Musiqili Teatrda ustad dərsləri
12 Noyabr 2018 14:00 MədəniyyətFransada yaşayan məşhur həmyerlimiz - rejissor Emil Səlimov Musiqili Teatrda olub, teatrın rəhbərliyi və aktyor heyəti ilə görüşüb. Olaylar.az bildirir ki, görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev əvvəlcə peşəkar rejissor məktəbinin layiqli nümayəndəsi - Emil Səlimov barədə geniş məlumat verib.
Uzun ayrılıqdan sonra doğma vətənində olduğuna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan Emil Səlimov səmimi söhbətin ardınca teatrın bütün gənc aktyorlarını səhnəyə dəvət edib, onlara ustad dərsləri keçib və qısa vaxt ərzində qarşılıqlı olaraq gözəl nəticə əldə edib.
Dünyanın bir çox teatrlarında tamaşalara quruluş vermiş görkəmli rejissor Musiqili Teatrda keçdiyi ustad dərsində gənc sənətçilərdə təkcə nitq vasitəsilə deyil, şüuraltı olaraq mimika, jestika, bədən dili ilə söhbətetmə vərdişlərini möhkələndirən, tamaşaçını inandırmaq bacarığını aşılayan məşğələlər aparıb.
Sonda Emil Səlimov gənc aktyorlardan razı qaldığını və onların hər birinin güclü yaradıcı potensialının olduğunu nəzərə çatdırıb, gələcəkdə Musiqili Teatrla sıx əməkdaşlıq edəcəyini vurğulayıb.