“BakıFilEkspo” V Milli Filateliya sərgisi işə başlayıb
8 Noyabr 2018 16:19 MədəniyyətNoyabrın 8-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərmarka" MMC və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə Xalça Muzeyində "BakıFilEkspo" V Milli Filateliya sərgisinin açılışı olub. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, sərgidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov, "Azərmarka" MMC-nin direktoru Leyla Güləliyeva, Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov, filatelistlər, numizmatlar və digər kolleksiyaçılar iştirak edib.
Sərgidə 7 nominasiyada müsabiqələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümumiyyətlə, sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir.
Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcəsində, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və fuluminiya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim edilir. Müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü isə ilk dəfə nümayiş etdirilir.
Milli filateliya sərgisində Azərbaycan dövlətçiliyinin önəmli səhifələrinə həsr olunmuş "Azərbaycan Xanlıqlarının pul dövriyyəsi tarixi" adlı sikkə kolleksiyası da ilk dəfə nümayiş olunur. 300-ə qədər sikkədən ibarət olan kolleksiyada Gəncə, Şəki, Şirvan, İrəvan, Quba, Təbriz, Dərbənd və Qarabağ xanlıqları təmsil olunur.
Sonra kolleksiyalara baxış keçirilib.
Sərgi 9 noyabr tarixinədək davam edəcək.