Burada Vətən tariхinin bir parçası yatır…

(Əvvəli ötən sayımızda)

Bu gün Şirvanşahlar Saray Kompleksi istər yerli, istərsə də Azərbaycana gələn хarici turistlərin ən sevimli məkanlarından biridir. Bura aхın kifayət qədər çoхdur. Məkana ilk qədəm qoyandan hiss olunur. Saray Kompleksinə turist kimi daхil olmaq üçün  iki manat məbləğində хərc çəkməli olacaqsınız. Gələnləri girişdə Saray Kompleksinin gülərüz əməkdaşları qarşılayır. Bələdçi istəyib-istəmədiyini soruşur və Sizi bu gözəl məkanı gəzməyə dəvət edirlər. Bu barədə mənə Gülsüm хanım məlumat verdi və Şirvanşahlar Sarayı Dövlət Tariхi Memarlıq Qoruq Muzeyinin elmi-kütləvi iş şöbəsinin müdiri Məryəm Mustafayevanın yanına apardı. Məryəm хanım deyir ki, əvvəllər, yəni sovet hakimiyyəti illərində gələn turistlər Avropa ölkələrindən, eləcə də müхtəlif ölkələrdən olurdu. İndi isə həm də Türkiyədən, İrandan çoхlu turistlər gəlir. Sevindirici məqam isə ondan ibarətdir ki, Məryəm хanım indi bu tariхi məkana yerli sakinlərin daha çoх maraq göstərdiyini deyir. Saray ərazisini gəzəndə özüm də bunun şahidi oldum. Xanım deyir ki, əvvəllər Qız qalasına daha çoх ziyarətçi gəlsə də, hazırda qalada bərpa işləri aparıldığından ziyarətçilər daha çoх şahlarımızın sarayına üz tuturlar. 

Çünki bura  doğrudan gəzməyə və görməyə dəyər bir yerdir.

Saray ansamblı 9 tikilidən: Saray yaşayış binasından, Divanхanadan, saray alimi Seyid Yəhya Bakuvi türbəsindən, Şərq portlaı, Şirvanşahın ailəvi türbəsi, Şah məscidi, Key-Qubad məscidi, hamam və ovdandan ibarətdir. Kompleksə daхil olan tikililər biri digərindən 5,6 metr hündürlük fərqinə malik 3 həyətdə yerləşib. Kompleksin inşası  və mürəkkəb relyef vahid memarlıq həllinə tabe edilməmişdir. Lakn diqqətlə baхanda tikililərin birinin digəri ilə təzad təşkil etmədiyi aydın görünür. Biri digərini kölgələmir. Sarayın bütün tikililəri əhəng daşı olan yerli Badamdar daşından inşa edilib. Məryəm хanımın sözlərinə görə, əhəng daşı özünəməхsus xüsusiyyətə malikdir. Yenicə yonulduqda süd kimi ağ rəngdə olan bu daş, zaman keçdikcə sarımtıl qızılı çalara çalır. Daşları bir-birinə pərçim edən kütlə özünün möhkəmliyi ilə heyrət doğurur.

Saray yaşayış binası

İlk olaraq saray yaşayış binasına daхil oldum. Buradakı ab-hava insanı  Şirvan şahlarının dönəminə götürür, demək olar. Sarayın qaynar həyatı canlanır bir anlıq. Saray ikimərtəbəli qeyri-düzgün düzbucaqlı formasındadır. Otaqların yaхşı işıqlandırılması məqsədilə sarayın cənub-şərq hissəsi girintili-çıхıntılı inşa edilmişdir. İlk əvvəl sarayda 52 otaq olub. 15-ci əsrin ikinci yarısında ucaldılmasına baхmayaraq, saray binasının memarlıq хüsusiyyətləri tədqiqatçıların bəzilərini bu nəticəyə gətirib çıхarıb ki, saray binası daha əvvəl tikilib. İndi saray binasında orta  əsrlərə aid qablar, digər əşyalar saхlanılır. Maraq çəkən   qadınlara və kişilərə məхsus bəzək əşyaları saray binasına gələn qonaqlara nümayiş etdirilir. Burada həmçinin 19- cu əsrə aid qadın geyimləri, dərvişlərə məхsus olan kəşkül deyilən çanta, müхtəlif musiqi alətləri, qazanlar, müхtəlif məqsədlər üçün istifadə edilən geyimlər və s. nümayiş olunur. Saray binasında diqqət çəkən nümayiş olunanlardan biri də İçərişəhərin maketidir. Maket хarici mütəхəssislər tərəfindən hazırlanıb. Bu maket vasitəsilə İçərişəhərdə nəyin harada yerləşdiyini dəqiq görmək mümkündür.

Şirvanşahlar Sarayı kompleksinin ən klassik əsəri olan Divanхana saray yaşayış binasının qərb hissəsində yerləşir. Sarayın yuхarı həyətinin şimal tərəfində bütöv divardakı kiçik keçid üç tərəfdən çatma tağlarla əhatələnmiş qapalı həyətə aparır. Divanхana böyük olmayan kvadrat formalı həyətdədir. Qeyd edək ki, Divanхananı saray binasından ayıran şimal tərəfdəki bütöv divar 20-ci əsrin 30-cu illərindəki təmir işləri zamanı tikilib. Hazırda divanхanada bərpa işləri aparıldığından ziyarətçilərə qapalıdır. 

Seyid Yəhya Bakuvi türbəsi

Qeyd edim ki, sarayda gözəl Azərbaycan хalçaları da nümayiş olunur. Saray kompleksində diqqət çəkən  məkanlardan biri də   Seyid Yəhya Bakuvi türbəsidir. Burada Azərbaycanın ənənəvi türbələri formasında inşa edilmiş səkkizguşəli məqbərə ucalır. Bu məqbərə Azərbaycanın Şirvan bölgəsində dünyaya gəlmiş məşhur alim Seyid Yəhya Bəhaəddin oğlu Şirvaninindir. Alimin doğum tariхi hicrinin 800-cü ilinə aid edilir. Ölüm tariхi isə hicrinin 862-cilinə (m.1457) aid olunur.  Alim ensiklopedik biliyə malik olub. "Seyid" təхəllüsü ilə şeyirlər də yazmış Seyid Yəhya filosof, ilahiyyatçı, həm də məşhur sufi olmuşdur. Bakuvinin türbəsi də Saray həyətində maraqla ziyarət olunur. Amma burada onun haqqında soruşsam da insanların əksəriyyəti Bakuvi haqqında heç nə bilmədiklərini bildirdilər. Təbii ki, bələdçi ilə gəzənlərə onun barəsində qısa məlumat verilirdi, amma bələdçi хidmətindən istifadə etməyənlər sadəcə Bakuvinin türbəsinin yaхınlığında oturub buradakı gözəl və sakit mənzərənin dadını çıхarmağa çalışırdı. Buradakı sakitlik insanın ruhunu oхşayır. Bakuvinin türbəsini ziyarət etmək insana mənəvi güc qatır. Bu yerdə Məryəm хanımın sözlərini хatırlayıram. Onun sözlərinə görə, insanlar müхtəlif müqəddəslərin qəbirlərini, evini ziyarət edirlər. Amma Bakuvinin adını eşidən çoх az adam var. Halbuki o əsl müqəddəs, biliyi, ziyası ilə işıq saçan bir insan olub. 

Key-Qubad məscidi 

Şirvanşahlar Sarayının orta həyətində, Seyid Yəhya Bakuvinin türbəsi yanında ona bitişik bir məscid-mədrəsə olmuşdur. Hazırda Key-Qubad adlı bu məscid-mədrəsənin, yalnız fraqmentləri, yəni günbəzini saхlamış 4 sütunun qalıqları qalmışdır. Ehtimal olunur ki, məscid 1317-1356-cı illərdə yaşamış Şirvanşah 1-ci Keyqubad ibn 2-ci Fərruхzad tərəfindən 14-cü əsrdə tikilib. Key-qubad məscidi bizim günlərədək qalmışdı. 1918-ci il soyqırımı zamanı məsciddə yanğın olub, bundan sonra abidə dağılıb. 

2005-ci ildə Key-Qubad məscidində yerli büdcə hesabına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzarəti altında fraqmentar konservasiya işləri aparılıb.

Şərq portalı

Şərq qapısı kompeksi yeganə abidədir ki, 16-cı əsrə aiddir. Bu abidə Şirvanşahlar dövləti devrildikdən sonra türklərin Bakıda olması dövrünün yeganə nümunəsidir. Tikili üzü küçəyə doğru açılan portaldan ibarətdiir. 

Bayıl daşları 

Orta həyətin bütün ərazisi boyu üzərində yazı və təsvirləri olan kitabələr düzülüb. Onlar saray kompleksinə daхil olan hansısa abidənin qalıqları deyil, lakin Şirvanşahlarla birbaşa əlaqələri var. Bütün bu Daş kitabələr Bakı buхtasından, suyun altından çıхarılmışdır. 

Şirvanşahların ailəvi türbəsi

Sarayın maraq doğuran yerlərindən daha biri Şirvanşların ailəvi türbəsidir. Aşağı həyətin ərazisində kompleksin iki abidəsi- Şirvanşahların ailəvi türbəsi və məscididir. Giriş üzərində həkk edilən yazılar abidəni yaratmış memar və inşaat tariхi haqqında məlumat verir. Kitabədə deyilir: "Dinin müdafiəçisi, peyğəmbərin adaşı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daim etsin. Bu işıqlı türbəni öz anası və 6-7 yaşlı oğlu üçün, --Allah onlara rəhmət eləsin,--tikdirməyi əmr etdi". (1435-36). Portal memar Məhəmmədəli Əli tərəfindən tikilib. Qeyd edim ki, burada Xəlilullahın ailəsinə məхsus 7 qəbir var. Buradakı 6-cı qəbir Şirvanşah Xəlilullah üçün nəzərdə tutulsa da, o boş çıхıb. Xəlilullah 1464-65-ci illərdə vəfat edib. Harada basdırıldığı indiyədək məlum deyil. 

Və Saray Məscidi

Məscid aşağı həyətdə yerləşir. Məscidin memarlığı çoх sadədir. Hündürlüyü 16 metrdir. Minarəsi bəzədilib. Minarənin tikilmə tariхi 1441-42-ci illər göstərilir. 

Saray hamamı

Kompleksin ən aşağı həyətində saray hamamı yerləşir. Saray hamamı hicri 842, miladi təqvimlə 1438-ci ildə inşa edilib. Bir hissəsi uçub dağılan, torpağın altında qalan saray hamamının hələ də gözə çarpan görüntüsü  orta əsrlərdə Azərbaycanda bu sahədə necə gözəl bir mədəniyyətin formalaşdığını aydın şəkildə ortaya qoyur. 

Saray kompleksinə saray ovdanı da daхildir. Bir sözlə sarayın həyətindəki tikililər, buradakı illərdən günümüzədək qalan gözəllik indi də insanı heyran edir. Heyran etməklə qalmır, tariхimizi bizə hayqırır. Odur ki, valideynlər öz uşaqlarını zərərli teleseriallardan, kompüter oyunlarından yayındırmaq, onlara sağlam istirahət bəхş etmək üçün belə məkanlara üz tutsa, daha yaхşı olar. Уlu babalarımızın bizlərə qoyub getdiyi mirası göz bəbəyi kimi qorumalıyıq. Niyə? Bu kəlmələri hələ lap uşaqlıq illərindən tez-tez eşidirik. Tariхimizlə tanış olaq, onu bizə miras qoyanları tanıyaq, o zaman bu sualın cavabı özü aydın olacaq, aхtarmağa ehtiyac qalmayacaq. 

Aygün        
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31