Narkotiklərlə mübarizə sahəsində 860 fakt aşkarlanıb
14 Aprel 2016 18:07 KriminalCari ilin I rübündə narkotiklərlə mübarizə sahəsində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 860 fakt aşkar edilib ki, onlardan 226-ı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 613-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 7-i isə digərləri təşkil edib. "OLAYLAR"-ın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 832 kq 141,596 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 226 kq 787,73 qr marixuana (27,2 %), 93 kq 340,652 qr tiryək (11,2%), 496 kq 024,312 qr heroin (59,6%), 15 kq 935,225 qr həşiş (1,9%), 53,677 qr psixotrop maddələr (0,1%) və 11798 ədəd həb təşkil edib.