Ölən əsgərin anası: “Yaraları təzəydi, su vuranda qan açıldı...” - REPORTAJ
10 Yanvar 2013 23:26 KriminalAzərbaycanda iki ay əvvəl hərbi xidmətə çağırılan əsgər vəfat edib . APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, Ceyhun Qubadov ürək tutmasından vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, əsgər ötən gecə saat 00.35 radələrində qəflətən dünyasını dəyişib. Ölümün səbəbi araşdırılır.
Yanvarın 7-də APA-nın yaydığı və daha sonra ölkənin bütün Kütləvi İnformasiya Vasitələrində yayılan xəbər hamını sarsıtdı. Kimi 18 yaşlı gəncin ürək tutulmasından vəfat etdiyinə inanmadığını, bir çoxları isə səhhətində problem olan əsgərin hərbi xidmətə çağırılmasında həkimləri məsuliyyətsizlikdə günahlandırdılar. İnsanlar əsl şoku dünən yaşadılar. Əsgərin anası Samirə Qubadovanın oğlunun döyülərək öldürüldüyünü iddia etməsindən sonra. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını mediaya təqdim ediblər. Həmin fotolarda əsgərin meyitinin üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunub.
Əsgər Ceyhun Qubadov 1994-cü il sentyabrın 26-da Bakıda şəhərində anadan olub. Doğulduqdan 3 ay sonra valideynləri boşanıblar. Beləcə, Ceyhun anası və nənəsinin himayəsində böyüyüb. Anası Samirə Qubadovanın kafelərdə qab yumağından qazandıqları ilə dolanırlarmış. Ailənin tək övladı olan Ceyhun əsgərliyə getməzdən əvvəl saç ustalarının birinin yanında sənət öyrənməyə gedirmiş. 18 yaşı tamam olan Ceyhun həqiqi hərbi xidmətə yollanır. Daşkəsənin N saylı hərbi hissəsində noyabrın 11-də təntənəli şəkildə hərbi and içən Ceyhun təəssüratlarını "Facebook" səhifəsində də yazır: "Salam əziz dostlarım. Bu gen HƏRBİ ANDI içdik, artıq qanuni hərbi qulluqçuyuq".
Ceyhunun əsgərlik həyatı cəmi iki ay sürdü...
Bu gün Ceyhunun üç mərasimi idi. Yaşadıqları ərazinin xeyir-şər evində təşkil edilən mərasimdə olduq. Mərasimə Abşeron rayon icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri Qənirə Paşayeva, Sevinc Hüseynova da qatılmışdı.
"Həmin gün 3 dəfə telefonla danışdıq"
Oğlunun ağır işgəncələrlə öldürüldüyünü deyən anasının ağlamaqdan səsi tutulmuş, üz-gözünü cırmışdı. Qarşısındakı çaydan tez-tez bir qurtum alaraq danışır: "Noyabrın 11-də and içməsi oldu. Özüm sarılıq xəstəsi olmuşdum. Xəstəxanadan buraxmırdılar məni. Dedim, yox, gedəcəyəm. Günorta sistem altından çıxıb birbaşa hərbi hissəyə getdim. Saat 9-un yarısı idi, mən artıq Daşkəsəndə idim. Axırıncı dəfə bu ayın 6-da, bazar günü danışmışam. Günorta saatları idi. Zəng etmişdi. Dedim Ceyhun, anan qurban, necəsən? Dedi, yaxşıyam. Hər bazar günləri zəng edirdi. "Vızıv" atırdı, mən zəng edirdim. Axşam 8-in yarısı yenə zəng elədi. Yenə danışdım onunla. Bir az söhbətləşdik, dərdləşdik. Üstündən 10 dəqiqə keçməmiş yenə zəng elədi: "Ana, xalamla danışmaq istəyirəm" dedi. Bacımın 3 yaşlı uşağı var. Onunla danışırdı. Dedim, nömrəni verim, zəng eləsinlər sənə. Sonra kimin ki, telefonu ilə zəng eləmişdisə, həmin əsgər zəng etdi ki, Ceyhun qohumu ilə danışmaq istəyir, cavab gözləyir. Elə əsgərdən də vəziyyətlərini soruşdum. Dedi, yaxşıdır, özümüz də baxırıq ona. Ceyhun mənimlə danışanda dedi ki, ikinci tabora qalxacağıq. Dedim, nə vaxt yuxarı qalxacaqsınız? Söylədi ki, dəqiq bilmirəm. Bəlkə səhər tezdən yola düşəcəyik. Bu adam mənimlə bazar günü danışıb. Səhər tezdən yola düşməlidir. Bu nə vaxt yola düşdü, nə tez çatdı? Nə vaxt posta qalxdı? Kağızda ayın 7-də vəfat etdiyi göstərilib".
"Ən sonuncu xəbər tutan mən oldum"
"Ayın 8-i idi. Evə zəng gəldi. Telefonu anam götürdü. Məni soruşdular. Götürdüm, ünvanımızı, ad, soyadımızı soruşdular dedilər ki, seçkiyə görə qeydiyyata alırıq. Sən demə, oğlumun ölüm xəbərini mənə deyə bilməyiblər. Ünvanı soruşublar. Bir qədər sonra isə oğlumun cənazəsini gətirdilər. Evin ünvanını yenə tapa bilmirlərmiş, axtarıblar. Xırdalanda hamının xəbəri olub. Oğlumun ölümdən ən axırıncı xəbər tutan mən oldum. Oğlumu aparıb yudular, basdırıb, çıxıb getdilər. Uşağım evimdə 3 saatlıq qonaq oldu. Digahda, babasının yanında torpağa tapşırdım. Bu gün Respublika Prokurorluğunda məni qəbul edəcəkdilər, yas verdiyim üçün gedə bilmədim. Sabah icra hakimiyyətinin nümayəndəsi isə fotoları da götürüb gedəcəyəm. Oğlumun qanını yerdə qoya bilmərəm".
"Tabutu açdırdım"
"Hərbçilər üstünə bayraq bükülmüş, bağlı tabutu gətirdilər. Ekspertiza rəyini göstərdilər. Ürək çatışmazlığından vəfat etdiyi yazılmışdı. Mən israr edərək, tabutu açdırdım. Çünki bilirdim ki, oğlum heç vaxt ürəyindən şikayətlənməyib. Elə olsa idi, mən bilərdim. Dedim ürək çatışmazlığından ölsəydi, kürəyində bir iz olardı. Heç bir iz yox idi. Üz-gözündə yaralar var idi. Sifətindəki qan təzə idi. Onu yuyarkən uşaqlar da görüblər. Su vuran kimi yaralardan qan açılıb. Komandirindən də soruşduq ki, o, ürəyindən şikayət edirdimi? Dedilər, yox elə bir şikayəti olmayıb".
Samirə xanımın qonşusu müdaxilə edir: "Komandir deyildi, təlim-tərbiyə işləri üzrə zabit idi. O, dedi ki, bizim məlumatımız yoxdur".
Samirə xanım bildirir ki, oğlunun cəsədlini fotoya özü çəkib: "Şəkilləri özüm çəkmişəm. Anayam, hamı anadır. Axı döyülənlə ürək çatışmazlığı eyni şey deyil. Mən savadsız qadınam. Yalnız orta məktəb bitirmişəm. Sual verirəm sizə yaralar nədir, ürək çatışmazlığı nədir?"
"Çox utancaq oğlan idi"
Ceyhunun dayısı, qonşuları, dostları da onun olduqca sakit və təmkinli uşaq olduğunu söylədilər. Dayısı deyir ki, Ceyhunun bədəni gömgöy, üz-gözü isə yara imiş: "Ayaqları gömgöy idi, üz-gözü də yara idi. Yıxılmaqdan insan belə ola bilməz. Baxan kimi bilinir ki, döyülüb. Ceyhun heç vaxt davakar olmayıb. Deyim ki, kimləsə dalaşıb. O qədər utancaq, fağır uşaq idi. 18 yaşı var idi. Amma evdən çölə çıxmırdı. Güclə sual cavab alardın".
Nənəsi Zibaxanım Qubadova deyir ki, Ceyhuna özü analıq edib: "Xəstəxanadan çıxandan onu mən saxlamışam. Yanıma apardım, qeydiyyata saldım. Gül kimi bala idi. Mən xəstə idim, and içməsinə gedə bilmədim. Qızım tək getdi. Hər şeyi özü hazırladı. 130 manat pensiya alıram. Qəpik-qəpik yığdım ki, balamın yanına getsin. Axırıncı dəfə ayın 4 ya 5-i idi, onun səsini eşitdim".
Samirə Qubadova oğlu ilə bağlı ədalətli iş aparılmasını tələb edir: "Oğlum düşmənlə döyüşdə şəhid olsaydı, bəlkə də belə üzülməzdim. Amma onun belə ölümünü qəbul edə bilmirəm. İstəyim bircə bu işin günahkarlarının tapılmasıdır. Bundan başqa, heç bir şey istəmirəm. Araşdırsınlar, tapsınlar. Bu, mənim başıma gəlib. Amma minlərlə ananın başına gələ bilər. Bunun dalınca düşəcəyəm. Bilinsin ki, bu uşaq niyə öldürülüb? Döyülmənin bizdən niyə gizlədilməsinin səbəbini desinlər".
S. Qubadova Müdafiə Nazirliyinin, digər rəsmilərin məsələ ilə bağlı dərhal reaksiya verdiyini, İcra Hakimiyyətinin, Hərbi Komissarlığın nümayəndələrinin gəldiyini deyir: "Allah hamısından razı olsun! Maraqlanıblar, ümidim var ki, Ceyhunun ölüm səbəbini araşdırıb, mənə düzünü deyəcəklər. Bu işi eləyənləri cəzalandıracaqlar".
Əsgərin atası Heyman bəy deyir ki, o, illərdir oğlunun üzünü görmür: "Bacımgilə gedib-gəlirdi. Özləri imkan vermirdilər ki, oğlumla görüşüm. Əsgərliyə getməyindən xəbərsiz idim. Fəxr edərdim ki, bizim də uşağımız əsgər gedir, görüşərdim. Amma qismət olmadı..."