Mirbala Səlimli: “Gənclər bizim kimi düşünməli deyillər”
12 Noyabr 2018 16:09 MədəniyyətTeatr və kino rejissor, ssenarist Mirbala Səlimli Olaylar.az -a açıqlamasında Azərbaycanda qısa metrajlı filmlərə marağın olması çox gözəl hal adlandırıb: "Gənclərin qısa metrajlı filmlərə marağının olması o deməkdir ki, Azərbaycan kinosu yeniləşir, cavanlaşır. Bu təbii ki, məni sevindirir. Qısametrajlı film o deməkdir ki, gənc kinorejissor, prodüsser, operator üçün bir sınaq meydanıdır. Bu sınaq meydanında insanın özünü hərtərəfli yoxlama imkanı var. Həmçinin də bu addım gələcəkdə bədii filmlərin çəkilməsi üçün birinci addımdır. Mən özüm də tammetrajlı film çəkməzdən öncə, qısametrajlı filmimlə imtahan vermişəm. "Odla qoy boyun" filmim də mənim imtahan filmim olub. Gənclərin filmlərinə maraqla izləmişəm və yenə də izləyəcəm. Onlara uğurlar bu işdə uğurlar və daha çox filmlər arzulayıram".
Mirbala Səlimli qeyd edir ki, gənclərin filmlərində qaldırdıqları mövzuları anlamalı, onlara dəstək olmalıyıq: "Çünki yeni dövr gəlir. Gənclər bizim kimi düşünməli deyillər. Yeni gənclik yeni ideya gətirib elə mövzular düşünə bilərlər ki, hətta biz onu anlamırıq və ya ağlımıza belə gəlməyib. Bu mənadan gənclərə yer vermək maraqlıdır. Mənim üçün düşünmədiyim mövzularda filmlər görmək çox xoş olardı. Bütüb bunlara qiymət vermək və ümumi bir fikrə gəlmək üçün festivallar prosesini keçməliyik. Bir həftə ərzində filmlərə baxdıqdan sonra deyə bilərik ki, gənclər Azərbaycan kinosunu hansı istiqamətdə apara bilərlər".