“Qəzəllər” layihəsi təqdim edildi
Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçdi.
30 Noyabr 2018 15:52 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində, Mərkəzin "Qəzəllər" layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçdi.
Olaylar.az bildirir ki, gecədə xanəndələr Sədəf Budaqova, Elgiz Əliyev və Gülzar Fərəcovanın ifasında Seyid Əzim Şirvaninin qəzəllərinə "Zabul Segah" muğamı səsləndi.
Xanəndələri tarda Nurlan Cəbizadə, kamançada Müşfiq Lətifov, balabanda Rafael Əsgərov, nağarada Vüsal Bayramov müşayiət edirdilər. Seyid Əzim Şirvaninin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər gecəni yaddaqalan və rəngarəng etdi.
Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi və gur alqışlarla qiymətləndirildi. Beynəlxalq Muğam Mərkəzinin yeni "Qəzəllər" layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.
Qeyd edək ki,dekabrın 20-də "Qəzəllər" layihəsinin növbəti tədbiri Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Konsertdə Əliağa Vahidin qəzəlləri səslənəcək.