“Maral...Maral...Maral...”

Allah Əbdürrəhim bəy Haqverdiyevə rəhmət eləsin !

 

                                                                                                                      Hafiz Mirzə

                                                                                             www.hafizmirza.com

Sevgili Vətənimiz Azərbaycan həqiqətən də Allah-təalanın xüsusi nəzərləri altında olan ölkələrdəndir. Nöşün ki, bu ölkədə nə qədər desən yeraltı sərvət  var. Amma torpağının üstünə bəxş olunan sərvəti daha çoxdur. Bunlar da olsun xalqımızın qəhrəman, alim, dahi, şücaətli, şöhrətli  övladları. Təkcə Şimali Azərbaycandan olan  yazarları sıralasaq sıranın uzunluğu və intellekt dərəcəsi Böyük Britaniyanın sərvətindən  iki-üç dəfə daha uzun, daha uca olar. Həmin yerüstü sərvətlərdən biri də XX əsrin əvvəllərinə aid olan yazıçı-publisist-dramaturq Əbdürrəhim bəy Haqverdiyevdir. Bu kişinin bir kitabı da "Marallarım" adlanır. Oxuyursan, görürsən ki, XXI əsrin əvvəlləri olsa da, yəni üstündən 100 il ötsə də bu şüşalı balasının  yazdıqları heç köhnəlməyib, qaldırdığı problemlər heç dəyişməyib. Dəyişən adlardır. Məsələn, Kərbəlayi Cahangir indi olub Cahangir Sultanzadə və ya  "tanınmış iş adam Cahangir bəy"!  Quldur Cəfərqulu olub "Oğru Cəfərqulu", Qoçu Əskər olub "Lotu Əskər" və sair.  Alimlərimiz isə elmlər namizədindən "... üzrə fəlsəfə doktoru"na çevrilib . Dedik ki, bu torpağın yerüstü sərvətləri zəngindir, yəni Allah-təbarək-bə təala, bizlərdən heç nə əsirgəməyib. Amma bizə azad şüur verdiyi üçün qalan bütün işləri öz ixtiyarımıza buraxıb. Yəni bu torpağı becərmək var, alaq otlarından təmizləmək var,..  Biz isə alaqları təmizləməkdə çox tənbəlik. Sanki dahilərimizi şərafətli etmək də, onları qorumaq da, "alaq otlarımızı" islah etmək də Allahın işi imiş. Ona görədir ki, indi də "alaq otları" kifayət qədər çoxdur. Hətta bu alaq otları o qədər böyəlib, ucalıb ki, əsil gül-çıçək onların arxasında görünməz olub. Yəni ki, indi alimlər alverçidən ( guya ki, biznesmendən) borc alır, qapısında boynubükük qalır, onun verəcəyi "ənam"a göz dikir, kitabının nəşri, filminin çəkilməsi, layihəsinin gerçəkləşməsi bu "iş adamının" səxavətindən, məzələnmək ehtiyaclarından asılı olur və sairə. Əbdürrəhim bəyin "Marallarım" kitabına topladığı mənfi tiplər elə alaq otu kimi bir şeydir. Sırtıqlığa bax ki, onlar müasir dövrümüzə qədər gəlib çıxıblar. Ona görə də indi həqiqi alim, həqiqi ziyalı görəndə  adam diksinir.  Gül-çiçək  alaq otlarının arxasında qalıb! Baxanda bu alaq otları  da cəmiyyətə lazımdır. Təkcə ona görə yox ki, gül-çiçək daha gözəl görünə bilsin. Həm də ona görə ki, qədri bilinsin. Qədr ağacını isə əkiblər, hələ qol-budaq atmayıb. Biz görmüşük ki, yaraşıqlı, gözəl qıza  məcazi mənada "ceyran" deyilsin.  Gözəl xanıma da "maral" deyilir, amma ortada qeyrət söhbəti olduğuna görə kimsənin arvadını vəsf etmək elə özünü bıçağa (xəncərə) sürtmək kimi bir şeydir. Əbdürrəhim bəy isə öz tiplərini bütünlüklə "marallarım" adlandırıb. Bilmirəm ədəbiyyatşünaslar bunu necə şərh edib, ancaq mənim nəzərimdə Əbdürrəhim bəy bu obrazları həm də çox sevdiyinə görə maral adlandırıb- "ceyran" deyə bilməzdi axı. Onun ən mənfi qəhrəmanlarına da, məsələn, hətta Hacı Kamyaba da nifrət etmək olmur. Nöşün ki, bəy onları sevərək yaradır, onların islah olunmasını istəyir, baltanı dibindən vurub məhv etmək deyil. Elə rəhmətlik  Mirzə Ələkbər Sabirin şeirləri və obrazları da elə idi- bilmək olmurdu əkinçiyə, fəhləyə, mollaya, ağaya nifrət göndərir, yoxsa onları təbliğ edir. Dahilərimiz nəsihət verməyib, onların işi ideyanı aşılamaq olub. İndiki yazarlar isə birisini tənqid edəndə elə qəddarlıq və amansızlıqla edirlər ki, sanki onun damarını kəsib stəkana süzəcək və nar şirəsi kimi başına çəkib içəcəklər. Ya da oxucunu uşaq hesab edib ona nəsihət verirlər. Zamanə dəyişsə də, indi cəmiyyət daha XX əsrin əvvəlində olduğu qədər sadəlövh, avam olmasa da "maral" elə "maral" olaraq qalır - mahiyyət dəyişmir ki. Heç xalqımızın "maralşünaslığa" olan meyli də dəyişmir, hətta artır. Son günlər müğənni Nadir Qafarzadənin  oxuduğu "Maral" mahnısına olan ifrat rəğbət də məncə bunun təzahürüdür. Televiziyalar, radiolar gün ərzində bir neçə dəfə bu mahnını təqdim edirlər. Zəng vuranlar da bir yandan xahiş  göndərir. Toylarda yerindən qalxan bu mahnıya rəqs edir. Baxırsan: qoca, cavan, uşaq, böyük - hamı "Maral" mahnısına qol oynadır, çiyin atır, əzalarını tərpədir, ayaqlarını "fasonla" qaldırır, üz-gözünə məzəli ifadə verir. Əgər bu mahnı bir gözəl xanıma, yəni kiminsə arvadına həsr olunubsa, bu nə bəla xanım oldu ki, hamını atılıb-düşməyə, şıllaq atmağa, oyun çıxartmağa məcbur edir. "Maral, maral ...maral...eşqinə düşdüm, maral!" İndi bir ciddi mahnı çıxsın... heç ona bu qədər rəğbət yaranmaz. Çünki biz maral sevən xalqıq. Ona görə marallarımız da çoxdur. Cəmiyyətin elə guşəsində, elə idarə, elə təşkilat, elə nazirlik, elə komitə tapılmaz ki, orada  "marallar"  dövlətini, millətini, xalqını sevən, halal, düz insanlardan daha çox olmasın. "Marallar"  çox yerdə öndədir. Müdirlər, rəislər, sədrlər də məhz eləsini sevir. Özləri elə olmayanların ciddi, təmiz,vicdanlı və düz olan insana rəğbətinin olmaması və ya onu öz vəzifələrinə layiqli namizəd kimi görməsi, sevməməsi, əleyhinə süni kompromatlar formalaşdırması təbiidir. Deməli, o müdir, o rəis, sədr əsil maraldır! "Maral" havası altında hamı əslində öz gününə, öz halına rəqs edirmiş.

Maral axtarmaq üçün ova çıxmağa ehtiyac yoxdur. Özü "buynuzlu" (rusca "roqatıy" ) olanlar dördayaqlı, iri buynuzlu maralları ovlamaqla rahatlıq, dinclik tapacaqlarını düşündülər, nəticədə təbii maralların kökü kəsildi. İndi qalanlar ikiayaqlı marallardır. Gedirsən aztəminatlı ailələrə ünvanlı sosial yardım ilə məşğul olan idarəyə, görürsən ki, qarnitur stolun arxasında bir qoşa buynuzlu maral oturub. Sifətinin radiusu 80-90 sm, başı isə 45-50 ölçüdə olan bu maral səni təbəssümlə dinləyir, sonra qarşına elə şərtlər qoyur ki, o şərtlər daxilində gərək ölkədə heç kəsə yardım verilməsin. Çünki evində soyuducusu, televizoru, mebeli olmayan ailə gərək ayaqlarını uzadıb, Əzraili gözləsin. Sosial yardımı fakt olaraq alanların arasında elə birisi varmı ki, bu şeylər həqiqətən də onun evində olmamış olsun? Xeyr! Bizdə isə hətta qaçqın düşərgəsində də peyk antenası görərsən. Sənin heyrətin və dilxorçuluğun "maralın" ürəyincədir. Bu zaman onun guya ki, sənə ürəyi yanır, guya səni  ziyalı sanır və kömək etmək istədiyinə işarə vurur. Sən də tutursan bu işarənin ucundan və başlayırsan bu "marala" dil-ağız tökməyə. Nəticədə "maral" bir neçə günlüyə möhlət istəyir, giya ki, kimlərdənsə xahiş edir  və sonucda sənin alacağın yardımın yarısı qədər rüşvət alacağını bildirir. Heç gözlərini də qırpmır. Verməyə nağd pulun olmadığını da bilir və bunu da düzüb-qoşur; sənin üçün bankomata ya 6 ay geridən ödənilən məbləğ qoyulur ki, sənin üçün bundan keçmək asandır, ya da kartını alır, 6 ay sonranın  yardımını hər ay özü götürür və 6 ay sonra gedib bankomatını ondan alırsan. Alırsan və işləri bu cür düzüb qoşduğuna görə onun özünə və balalarına dua da edirsən. Nəticədə o sənin nəzərində yaxşı bir adam kimi - əsil maral kimi qalır.  Belə marallar Həkim Komissiyalarında sıra ilə oturub. Əgər sən lap həqiqi şikəstsənsə də (Allah iraq eləsin)  bunu bu qədər maral kor olub görməyə bilər. Amma baş maralın təklifi ilə razılaşsan sən lap buz baltası kimi sağlamsansa da, səni ölümcül xəstə  kimi təqaüdə ("pensiyaya") çıxardarlar. Bizlərdə qadınlar ictimai həyatda passivdirlər. Hətta ali təhsilli xanımlar da  evdar qadın kimi işə çıxmaqdan yayınırlar. Guya ki, ərlərinin xasiyyəti  çox pisdir, onları işə buraxmır. Əslində isə tənbəllik və ev xanımı kimi harın və sərbəst həyat keçirtmək özlərinin ürəklərincədir. Məsələ burasındadır ki, evdar qadınların böyük əksəriyyəti guya ki, xəstə və şikəst kimi hər ay dövlətdən "pensiya" alır. Bunu düzüb-qoşan məmurdan - "maraldan" kim inciyər?

Ölkəmizdə yol infrastrukturu yaxşılaşdıqca avtomobil qəzalarının sayı da artır. Guya ki, buna görə yalnız xarici avtomobil sahiblərinin özü günahkardır. Əgər yol hərəkəti qaydalarına riayət edilməsi  sərtləşərsə və yol polisindəki marallar  boğaza kimi rüşvətə bulaşmasa bu qəzalar da ən azı yarıbayarı  baş verməz. Qanuni radarların olması az imiş kimi bir də görürsən ki, yol kənarında, xəlvəti bir yerdə, ya avtomobilin içərisində,  bir dükanda, hətta  bir çəlləyin üstündə gizlincə radar aparatını qoyub, gəlib-keçən avtomobillərə "nəzarət" edirlər. "İlişən" avtomobillər barəsində isə bir qədər irəlidəki yol "maralına" - "pardon", yol polisinə xəbər verilir. O da maşını saxlatdırıb, qarşıda radara düşdüyünü bildirir. Bu isə o deməkdir ki, sən onu "yemləməlisən". Bir qiymətdə razılaşırsınız və sizin probleminiz bu "yaxşı oğlanın" sayəsində düzəlmiş sayılır. Bundan sonra hər dəfə onun yanından ötüb keçərkən siqnal verir, "privet" göndərirsən. Guya ki, adicə təqaüdçü qocaların arasında "maral" yoxdur. Bulvarda oturub elə sidqi ürəklə domino daşlarını çırpırlar və elə qeyzlə mübahisə edirlər ki, sanki onların saatlarca məşğul olduqları bu passiv istirahət əslində  millətin və ya nəslinin varlığının həll olunduğu məqamdır. Stadionlara toplaşıb Azərbaycan futbol klublarının son dərəcə keyfiyyətsiz oyununa görə yaxa-başına əl atan, bir-birinə düşmən kəsilən fanatlar da maraldır. Əslində yerlibazlıq əsaslarında azarkeşlik etdikləri komandanın guya ki, futbol katalizatorunun tələblərinə uyğun oyun sərgiləməsindən tamam xəbərsizdirlər.  Maral daha necə olur? Dünyanın heç bir stadionunda on minə yaxın azarkeş futbol hakimini xorla təhqir etməz. Həm də bizim mental dəyərlərə görə ən nalayiq söyüşlə! Amma bizim hakim maralların bu hal vecinə deyil. Qərbi Avro-pada o sözləri söyüş hesab etməzlər, əksinə, "mavilər" o cür sözlərdən ilham alarlar. İlham almaq demişkən, bizim yazarlar arasında da maral az deyil. Buna görə də ilham  pərisi çoxdandır ki, yaşı 60-ı keçmiş yazarların çiyninə qonmur. Zavallılar sosializm realizmindən heç cür qurtula bilmirlər. Gənclərə düzgün elmi yollar və həyati istiqamət göstərməli olan orta və ali məktəb  müəllimlərinin sırasında da dəstə-dəstə maral dolaşır. Hansı Ali məktəbə nəzər salsan, orada elm ovçularından daha çox  maral müəllim və maral tələbə ilə rastlaşarsan. Dünyanın hər yerində  elm-təhsil almaq üşün müəllimə pul verilər, bizdə isə, əksinə, elm-təhsil almamaq üçün müəllimə təhsil haqqından əlavə də rüşvət verirlər. Maral deyil, bəs nədir? Əbdürrəhim bəy elə bildi ki, o yazdı, göstərdi, daha o marallar tükənəcək. Əksinə, daha da artdılar.

GMO məhsullar satan da, una kəpək, kolbasaya karton tozu, yağa bir sıra qeyri-üzvü maddələr  qatan biznesmen də, əxlaqsız sənətçi də maraldır! Maral oğlu maral!  

Bu günlərdə faşizm üzərində tarixi qələbənin 68-ci ildönümü qeyd olunurdu.  Bu qələbəyə daha əvvəlki illərdə olduğu qədər sevinə bilmirik. Alman Faşizminin dağıda bilmədiyi SSRİ-ni rus İvanın maymaqlığı - "marallığı" dağıtdı. Erməninin iştahı çəkən torpaqları bizim laqeydliyimiz qurban verdi. Əsil maral özümüzük, amma bütün günahları təkcə ermənidə bilirik. Erməni yazarına nəinki Nobel mükafatı, əks təqdirdə başına bir güllə "hədiyyə" ediləcəyi halda da o öz xalqının əleyhinə bir hekayə yazmaz. Amma bizim xalq yazıçısı oturub öz xalqını ən haqsız və ən nalayiq tərzdə təhqir edən, aşağılayan roman ("Daş yuxular")  yazdı. Maral deyil, bəs nədir - ceyran deyil ki! Və hər şeyə görə biz özümüz cavabdehik. Bizim əməllərimiz aqibətimizi müəyyən edir. Nə tökərsən aşına, o da çıxar qaşığına! Zamanında biz Qarabağın qədrini bilmədik, indi onun cəzasını çəkirik. Görünür, həmin cəzanın bitməsinə hələ qalıb. Özümüzün Vətən qarşısında vicdan cəzasının bitəcəyi gün torpaqlarımız çox asanlıqla azad olunacaq. Asanlıqla... eynən SSRİ-nin dağılması kimi. Hərdən mənə elə gəlir ki, bizim ən böyük problemimiz öz eyiblərimizi görə bilməməyimizdir. Digər  bütün problemlər məhz buradan qaynaqlanır. Amma başqasının eyiblərini çox asanlıqla görürük. Öz eyblərimizi görə biləriksə, hər birimiz özümüzü islah edərik və nəticədə digər problemlər də aradan qalxar. Və deməli, ən böyük "maral" birinci elə özümüzük. Çox şey və çoxları barəsində günlərlə, aylarla, saatlaca düşünə bilirik- təkcə özümüzdən başqa. Hər axşam oturaq güzgü qarşısında və çox yox, 15 dəqiqə özümüz  və əməllərimiz barəsində düşünək.

Bacarmayacağıq?! Təəssüf!!! Onda sifariş verin, "Maral" havası çalınsın!

"Maral ...maral...maral... eşqinə düşdüm maral!" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31