IX “START” Beynəlxalq Qısa Filmlər Festivalında Cəfər Pənahinin filminin Azərbaycan premyerası baş tutacaq
12 Noyabr 2018 16:41 MədəniyyətNoyabrın 12-də Nizami Kino Mərkəzində noyabrın 14-17 tarixlərində Bakıda keçiriləcək IX "START" Beynəlxalq Qısa Filmlər Festivalının təşkilatçısı prodüsser Fehruz Şamıyevin, festivalın beynəlxalq münsiflər heyətinin üzvü Ayaz Salayevin, yerli münsiflər heyətinin təmsilçisi Mirbala Səlimlinin və Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadənin iştirakı ilə geniş mətbuat konfransı keçirildi. Olaylar.az bildirir ki, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, "CinemaPlus" kinoteatrlar şəbəkəsi də təşkilatı dəstək qismində Festivalda iştirak edir.
Beynəlxalq xarakter daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı Beynəlxalq, Yerli, "Cinemobil" müsabiqə bölmələri, pitçinq, ustad dərslərindən ibarət olacaq. Festivalın açılış mərasimi 14 noyabr, saat 19:00-da Nizami Kino Mərkəzində, bağlanış mərasimi isə 17 noyabr saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Bu ildən etibarən Festival qaliblərinə təqdim ediləcək "QIZIL NAR" mükafatı uğrunda yarışacaq iştirakçıların adı məlum olub.

Bu il festivalın müsabiqə bölməsinə 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) 490 qısametrajlı film təqdim edilib. Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası bu filmlərin arasından Beynəlxalq müsabiqənin proqramına 72 film (41 bədii, 15 sənədli, 11 animasiya, 5 eksperimental) daxil edib. Finalçılar "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı eksperimental film", "Ən yaxşı bədii film rejissoru, "Ən yaxşı sənədli film rejissoru", "Ən yaxşı animasiya film rejissoru", "Ən yaxşı eksperimental film rejissoru" və "Münsiflər heyətinin xüsusi mükafatı" nominasiyaları üzrə yarışacaqlar. Qalibləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Bu il Festivalın Beynəlxalq münsiflər kürsüsündə Ayaz Salayev (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) yer alacaqlar.
Seçim Komissiyası festivalın Yerli müsabiqə bölməsinə 28 film (17 bədii, 8 sənədli, 3 animasiya) daxil edib. Təqdim olunan eksperimental janrlı filmlərdən heç biri Yerli müsabiqənin final mərhələsinə adlaya bilməyib. Müsabiqə qalibləri "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı rejissor", "Ən yaxşı prodüser", "Ən yaxşı ssenari",
"Ən yaxşı operator" nominasiyaları üzrə seçiləcək. YERLİ müsabiqədə "QIZIL NAR" mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssisin - Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün daxil olduğu münsiflər heyəti seçəcək.
Nəticədə Seçim Komissiyasının qərarına, əsasən, Beynəlxalq və Yerli müsabiqədə "Qızıl nar" uğrunda 30 ölkədən 100 film mübarizə aparacaq. Filmlər 14, 15, 16, 17 noyabr tarixlərində saat 12:00-dan 16:00-dək Nizami Kino Mərkəzində, "Cinema Plus 28 Mall"-da nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Festivalda ilk dəfə reallaşan "Cinemobil" onlayn yarışmasında isə göndərilən 15 filmdən yalnız 3-ü onlayn səsverməyə təqdim edilib. Müsabiqənin bu bölməsində qaliblər tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək. Filmlər noyabrın 10-dan festivalın "Facebook" səhifəsində yerləşdirilib. Səsvermə 16 noyabr tarixinə kimi davam edəcək. Müsabiqənin qalibinə "TAMAŞAÇI RƏĞBƏTİ" mükafatı təqdim ediləcək.
Yerli kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə Festivalın elan etdiyi "Pitçinq"ə 10 kino layihəsi təqdim edilib, onlardan 4-ü müzakirəyə çıxarılacaq.
Festivalın proqramına daxil olan ən böyük tədbirlərdən biri isə dünya şöhrətli kinorejissor Cəfər Pənahinin "Üç üz" filminin Azərbaycan premyerasının təşkili olacaq. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan Azərbaycan əsilli iranlı kinorejissorun bu filmi 71-ci Beynəlxalq Kann kinofestivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olub. Yerli tamaşaçılar filmi 16 noyabr saat 19:00-da "CinemaPlus Gənclik Mall"-da izləyə biləcəklər.

Noyabr 16-da festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin "Üç üz" filminin Azərbaycan premyerası baş tutacaq. 71-ci Beynəlxalq Kann kinofestivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olmuş film yalnız bir gün- 16 noyabr saat 19:00-da ekskluziv olaraq "CinemaPlus Gənclik Mall"da nümayiş etdiriləcək.
Nigar Adil