İranda baş verən qəzanın təfərrüatları

İranda 11 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının təfərrüatları məlum olub.

Axar.az xəbər verir ki, İran tərəfinin Fransadan gələn qara qutu qeydləri əsasında apardığı analizə görə təyyarə 38 min fut (12 600 m) yüksəklikdə sürətsiz qalaraq anormal vəziyyətə düşüb.

İran hava sahəsində pilotlar 12 min metrdən 12 bin 600 metrə qalxmaq üçün icazə istəyib. Mütəxəssislərin fikrincə, bu zaman idarəetmə sol tərəfdə əyləşən əsas pilot Beril Gebeşdə olub. Yüksəlməyə başlayan təyyarənin sürət göstəricisi qalxmağa başlayıb. Ancaq bu vəziyyət sadəcə əsas pilotun oturduğu sol tərəfdəki cihazda müşahidə olunub. Belə ki, sağ tərəfdə əyləşən ikinci pilot Məlikə Qüvvətin sürət cihazı normal fəaliyyət göstərib. Normalda yüksəliş zamanı sürət ya sabit qalmalı, ya da azalmalı olsa da sürətin yüksəldiyini görən pilotlar təşvişə düşüblər. Təyyarənin yüksəkliyi itirdiyi zaman pilotlar hava gəmisinin burnunu qaldırmaq üçün nə az, nə çox 51 dəfə cəhd ediblər. Bir müddət sonra "Challenger 604" anormal vəziyyətə düşərək oxu ətrafında dönməyə və sürətlə hündürlüyünü itirməyə başlayıb.

20 min futda parçalanma

Sürət həddini aşan təyyarənin 20 min fut yəni 6 600 metr yüksəklikdə gövdəsi parçalanmağa başlayıb. Təyyarənin mühərrik hissələri qopub, quyruq hissə gövdədən ayrılıb. Daha sonra təyyarə dağlıq əraziyə çırpılaraq yanıb.

Qeyd edək ki, İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub. Başaran Holdinqə məxsus təyyarə şirkətin rəhbəri Hüseyn Başaranın qızı Mina və 7 rəfiqəsini Dubayda keçirilən "Subaylığa vida partisi"ndən gətirirmiş.

8 sərnişin və 3 ekipaj üzvü - ümumilikdə 11 qız hamısı həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31