Sabiq müavinin nəvəsinin işinə yenidən baxıla bilər
2 May 2018 13:38 KriminalBaş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cinayət işinə yenidən baxıla bilər.
"Olaylar"a daxil olan məlumata görə, buna səbəb N.Allahverdiyevin cinayət iş ilə bağlı aparılan araşdırmaların qeyri-obyektiv olması göstərilir. Qeyd edək ki, hələ ibtidai təhqiqat və məhkəmə istintaqı zamanı cinayət işinin qeyri-obyektiv araşdırılması barədə məlumatlar sızdırılmışdı. Məhkəmə iclasında isə dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəmişdi. Beləliklə, Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.
Xatırladaq ki, N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilib. O, Bakının Heydər Əliyev prospektində "Galendevagen" markalı avtomobil ilə dəhşətli yol qəzası törətdiyinə görə həbs edilmişdi.Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdi. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı "Mercedes-Gelandawagen" markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilmişdir. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.