"Qarabağ bülbülləri"nin rəhbəri zirzəmidə yaşayır VIDEO
Murad Rzayevin tələbələri onunla maraqlanmır
5 Sentyabr 2012 10:46 Mədəniyyət"Qarabağ bülbülləri" ansamblının səs-sorağını eşitməyən tapılmaz. Amma ansamblın rəhbərinin adını bəlkə də bilən yoxdur. Onu isə tanımağa dəyər...Murad Rzayev ömrünü bu ansamblın daim ayaqda durmasına həsr etmiş bir şəxsiyyətdir. Məşqləri şəraitsiz yerdə etmək mümkün olsa belə. İndi fikirləşin, aləmə səs salan ansambl və məşqlərin şahidi olduğu zirzəmi. Bu təzad acınacaqlı olsa da, reallıqdır. Amma xatırlayın, neçə-neçə nəsil yetişdirən bu ansamblda tək bülbüllərin səsini eşitmək yetərdi ki, damarlarda axan qan donsun...
Ötən əsrin 70-ci illərinin sonunda dünyanı səsləri ilə heyran edən "Qarabağ bülbülləri" ansamblını xatırlamayan tapılmaz. Oxuduqları "Qarabağ şikəstəsi", "Bayatı şiraz" muğamı damarlarında Azərbaycan qanı axan hər kəsdə vətənə, torpağa məhəbbət hissi aşılayırdı. Bu səs hələ qulaqlarda, ürəklərdədir.Ansamblın ərsəyə gəlməsində Murad Rzayevin müstəsna xidməti olub. Məhz bu insanın sayəsində Azərbaycan incəsənəti Tacir Şahmalıoğlu, Teymur Əmrah, Aygün Bayramova və digər istedadlı ifaçıları yetişdirib. Həmin vaxtdan 30 ildən çox keçib. "Qarabağ bülbülləri"ndə bir neçə heyət dəyişib. Bugünkü ansambl üçün ayrılmış məkan isə Balıqçılıq İnstitutunun zirzəmisində yerləşir. Elə Murad müəllimin özü də evi olmadığından burada gecələyir. Deyir kirayə qaldığı 1 otaqlı mənzildə 6 ailə üzvü yaşayır, ona görə də məşqlər axşama qalanda, zirzəmidə qalmaq daha məqsədəuyğun olur."İndi elə burada gecələyirəm. Evim yoxdur. İsmayıllıda bit evim var, o da yaşayış üçün əlverişli deyil", - deyə M. Rzayev bildirir.50 ildir incəsənətdə xidmət göstərən, tələbələri respublikanın xalq və əməkdar artistləri olan Murad Rzayevin özünün heç bir fəxri adı yoxdur. Murad müəllim tələbələrinin nəinki ona kömək etmədiklərini, heç onunla maraqlanmadığını söyləyir.Murad müəllimin 65 yaşı var. Deyir, vaxtında toylara getsəydi, indi evi də olardı, eşiyi də. Lakin o, sənəti seçib. İndi isə aldığı 156 manat məvacib və pensiya ailəsinin qaldığı mənzilin kirayə pulunu ödəmək üçün güclə çatır. Lakin bütün çətinliklərə baxmayaraq o, öz ümidini itirmir, sevimli işi ilə məşğul olur və yeni "Qarabağ bülbülləri"ni, tələbələrini yetişdirir.