“Söz” ədəbi-bədii layihəsi Muğam Mərkəzində
7 Dekabr 2018 13:33 MədəniyyətMuğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" televiziya kanalı birgə həyata keçirdiyi "Söz" ədəbi-bədii layihəsinin ilk tədbiri dahi şair Molla Pənah Vaqifin poeziyasına həsr olunub.
Olaylar.az bildirir ki, dərin və incə duyğular şairi olan Vaqifin şəninə hazırlanan gecə öz tərtibatı və təqdimatı ilə fərqlənirdi. Qonaqları musiqi və şerin sehri ilə Muğam Mərkəzinin foyesində salamlayan Vaqif (aktyor Tural Əhməd) onları öz dünyasına dəvət edir. Beləcə tamaşaçılar şairin izi ilə onun öz şeriyyatı və düşüncələrinin arxasınca yollanırlar. Aktyor Tural Əhmədin Vaqif obrazında şairin "Yenə dağ başında" şeirini oxuduqdan sonra səhnəyə Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli çıxaraq, şairin "Gəlməmişəm" qəzəlini ifa edir.
Gecədə Əməkdar artistlər Elxan Rza, Hüsniyyə Mürvətova, aktyorlar Kamal Yaşar, Ləman Mеhri şairin yaradıcılığından gözəl nümunələr səsləndirdilər. Gənc xanəndələr Pərviz Qasımov, Elgiz Əliyev, Könül Məmmədli, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xor kapellası bulaq kimi axan Vaqif misralarının musiqi ilə həmahəng harmoniyasından yaranan xoş duyğuları bölüşdülər. "Söz" ədəbi layihəsinin bu dəfəki buraxılışı gecəyə təşrif buyuranlara muğam, musiqi və Vaqif yaradıcılığını mistik bir atmosferdə təqdim etdi.
Gecənin sonunda layihənin rəhbəri Nigar Həsənzadə səhnəyə çıxaraq tədbirin təşkilatçılarına, iştirakçılarına və tamaşaçılara öz təşəkkürünü bildirdi.