Azərbaycanın geosiyasi tərəfdaşlıq modeli: qlobal enerji dialoqunda mühüm faktor

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları enerji təhlükəsizliyi, yaşıl keçid və beynəlxalq tərəfdaşlıq baxımından mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin çıxışı isə bu platformanın artıq regional təşəbbüs çərçivəsini aşaraq qlobal enerji dialoqunun vacib mexanizminə çevrildiyini nümayiş etdirir. Son 12 ilin təcrübəsi göstərir ki, birlikdə toplaşmaq, enerji təhlükəsizliyi ilə bağlı məsələləri açıq müzakirə etmək və ortaq qərarlar qəbul etmək həyati əhəmiyyət daşıyır. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda bu əməkdaşlıq modeli özünü tam doğruldub.

Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünya miqyasında ön sırada qərarlaşmaq məqsədyönlü enerji strategiyasının nəticəsidir. Avropa istiqaməti xüsusi əhəmiyyət daşıyır. Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması ilə Avropa İttifaqının 10 üzv dövləti artıq bu mənbədən faydalanır. Bu amil Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə olmaqla yanaşı, uzunmüddətli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelini daha da möhkəmləndirir. Eyni zamanda, artan tələbat mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Cənub Qaz Dəhlizi hazırda tam yüklənmiş vəziyyətdədir. Əlavə genişləndirmə, interkonnektor layihələri və yeni bazarlara çıxış imkanları üzərində iş aparılır. Məqsəd ixrac həcmini maksimum səviyyəyə çatdırmaqdır.

Enerji strategiyasının davamlılığı yeni hasilat mərhələləri ilə birbaşa bağlıdır. "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanması, "Abşeron" yatağının tammiqyaslı işlənməsi və "Ümid" yatağının ikinci mərhələsi qaz hasilatına əhəmiyyətli əlavə verəcəkdir. Əsas qaz mənbələrindən biri olan Şahdəniz yatağında isə 2028-ci ildə yeni mərhələnin başlanması planlaşdırılır. Bütün bu layihələr maksimum istehsal səviyyəsində əlavə 10-15 milyard kubmetr qaz əldə etməyə imkan verəcək. Bu isə həm mövcud bazarların təminatı, həm də yeni istiqamətlər üzrə ixrac üçün möhkəm resurs bazası formalaşdırır.

Məşvərət Şurası çərçivəsində yaşıl gündəlik xüsusi yer tutur. Alternativ enerji sahəsində artıq konkret nəticələr var. 240 meqavat gücündə külək elektrik stansiyası "ACWA Power" tərəfindən inşa edilərək istismara verilib. 2023-cü ildə isə "Masdar" şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə təqdim edib. SOCAR ilə yanaşı, özəl sektorun da alternativ enerji layihələrinə qoşulması həmin istiqamətdə sağlam investisiya mühitinin formalaşdığını göstərir.

Prezident İlham Əliyev iqlim məsələlərinə ideoloji deyil, praqmatik və realist yanaşmanın vacibliyini diqqətə çatdırıb. COP29 çərçivəsində də qeyd olunduğu kimi, faydalı qazıntı yanacaq növlərini tamamilə nəzərə almamaq reallıqdan uzaq yanaşma olardı. Enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında balans qorunmalıdır. Bu baxımdan enerji keçidi mərhələli və iqtisadi dayanıqlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Ənənəvi enerji resursları ilə bərpaolunan mənbələrin paralel inkişafı qlobal sabitliyə xidmət edir. Azərbaycan da məhz bu tarazlı yanaşmanı əsas götürərək həm enerji təminatçısı, həm də yaşıl transformasiyanın aktoru kimi çıxış edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik: "Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik".

Alternativ enerjinin artması daxildə təbii qaz istehlakını azaldaraq ixrac üçün əlavə həcm yaradacaq. Eyni zamanda sənaye, kommunikasiya sektoru, süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün dayanıqlı enerji bazası təmin ediləcək. Bu proses həm də ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində həyata keçirilən layihələrlə uzlaşır və enerji, texnologiya, innovasiya sahələrində əməkdaşlığı dərinləşdirir. Hidroelektrik stansiyalara yatırılan sərmayələr nəticəsində artıq 307 meqavat gücündə obyektlər enerji sisteminə qoşulub. Yaxın 2-3 ildə bu göstəricinin təxminən ikiqat artırılması planlaşdırılır. Bu layihələr əlavə və daha ucuz enerji mənbəyi yaratmaqla yanaşı, regional inkişafı da stimullaşdırır. Beləliklə, qaz, külək, günəş, hidro və potensial olaraq termal enerji istiqamətlərində kompleks və balanslı yanaşma tətbiq olunur.

Azərbaycan yalnız ixracatçı deyil, həm də etibarlı tranzit ölkədir. Qazaxıstan və Türkmənistan neftinin nəqli sistem vasitəsilə həyata keçirilir və həcmlər ildən-ilə artır. Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək üçün zəruri infrastruktur mövcuddur. Beynəlxalq enerji aktivlərinin genişləndirilməsi də diqqət çəkir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiya ilə 500 meqavatlıq stansiyanın inşasına dair müqavilə enerji təhlükəsizliyinə regional miqyasda töhfə verir. İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması və Egey sahillərindəki 12 milyon tonluq mövcud güc ilə birlikdə Aralıq və Egey hövzəsində 22 milyon tonluq emal potensialının formalaşması neft məhsullarının davamlı təchizatını təmin edir. Bu şəbəkə minlərlə yanacaqdoldurma stansiyasını əhatə edir.

Bakıda keçirilən iclaslar göstərdi ki, enerji siyasəti artıq təkcə resurs ixracı deyil, çoxşaxəli və uzunmüddətli strateji yanaşmadır. Qaz hasilatının artırılması, yaşıl enerji keçidi, yeni kabel layihələri, beynəlxalq aktivlərin genişləndirilməsi və tranzit imkanlarının artırılması vahid strateji xətt üzrə həyata keçirilir. Enerji siyasətinə praqmatizm, realizm və davamlı tərəfdaşlıq kontekstində obyektiv yanaşma regional və qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir və gələcək onilliklər üçün sabit inkişaf modelini formalaşdırır.
Mahir Süleymanlı

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31