Kitabların, nağılların uşaqların həyatındakı rolu nədən ibarətdir?

“ “Xoxan gəldi, qaç” deməklə uşaqlarda qorxaqlıq hissini yaradaraq onları bu cür olmağa vadar edirik”

"Uşaqlara kitab alarkən nəyə diqqət yetirmək lazımdır?" "Azyaşlıda kitaba, nağıla marağı necə formalaşdırmaq olar" kimi digər sualları cavablandırmaq üçün psixoloq, pedaqoq Tünzalə Verdiyevaya müraciət etdik.

-İlk olaraq nağılların, kitabların uşaqlara təsiri haqda danışaq.

Kitab oxuyan, nağılların təsiri ilə böyüyən uşağın söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur. İnsanın bütün həyatı boyu əldə etdiyi onun qazancı hesab edilir. Buna görə, uşaq ikən müxtəlif nağıllara qulaq asmaq, hərfləri tanıdıqdan sonra mütailə ilə məşğul olmaq gələcəkdə daha da geniş lüğət ehtiyatına malik olmaq üçün faydalı təsirə malikdir. İnsan hər yaşda peşəsinə, yaşına uyğun mütaiələrlə məşğul olmalıdır. Kitabların ətrafında böyüyən uşaqlar 20-25 yaşa çatdıqda həyata baxışları, geniş dünyagörüşləri ilə yaşıdlarından kəskin fərqlənirlər. Azyaşlıların düzgün tərbiyəsi üçün uşaq ədəbiyyatı seçərkən valideyn övladının psixologiyasını da nəzərə almalıdır. Çalışmaq lazımdır ki, verilən məlumatlar ona mənfi təsir göstərməsin. Uşağın təxəyyülünün, söz ehtiyatının artması üçün mütəmadi olaraq onlara nağıl oxumaq lazımdır. Öncələr valideynlər bu məsələyə çox diqqətlə yanaşardılar. Lakin indiki uşaqlarla ünsiyyətdə olduqda onların çox az nağıl bildiklərini müşahidə edə bilərik. Azyaşlılar daha çox cizgi filmi çəkilən nağıllar haqda məlumatlı olurlar. Nənə-baba yanında böyüyən uşaqdan fərqli olaraq gənc ailədə böyüyən azyaşlılarda nağıla bir o qədər də maraq olmur. Bunun səbəbkarı da valideynlərdir. Nağıllar uşağın nitqinin formalaşmasında mühüm rol oynayaraq onda söz ehtiyatını artırır. Məsələn, o dəfə şəklə baxıb uydurma bir nağıl qoşaraq Əhmədin qoyunları örüşə apardığını söylədim. Uşaq ilk dəfə olaraq "örüş" sözünü eşitdiyi üçün bunun hansı məna daşıdığını dərhal soruşdu. Bundan başqa kitablar, nağıllar insanın bir şəxsiyyət kimi formalaşmasında, düşdüyü çətin vəziyyətlərdə necə çıxış yolu axtarmasında da mühüm rol oynayır. Elə "Cırtdan"ın nağılında da uşaqların həmrəyliyi, çətin vəziyyətdən necə xilas olmaları əksini tapır. Bundan başqa nağıllar vasitəsi ilə azyaşlılarda pis insanlara, pisliklərə qarşı nifrət hissi yaranır.

-Valideynlər kitab seçimi edərkən daha çox hansı amillərə diqqət yetirməlidirlər?

-Kitablar uşağın istiqamətinin düzgün müəyyənləşdirilməsində mühüm rola malikdirlər. Uşağa kitab alarkən daha çox onun yaş təbəqəsi nəzərə alınmalıdır. Hər yaş təbəqəsi üçün kitab bölgüsü olduğu üçün hər uşaq yaşına uyğun kitablar oxumalıdır. Yeniyetməlik dövründə olan uşaqlar üçün yazılan əsərləri nisbətən yaşca ondan kiçik olanların oxuması məsləhət deyil. Böyüklər üçün yazılan əsərləri oxumaq onlarda çox erkən oyanmaya səbəb ola bilər. Buna görə uşaqların bədii ədəbiyyat seçiminə müəllimlər və valideynlər diqqətlə yanaşmalıdır. Uşaqda kitaba maraq oyatmaq üçün valideynlər əksər hallarda al-əlvan, maraqlı dizaynı ilə seçilən kitablara üstünlük verirlər. Kitab da bir ticarət vasitəsi hesab olunur. Lakin valideyn kitab alarkən təkcə onun dizaynı ilə tanış olmalı deyil. Ümumiyyətlə kitabın üz qabığı da onun içindəkilər haqda məlumat mənbəyi olmalıdır. Lakin valideynlər dizayna diqqət yetirməklə yanaşı aldığı kitabın bir neçə səhifəsini vərəqləməklə onun haqqında az da olsa məlumat əldə edə bilər. Valideynlər ətraf aləm haqda bilgini uşağa məhz kitab yolu ilə daha asan başa sala bilər. Bu yolla azyaşlıda zaman və məkan anlayışı da formalaşdırmaq mümkündür. Şəkildəki ağacın qış fəsli olduğu üçün qara büründüyünü görən uşaq reallıqda da bu kimi hadisələrlə qarşılaşdıqda hansı fəslin olduğunu dərk edərək özündə zaman düşüncəsini yaratmış olur. Kitab və şəkillər vasitəsilə uşaqda məkan anlayışını da formalaşdırmaq olar. Məsələn, şəkildə topun harda olmasına baxaraq uşaq özündə məkan anlayışını formalaşdıra bilər. Topun stolun sağında, solunda və ya altında olması uşağa məkan anlaşıyını aşılayır. Və yaxud da uzun qısa xətlər vasitəsilə o hansının böyük, hansının daha kiçik olmasının fərqinə vara bilir. Bu cür dərsliklər uşaqların həyat haqda bilgi almasında mühüm rol oynayır. Uşaqlar televiziya vasitəsilə də bu kimi bilgilərə sahib ola bilərlər. Lakin bütün günü ekran qarşısında olmaq yorğunluq, zəiflik yaratdığı üçün bu amil azyaşlılarda müəyyən fəsadlar yarada bilər. Valideynlər şəkillər, kitablar vasitəsi ilə övladlarına hər şeyi başa salmağa çalışmalıdır. Onlar məktəbə getməmişdən öncə maraqlı kitablar oxumaqla onlarda özlərinəməxsus düşüncə tərzi formalaşdıra bilərlər. Uşağın biliyinin yoxlanılması üçün müxtəlif məntiqi testlərdən də istifadə etmək gərəkir. Hazırda uşaqların intellektual səviyyəsini yoxlamaq məqsədi ilə müxtəlif yaş hədləri üçün məntiqi, riyazi, şəkilli, ətraf aləmlə tanışlıq adı altında testlər hazırlanıb ki, bu da azyaşlıların biliklərinin yoxlanılmasına kömək edir. Valideynlər də övladlarının zehni inkişafı üçün bu cür testlərə böyük maraq göstərirlər.

-Uşaqda kitaba maraq necə və kim tərəfindən oyadılmalıdır?

-Nağıllara, rəngarəng kitablara maraq valideynlər və tərbiyəçilər tərəfindən oyadılmalıdır. Son dövrlər yaradılan uşaq inkişaf mərkəzləri də bu sahədə uğurlu işlər həyata keçirərək azyaşlıların sosiallaşmasını, cəmiyyətə adaptasiyasını təmin edə bilir.

-Ümumiyyətlə azyaşlılar üçün daha çox hansı mövzular maraq doğurur?

-Uşaqlar keçmişdən daha çox gələcəklə maraqlanırlar. Başqa planetlərə getmək, gələcəyə səyahət etmək hər zaman onların maraq dairəsində olub. Lakin uşağın xəyallarında qurduğu o qeyri-real hadisələri müəyyən qədər ona başa salmaq lazımdır. Çünki uşaq ikən yaranan düşüncələr yaşa dolduqca da müəyyən qədər təsirini saxlamış olur.

-Azyaşlılar düşüncə tərzlərinə, hərəkətlərinə görə yaşıdlarından fərqlənir. Eləsi var ki, çox sorğu-sual edərək hər  şeyi öyrənməyə can atır, eləsi də var ki, hər şeyə laqeyd yanaşır, heç nəylə maraqlanmır...

- Elə azyaşlılar var ki, gördüyü hər şeyə maraq göstərir, çoxlu suallar verir. Lakin onlardan fərqli olaraq maraq dairəsi məhdud, ətrafında baş verənlərə laqeyd münasibət bildirən uşaqlar da az deyil. Belə olan halda valideyn övladında ətraf aləmə maraq oyatmaq üçün ona maraqlı, rəngarəng kitablar almalıdır. Kitab evdə olmalıdır ki, uşaqda da ona müəyyən maraq yaransın. Anaların böyük əksəriyyəti əl-ayağa dolaşmasın deyə uşaqların saatlarla televiziya önündə oturmasına maneə olmur. Hərdən bunun zərərli təsirləri haqda da düşünmək lazımdır. Yalnız cizgi filminə baxmaqla uşağın düşüncəsini formalaşdırmaq düzgün olmaz. Çünki cizgi filmlərində də həmişə yaxşı hisslər təbliğ olunmur. Bəzən terror, dəhşət, ölüm, qan və s. bu kimi uşaq yaşı üçün hesablanmayan kadrların efirdə yayımı onların gələcək psixologiyasına da mənfi təsir edir. Bu cür kadrlar gizli yolla da olsa uşağa şüuraltı təsir göstərir. Dəhşəti təbliğ edən belə cizgi filmlərinə baxan uşaqlar oyun oynayanda nəsə qırmaq, şəkil çəkəndə nəsə əzmək istəyir. Uşaqlar çəkdikləri şəkillərlə iç dünyaları haqda müəyyən məlumatlar verirlər. Buna görə, dərslərin birində uşaqlara gül çəkməyi tapşırmışdım. Tapşırığı yerinə yetirənlərdən birinin çəkdiyi gül çox solğun, həm də boynubükük idi. Sanki o bu yolla nəsə əzmək, məhv etmək istəyirdi.

-Hansısa cizgi filminə baxdıqda və ya hansısa nağılı oxuduqdan sonra baş verənlərin real olmadığını dərk edəndə uşaqda hansı hisslər formalaşa bilər?

F-antastik nağıllar və filmlər uşaq psixologiyasında keçici də olsa müəyyən dəyişikliklər yaradır. Məsələn, elə "Tıq-tıq" xanıma uşaqların müəyyən qədər ikrah hissi var. Nağılı oxuyarkən uşaqlar onun insan, ya heyvan olmasını ayırd edə bilmədiklərindən daha sonra Tıq-Tıq xanımın siçanla ailə həyatı qurmasın da qəbul edə bilmirlər. Buna görə nağılı oxuduqdan sonra azyaşlılar hadisələrin real olmadığını anlayaraq aldadıldıqlarını dərk edirlər. Türkiyə telekanallarının birində yayımlanan "Sehrli annem" serialında sehrli çubuq vasitəsi ilə insanın istədiyi hər şeyi edə bilməsi uşaqlarda müəyyən mənada da olsa buna inam yaratdı. Bu serial onu izləyən uşaqların psixologiyasında həqiqətən də dəyişiklik yarada bildi. Azyaşlı bu cür qeyri-real nüanslara inanmaqla müəyyən mənada yaşadığı həyatdan ayrılaraq özlüyündə nəyəsə gülümsəyərək əlinə aldığı çubuqla hansısa sehrli bir iş görməyə çalışır. Bu çox normaldır. Cizgi filmləri, izlədiyi maraqlı uşaq serialları onların hərəkətlərində, danışıq tərzlərində müəyyən qədər də olsa dəyişiklik yarada bilir. Lakin kənardan baxan birisi uşağın gülümsəyərək nələrsə etməsinə fərqli yanaşaraq onda müəyyən problemlərin olmasını söyləyə bilər. Fantastik filmlər, nağıllar müəyyən qədər də olsa uşağı real həyatdan təcrid edir. Bəzən böyüklərdə də fantastikaya maraq olur. Lakin azyaşlı üçün bunun zərərli olduğunu düşünməklə valideynlər onların mütəmadi olaraq bu cür filmlər izləməsinə maneə olmağa çalışmalıdırlar.

-Mütəmadi olaraq azyaşlılarla ünsiyyətdə olaraq onlara müəyyən tapşırıqlar verməklə həm də psixoloji durumlarını da yoxlaya bilirsiniz. Bu istiqamətdə hansı maraqlı hadisə haqda danışmaq olar?

-Dərslərin birində uşaqlara maraqlı bir tapşırıq verdim. Onlara mövcud olmayan bir şeyin rəsmini çəkərək ona ad verməsini tapşırdım. Öncə onlarda mövcud olmayan varlıqlar haqda məlumatlı olub-olmamalarını yoxladım. Onlar bundan xəbərdar olduqlarını deyərək, div, cin, su pərisi və s bu kimi uydurma təxəyyül məhsullarını misal olaraq çəkdilər. Daha sonra özləri də mövcud olmayan bir uydurma düşüncə məhsulunun şəklini çəkməyə başladılar. Əslində nağılla böyüyən uşaqlar öz təxəyyülünə, yaşam və düşüncə tərzinə uyğun  şəkil çəkərək iç aləmini biruzə verən müəyyən rəsmlər çəkdi. Amma təxəyyülü inkişaf etməyən, nağıl oxumayan uşaq bunu nə cür çəkəcəyini bilmədi. Tapşırığı yerinə yetirən uşaqlardan biri iri buynuzlu heyvan şəkli çəkmişdir. Heyvanın buynuzları içəriyə doğru əyilməklə ürək formasını almışdır. Uşaq yaratdığı şəkli "Kişot" adlandırmışdır. Bu şəkillə uşaq böyüklərə qarşı olan aqressiyasını ürəyinə saldığını göstərə bildi. O, şəkil vasitəsi ilə buynuz olmaqla özünün aqressiyasını, onun ürək formasını alması ilə isə hər şeyi ürəyinə saldığını ifadə etmişdir. Çünki bəzən müəllim və valideynlər uşağı başa düşməyərək onda nəsə dəyişiklik etməyə çalışırlar ki, bu da uşaqda əks reaksiya yarada bilir. Onun əsərinə bu cür ad qoymasının da həmin uşağın fikirləri ilə desək "mən kişiyəm, amma məni heç kəs qəbul etmir" kimi də başa düşmək olar. Biz uşağa testlər verməklə həm onun təxəyyülünü işə salırıq, həm də bu yolla onun problemlərini ortaya çıxara bilirik. Məsələn, uşağın çəkdiyi şəkildə heyvanın lələklərini aşağı istiqamətdə verməsi onun balacalara hörmətlə yanaşmasından xəbər verir. Bəzən uşağın yaratdığı obrazda çoxlu gözlərin olduğunu görə bilərik. Bu isə onda çoxlu aqressiya və qorxunun olmasından xəbər verir.

-Nağıllarda qorxulu məqamlar da az deyil. Məsələn, nağıllarda çox geniş işlənən "xoxan" sözü uşaqlarda müəyyən qorxulara səbəb olur. Sizcə, uşaqları bu yolla qorxutmaq nə dərəcədə düzgün ola bilər?

-Bu söz həm də valideynlərin də dilində tez-tez uşağı qorxutmaq məqsədi ilə işlədilir. Uşaqlar nəsə pis iş görərkən əksər valideynlər "xoxan gələcək" deyərək onları qorxudurlar. Bu düzgün deyil. Bu yolla onlar övladlarında qorxu hissini formalaşdırırlar. Valideynlər əksər hallarda həkimlərlə övladlarını qorxudurlar.  Nəsə olan kimi "həkimə deyəcəm ki, gəlib sənə iynə vursun. Özünü çox pis aparırsan" deməklə övladında həkimə qarşı həm qorxu, həm də nifrət hissini yaradır. Qorxudulan uşaq heç vaxt normal yata bilməz. Bu zaman onlar dəhşətli, vahiməli yuxular da görə bilərlər. Bu isə onun yuxu rejiminin pozulması, psixoloji gərginliklərinin yaranması ilə nəticələnə bilər. Türklər deyir ki, yağı gəldi bas, biz isə xoxan gəldi qaç deyirik. Buna görə, qardaş ölkədə orduya maraq daha böyükdür. "Xoxan" əslində bir düşmən obrazıdır. "Xoxan gəldi, qaç" deməklə uşaqlarda qorxaqlıq hissini yaradaraq onları bu cür olmağa vadar edirik. Bu gün zəhmətə alışmayan, ordudan yayınan uşaqlar elə xoxanın təsiri ilə böyüyən gənclərdir. "Polis gəldi", "xoxan gəldi" deyərək uşaqda qorxu hissini yaradaraq mübarizə əzmini məhv edirik. Biz təhlükə yaranarkən uşağı qaçıb gizlənməyə sürükləyirik. "Xoxan gəldi, qaç" deyimi yalnız bizdə var. Əks mövqedə dayanaraq uşağa çətinliklərə sinə gəlməyi öyrətməklə daha müsbət nəticələr əldə edə bilərik.

-Hazırda uşaqlar üçün heç bir fayda verməyən müəlliflər haqda fikirlərinizi bizimlə bölüşməyiniz də maraqlı olar.

-Hamı nağıl yazır, lakin hazırda yazılanlar bir o qədər də yadda qalmır. Hikmət Ziyanın, İvan Krılovun indiki təmsil yazarları yaza bilmir. Bu gün demək olar ki, təmsil yazan yoxdur. Ədəbiyyatın bu janrı artıq kölgədə qalıb. Bu haqda konkret müəllif adı çəkmək istəmirəm. Lakin valideynlərin böyük əksəriyyəti heç kəsin tanımadığı bir müəllifin təxəyyül məhsulunun uşaq kitabına salınmasının əleyhinədir.

-Uzun müddət bu işlə məşğul olan pedoqoq kimi uşaqlara daha çox hansı ədəbiyyatı oxumağı tövsiyə edərdiniz?

-Milli nağıllar daha çox humanizm, cəsurluq, qəhrəmanlığı təbliğ etdyi üçün belə əsərləri oxumaq uşaqlar üçün tovsiyə edilir. Məsələn, "Cırtdan"ın nağılında böyük uşaqların yaşca özlərindən kiçik olan cırtdana qarşı humanist, qayğıkeş yanaşması uşaqlara da özlərindən kiçiklərlə necə davranmağın lazım olduğunu göstərir. Nağılda qəhrəmanların birləşərək divi aldatmaları və ya işıq gələn tərəfə getmək, ya it hürən tərəfə getmək üçün ümumi qərar qəbuletmələri də uşaqlara birgə işin faydasını göstərmiş olur.  Hazırda yazılan müəllif nağıllarından daha çox  uşaqlara "Cırtdan", "Qoğal", "Turp"un nağılını oxumağı tövsiyə edirəm. Çünki bu nağıllarda humanizm, millilik əksini tapır. "Qoğal"ın nağılını uşaqlar da çox sevir. Bir çox hallarda bu nağılın təsirində qalan uşaqlar özlərini qoğal da adlandırırlar. "Turp"un nağılı da uşaqların tərbiyəsi üçün önəmli rola malikdir. Nağıl qəhrəmanları bütün güclərini birləşdirərək çətin bir işin öhdəsindən gəlməyi bacarırlar. Bu isə azyaşlılara hər zaman bir-birlərinə həmrəy olmaq hissini təbliğ edir.


Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31