma endirilməsidir. Regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün tətbiq edilən əlavə ödəniş mexanizmləri ixtisaslı mütəxəssislərin bölgələrdə fəaliyyətə cəlb olunmasına əlavə imkan yaradır. Bu isə yalnız kadr probleminin həlli deyil, eyni zamanda insanların yaşadığı ərazidən asılı olmayaraq keyfiyyətli tibbi xidmət almaq imkanlarının genişləndirilməsi deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31