Rəfael Hüseynov: "“Xəmsə”nin naməlum nüsxəsi tapılıb"

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Çexiyanın Praqa şəhərində ezamiyyətdə olarkən XIV əsrdən fəaliyyət göstərən və bu gün Çexiyanın Milli Kitabxanası olan zəngin kitablar və əlyazmalar xəzinəsində şairimizin "Xəmsə"sinin naməlum bir nüsxəsini tapıb. AMEA informasiya xidmətinin məlumatına görə, Rafael Hüseynov  N.Gəncəvi "Xəmsə"sinin bu nüsxəsinin XVII əsrdə köçürüldüyünü bildirib. Bu nüsxəni N.Gəncəvinin indiyə qədər elmə bəlli olan digər əlyazmalarından fərqləndirən əsas xüsusiyyət onun son dərəcə nəfis şəkildə işlənməsi , 80-nə yaxın miniatürlə bəzəndilməsidir. İcra tərzinə və üslub xüsusiyyətlərinə görə bu miniatürlər Təbriz məktəbi ənənələrini nümayiş etdirməkdədir. İstər əlyazmanın özünün tərtibi, istər ona çəkilmiş miniatürlər bu nadir nüsxənin çox yüksək dəyərindən xəbər verməkdədir. "Xəmsə"nin gözəl məsnəvi xətti ilə qələmə alınmış mətni də digər bəlli nüsxələrin çoxundan orijinala sadiqliyi, təhriflərin olmaması ilə seçilir. Nizami tədqiqatçısı Rafael Hüseynov həmin əlyazma haqqında ayrıca kitab da çapa hazırlayır. Yaxın aylarda nəşr ediləcək həmin kitab ingilis, çex və Azərbaycan dillərində olacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31