Moldovada İlk Proza Festivalı keçirilib

Noyabrın 29-30-da Moldovanın paytaxtı Kişinyov şəhərində Birinci Beynəlxalq Proza Festivalı keçirilib. Festivalı Moldova Təhsil və Mədəniyyət Nazirliyi və Moldova Yazıçılar İttifaqı təşkil edib.

Noyabrın 29-30-da Moldovanın paytaxtı Kişinyov şəhərində Birinci Beynəlxalq Proza Festivalı keçirilib.

Festivalı Moldova Təhsil və Mədəniyyət Nazirliyi və Moldova  Yazıçılar İttifaqı təşkil edib.

Tədbirə Avropanın müxtəlif ölkələrindən yazarlar qatılıb. Azərbaycanı yazıçı Elçin Hüseynbəyli təmsil edib.  Səfər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti ilə gerçəkləşdirilib.

Moldova, Rusiya, Azərbaycan, Ukrayna, Çexiya, Böyük Britaniya, Fransa yazarlarının qatıldığı təbirin açılış mərasimi noyabrın 29-da  Kişinyov Bələdiyyə Kitabxanasında baş tutub. Qələm adamları milli ədəbiyyatların  keçmişi, indisi və gələcək perspektivlərini müzakirə ediblər.  "Kvadrat" jirnalının ilk sayı da festival iştirakçılarına təqdim olunub. Topluya  Elçin Hüseynbəylinin "Qocanın axdığı gün" hekayəsi də daxil edilib. Hekayəni rumın dilinə Moldova yazıçısı və Festivalın direktoru Nikolaye Spetaru çevirib.

Noyabrın 30-da tədbir iştirakçılarının bir qrupu Kişinyov Dövlət Universitetinin filologiya və xarici dillər fakültəsinin qonağı olublar.

Səhərisi günü qonaqlar şəhərin görməli, gəzməli yerlərilə tanış olublar.

Elçin Hüseynbəyli Kişinyovun baxımlı parklarının birində Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan büstü ziyarət edib.

Sonda nəzərə alınıb ki, Beynəlxalq Proza Festivalı hər il keçirilsin,  "Kvadrat" jurnalı isə davamlı olsun. Təklifdən asılı olaraq bu mötəbər tədbirin məkanının da dəyişilməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31