Muğam Mərkəzində İdris Mehdiyevin yaradıcılıq gecəsi
Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
20 Noyabr 2018 14:50 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" televiziya kanalının birgə layihəsi çərçivəsində təşkil edilən tədbirdə ölməz sənətkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.
Tədbirdə "Mədəniyyət" televiziya kanalının direktoru Ramil Qasımov, xalq artisti Ağa Cəbrayıl Abasəliyev, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova çıxış edərək ölməz sənətkarın ömür yolundan, zəngin yaradıcılığından danışıblar.
Bildirildi ki, o, musiqi sənətimizi respublikamızın müxtəlif bölgələrində, xarici ölkələrdə qastrol səfərlərində ləyaqətlə təmsil etmiş, Radio və Televiziyanın estrada-simfonik orkestrinin müşayiəti ilə Fikrət Əmirov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Zülfüqarov, Səid Rüstəmov, Cahangir Cahangirov, Əziz Əzizli, Qənbər Hüseynli kimi korifey sənətkarlarımızın əsərlərinin parlaq və təkraredilməz ifaçısı olub. Ansambldakı xidmətlərinə görə İdris Mehdiyev 1978-ci ildə "Azərbaycan SSR-nın Əməkdar artisti" fəxri adına layiq görülmüşdü.
Xatirə gecəsində Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının "Dan ulduzu" instrumental ansamblının, Vaqif Mustafazadə adına "Sevil" vokal kvartetinin, Ramiz Mustafayev adına xorun və digər tanınmış artistlərin ifasında İdris Mehdiyevin vaxtilə oxuduğu mahnılar səslənib.
Sonda sənətkarın həyat yoldaşı Məhəbbət Mehdiyeva tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi.