“O qadın həyatımın təsəlli həbidir” - YAZIÇIDAN ETİRAF

Dilqəm Əhməd: “Kitab oxumağın vaxtı keçir, biz gecikirik”

Yazıçı Dilqəm Əhməd ona ünvanlanan sualları cavablandırdı.

- Mətbuatda nəşr olunan maraqlı şeirləri və romanları ilə gündəmdə olan Dilqəm Əhmədin uşaqlıq həyatı barədə bilmək istərdik. O illəri yetərincə yaşayıbmı, necə idi?

- Qərbi Azərbaycanda doğulmuşam. 1988-ci ildə - 3 yaşım olanda məlum səbəblərdən ailəm və mən anadan olduğumuz torpaqları tərk etmək məcburiyyətində qaldıq. Sumqayıt şəhərində məskunlaşdıq. 10 il bu şəhərdə yaşamışam. Uşaqlığımın əsas illəri Sumqayıtda keçib. Orta təhsilimi də 7-ci sinifədək orada almışam. Uşaqlıq həyatım o dönəm üçün çox maraqlı idi. Sumqayıtda uşaqlıq dostum - qardaşımı itirdim. 90-cı illərdə uşaqların istədiyi, yaşamaq istədiyi hər şeyi yaşamışam. O illərin bir çox özəllikləri vardı ki, bu gün indiki uşaqlar onları dərk edə bilmirlər. Həmin illərdə kompüter oyunları yeni yaranırdı. Amma biz hələ də "Ənzəli", "Aşıq-aşıq" kimi məhəllə oyunları oynayırdıq. Dəyərlər dəyişdi, bilmirəm, bəlkə də dəyişdilər. İndiki uşaqlıq internet, kompüter oyunları - virtuallıqla çərçivəlidir. Bizim əhatəmiz daha geniş və həqiqi idi. 

- Şeirlərinizi daha çox kiməsə xitabən yazırsınız. Məsələn, Aytən Alpman, Türkan və Erota ünvanladığınız şeirləriniz bu silsiləyə aiddir. Yoxsa ki, ünvanlı şeirlər yazmaq daha rahatdır.

- Yazılan şeirlərin hamısı müxtəlif insanlara ünvanlanır. Sevilən qadın, dost, torpaq və digər məfhumlar var ki, xitab olunan əsas obyektlərdir. Aytən Alpmana gəlincə, o mənim həyatda ən sevdiyim sənətçidir. "İmtina" romanında da ondan bəhs etmişəm. Alpmanın yaşadığı həyat tərzi, mahnılarında toxunduğu mövzular və ifa üslubunu çox sevdiyimə görə, o qadın mənim özəl günlərimin təsəlli həbidir. Onu həmişə belə qiymətləndirmişəm. İnsanın psixoloji vəziyyəti yerində olmayanda, kədərli, həyatdan üzüntülü olanda müraciət etdiyi kimsəsi var. Belə anlarda mənim də müraciət etdiyim qadın Aytən Alpmandır.

- Alpmana yazdığınız şeirinizdə belə bir misra var: "Daha günahlar da ovutmur, şəhərin çirkin naxışını, Bir fahişə ilə dərdləşdim, sevgilimin baxışını". Məncə, izahı maraqlıdır.

- Cəmiyyətlərdə fahişələrə münasibət fərqlidir. Fahişə hamımız üçün əxlaqsız qadındır. Amma unutmayaq ki, istər dünyanın ən populyar adamları, istərsə də bizim hər gün gördüyümüz insanlar olsun həmişə fahişələrə meyilli olublar. Bunu heç kəs inkar edə bilməz. Şeirdə onu demək istəyirəm ki, insan həyatda tək qalanda, artıq heç kimə lazım olmadığı hissinə qapılanda fahişəyə belə müraciət edir. Bu normaldır, istənilən adam belə edir. 

- "Bütyonan" pritçası haradan gəldi? Bəy, onu deyim ki, fərqli süjet xətti var.

- Həyatda elə insanlar var ki, digərilərinin hansı situasiyada olması onlar üçün fərq eləmir. Məsələn, bir insan öz işilə məşğul olur, onun ətrafında müxtəlif hadisələr cərəyan edir, bunlar isə onu maraqlandırmır, ona təsir etmir. Tamamilə passiv, loyal münasibətdə qalır. Onun özünəməxsus həyat tərzi var, müəyyən çərçivədə yaşayır, ətrafda baş verənlər isə onluq deyil. "Bütyonan"da o insan əvvəlcə tamam başqa mühitin içərisində idisə, sonda hakimiyyət, ətrafında olan hər şey dəyişir, amma bunların hamısı ona təsirsiz ötüşür. Adlar dəyişir, məzmun isə yenə də dəyişməzdir. Cəmiyyətdə də bu cür passiv insanlar çoxdur, onlar baş verən dəyişikliklərlə tez razılaşırlar.

- "İmtina" romanınızda iki yazıçının acınacaqlı həyatından bəhs edirsiniz. Əsərə obraz seçimi edərkən məhz yazıçı üzərində dayanmısınız. 

- Yazıçı daha çox tanıdığı, yaxud da müşahidə etdiyi insanın həyatından yazanda o əsər daha uğurlu alınır, nəinki fantaziyalarına üstünlük verəndə. Əsərdə iki yazıçı obrazı var. Həmin qəhrəmanlar bizim tanıdığımız bir çox gənc yazar var ki, onların ümumiləşdirilimiş obrazlarıdır. Romanda iki yazıçının sevgi, şəxsi taleləri, həm də siyasi mübarizələri əks olunub. Sonradan onlardan biri mühacirət həyatı yaşamağa məcbur olur. Digəri isə səfil şəkildə öz həyatına davam edir. "İmtina"dakı gənc yazarlar Azərbaycan ədəbiyyatında yeni obrazlardır. Elə yazıçılar var ki, təlatüm içərisindədirlər, müxtəlif problemlərlə üzləşiblər, ortaya çıxa bilmirlər, gizlində qalırlar. Həmin problemi qabartmaq üçün romanda yazıçı xarakterinə üstünlük verməli oldum.

- Yazmaq istəmisiniz, amma alınmayıb, düşüncə kimi qalıb. Beyninizdə qələmə almaq istədiyini belə bir əsər süjeti olubmu?

- Hal-hazırda məndə iki roman mövzusu var. Vaxt probleminə görə başlaya bilməmişəm. Süjet xətti, obrazlarının hamısı hazırdır. Romanlar iki fərqli mövzulardan ibarətdir, biri müasir, digəri isə tarixidir. İkinci mövzu əski inancımız olan zərdüştiliyə inanan insanların həyatındandır. Süjet xətti Yusif Vəzir Çəminzəminlinin "Qızlar bulağı"ndan tamam fərqlidir. İnanıram ki, roman ərsəyə gəlsə marağa səbəb ola biləcək. 

- Çox vaxt belə olur, bir əsəri düşünmək onu yazmaqdan daha cəlbedici görünür. Yazanda da fərqlilik hiss olunur.

- İnsan düşüncəsində hər şey adətən ideal görünür. Yazmaq istədiyim əsərlər var ki, onların beynimdə qurduğum süjet xətti çox idealdır. Düşündüklərini olduğu kimi yazmaq çox istedad tələb edir ki, bəzi gənc yazarların çoxusunda bu keyfiyyət yoxdur.

- Dilqəm Əhmədin yaradıcılığına ümumi nəzər salsaq, bizə nələri təqdim edərdi?

- İlk kitabım olan "Bozqırdan uçuruma" 2011-ci ildə işıq üzü görüb, orada müxtəlif şeir və hekayələrim toplanıb. İkinci kitabım isə keçən il çap olunan "İmtina" romanıdır. Oktyabr ayında yeni şeirlər kitabımı nəşr etdirməyi planlaşdırmışam. Ümid edirəm ki, oktyabr ayının ortalarınadək hazır olacaq. Hal-hazırda bir elmi kitab üzərində çalışıram. Əsər Üzeyir Hacıbəyovun siyasi fəaliyyəti ilə bağlıdır. Bu da çox güman ki, 2014-cü ilin sentyabrınadək hazır olacaq.

- Ola bilsin ki, sizi maraqlandıran tamam başqa bir mövzu var. Buyurun.

- Son olaraq onu demək istərdim ki, naşirlər kitab satışı ilə bağlı məsələnin üzərində yenidən düşünsün. Kitab satışı ilə məşğul olan dükanların sayını çoxaltmaq lazımdır. Bazarda yeganə hegemon "Əli və Nino" mağazalar şəbəkəsidir. Bu isə müxtəlif yazıçıların kitablarını yaymaq üçün çox azdır. Bütün nəşriyyatların ayrıca satış mərkəzləri olsa daha yaxşı olar. Naşirlər kitab müəlliflərinə dəstək olmalı, televiziyalar kitab reklamı üzərində düşünməlidirlər. Kitab oxumağın vaxtı keçir. Biz gecikirik.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31