“Soyuq, yovşan ətirli və zülmət çöllük heç də teatr səhnəsinə oxşamırdı” - MÜSAHİBƏ
Asim Əmirov: “Teatr səhnəsində sənin səhv etmək şansın yoxdur, istənilən səhv addım aylarla tamaşa üzərində əziyyət çəkən rejissorun və aktyorun zəhmətini bir anda məhv edə bilər”
2 May 2013 15:51 MədəniyyətMüsahibimiz Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Əmirovdur.
- Teatra gəlişiniz necə oldu?
- Hələ kiçik yaşlarımda teatrlarda uşaqlar üçün nümayiş etdirilən səhnəciklərə baxmaq həvəsim vardı. Günlərlə gözləyərdim ki, həmin gün çatsın, teatra gedim. Həmişə babam əlimdən tutub məni teatra aparardı, saatlarla bilet almaq üçün sırada gözləyərdik. Lakin belə hallarda heç vaxt yoruldum deməzdim. Həmişə məni həvəsli görən babam gülümsəyib deyərdi ki: "Deyəsən sən də aktyor olacaqsan". Təbii ki, sonralar babamın dediyi bu sözlər müəyyən qədər teatra gəlişim üçün stimul oldu. Hətta şəhər qəzetində Gəncə Dövlət Dram Teatrı haqqında çıxan yazıların altında verilən şəkilləri qayçı ilə kəsib toplayardım. Amma heç vaxt düşünməzdim ki, nə vaxtsa mən də qrimlənib həyəcanla səhnəyə çıxacağım anı gözləyəcəm. Vəziyyət elə gətirdi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul ola bilmədim. Mənə tamam yad olan ixtisasa sahib oldum. Təhsilimi davam etdirmək üçün Mingəçevirə gəldim. Mingəçevir Turizm Kollecinə daxil olmuşdum. Mingəçevirdə kirayədə yaşadığım ev Mingəçevir Dövlət Dram Teatrının arxasında idi. Bir gün dərsdən çıxıb evə gedəndə teatrın qarşısındakı lövhəyə vurulmuş bir elan gördüm. Elanda yazılmışdı ki: "MDDT-nın nəzdnində "Ümid" teatr studiyası açılıb. Studiyaya gənc qız və oğlanlar qəbul olunur". Təbii ki, bu elan mənim üçün göydəndüşmə idi, mən öz uşaqlıq arzularımı gerçəkləşdirə bilərdim. Teatrın rəhbərliyinə, konkret desək, MDDT-nın direktoru, Xalq artisti Həsən Həsənova müraciət etdim. Həsən müəllim mənim təklifimi müsbət qarşıladı. Teatrın baş rejissoru Günay Səttar səddini keçəndən sonra studiyaya qəbul oldum. Əvvəllər teatrda səhnələşdirilən bir neçə tamaşada massa, dublyor kimi çıxış edirdim. Amma zaman keçdikcə özümü püxtələşdirdim. Bir də gözümü açanda gördüm ki, aktyoram.
- Quru aktyor maaşı sosial həyatını təmin edəcək qədər deyil. Asim bəy, sənin üçün əsas olan nədir?
- MDDT-ya təzə gəlmişdim. Bir gün Həsən müəllim studiyanın tələbələrini bir yerə yığıb dedi ki: "Bilin ki, siz bu sənətlə maddi baxımdan heç nə qazana bilməyəcəksiniz, əgər bu sənəti sevmirsinizsə vaxtında gedin öz həyatınızı qurun". Hələ orta məktəbdə oxuyarkən aktyorların həyatı ilə yaxından tanış idim. Bilirdim ki, nə vaxtsa mən də aktyor olsam həmin məşəqqətli yollardan keçməli olacam. Azərbaycanın Xalq artisti Yaşar Nurinin gözəl bir sözü var, o deyərdi ki: "Aktyor ac olar". Bu sözü bu gün də öz-özümə təkrarlayanda düşünürəm ki, sənətinə, şəxsiyyətinə hörmət etdiklərimiz bu çətin yolları maddi qarşılıqsız keçiblərsə, niyə biz də o yolla getməyək? Təbii ki, işimin qarşılığında maddi qazancım olanda bu məni sevindirir. Çünki, həm də aktyorluq məni yaşadır, deyə o aza da qane olub işimə bağlılığım bir o qədər də artır. Baxmayaraq ki, aktyorluq sənətində yeni kadrlardan sayılıram, amma tam səmimi sözümdür ki, maddiyyat heç vaxt məni maraqlandırmayıb. Həyatımda ilk dəfədir ki, hiss edirəm aid olduğum yerdəyəm.
- Neçə dəfə baş qəhrəman qiyafəsində səhnəyə çıxmısınız?
- İlk dəfə italyan yazarı Eduardo de Flipponun "Ruhlar" komediyasında
Alfredo Mariliyano obrazını oynamışam. Tamaşanın rejissoru Yuğ teatrından Sahib Ağayev idi. Bundan başqa rejissor İradə Sayyanın səhnələşdirdiyi "Min bir gecə", xalq artisti Zülfüqar Abbasovun "Təbəssüm", Sərvər Əliyevin "Gizli məhəbbət", rejissor Ağaxan Salmanlının "Tık-tık xanım", baş rejissor Günay Səttarın "Məhv olmuş gündəliklər" tamaşalarında baş qəhrəmanları canlandırmışam. Həmçinin Günay Səttarın səhnələşdirdiyi "Can bizimkilər" kollajında, Zülfüqar Abbasovun "Ön xətdə mühakimə", yenə də də Günay xanımın "Zibillik" tamaşalarında adi obrazlarla çıxış etmişəm. Onu da qeyd edim ki, "Can bizimkilər" tamaşası dramaturq Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr ediliş Respublika festivalı üçün hazırlanmışdı. Hətta "Zibillik" tamaşası ilə Türkiyənin paytaxtı Ankara şəhərində qastrol səfərində olmuşuq.
- Hansi tamaşadır ki, onda rol almaq sənin ən böyük arzunuzdur?
- Sözün açığı, heç vaxt teatrda səhnələşdirilən hər hansı bir əsərdə oynamaq üçün rejissorla rol davası döyməmişəm. Teatrın yaradıcı heyəti hansı rola məni uyğun görüblərsə çalışmışam ki, onun öhdəsindən layiqincə gəlim. Çünki, hər şeydən qabaq teatra üz tutan tamaşaçıların bizdən gözləntilərini onlara təqdim etmək lazımdır. Belə olanda həm biz sevinirik, həm də rəhbərlik. Yaxşı oynanılan hər tamaşa teatrın yaşamasına əlavə güc, ruh verir. Amma çox istərdim ki, şair Hüseyn Cavidin müəllifi olduğu "İblis" faciəsində elə İblis personajını oynayım.
- Kino çəkilişlərində də iştirak etmisiniz. Çox maraqlıdır, kino səhnəsilə teatr arasında hansı fərq var?
- İlk dəfə rejissor Vahid Mustafayevin "Xoca" filminin çəkilişlərində oldum. Çəkilişlərdə MDDT-dan mənimlə yanaşı bir çox gənc və qocaman həmkarlarım da iştirak etdilər. Vahid müəllimin əsəbi qışqırıqları altında yavaş-yavaş hiss edirdim ki, o soyuq, yovşan ətirli və qaranlıq çöllük heç də teatr səhnəsinə bənzəmirdi. Teatr səhnəsində tamaşaçılarla birbaşa ünsiyyətdə olursan və onlar üz cizgilərindən başa düşürlər ki, sən nə demək istəyirsən. Teatr səhnəsində sənin səhv etmək şansın yoxdur, istənilən atılmış səhv addım aylarla tamaşa üzərində əziyyət çəkən rejissorun və aktyorun zəhmətini ani olaraq məhv edə bilər. Amma kinoda səhvlərin qarşısını almaq üçün dubl deyilən məfhum var. Bir səhnə bir neçə dubla çəkilir və içərisindən ən yaxşısı seçilərək tamaşaçıya təqdim edilir.
Ömər Zamin