AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib
30 Noyabr 2018 17:19 MədəniyyətNoyabrın 30-da Azərbaycan Texniki Universitetinin (AzTU) Şəhid və Milli Qəhrəman olmuş məzunlarından bəhs edən "Əbədiyyətə qovuşanlar" kitabının təqdimat mərasimi keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, vətən uğrunda canını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun prorektoru, professor İsa Xəlilov tədbiri açıq elan edib və kitabın ərsəyə gəlməsində əməyi keçənlərə universitet kollektivi adından təşəkkür edib. İsa Xəlilov bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ordusunun, xüsusi ilə artileriya hissəsinin formalaşmasında AzTU məzunlarının müstəsna rolu olub. Qeyd olunub ki, Qarabağ uğrunda gedən döyüşlərdə, 20 Yanvar hadisələrində, həmçinin, dövlətimizin suverenliyi uğrunda onlarla AzTU məzunu Şəhid olub, on nəfər Milli Qəhrəman adına layiq görülüb. Vurğulanıb ki, Şəhidlərin xatirəsinin əziz tutulması, onların qəhrəmanlığının gənclərə örnək olması üçün AzTU-da silsilə tədbirlər həyata keçirilir. Universitetdə muzey yaradılıması, kitab nəşri, film hazırlanması, eləcə də mütəmadi olaraq Şəhid ailələri ilə görüşlər diqqətə çatdırılıb.
"Əbədiyyətə qovuşanlar" kitabının müəllifi, AzTU kitabxanasının şöbə müdiri Zöhrə Məmmədova kitabın hazırlanması prosesindən, həmçinin bu ideyanın formalaşmasından danışıb. Zöhrə Məmmədova bildirib ki, Şəhidləri xatırlamaq, onların xatirəsini əbədiləşdirmək vətəndaş olaraq hər kəsin borcudur. Bu mənada, vətəndaşlıq borcunu yerinə yetirdiyini deyən müəllif, yaxın zamanlarda kitabın rus və ingilis dilində olan versiyalarının da nəşr olunacağını qeyd edib.