Rusiya-Ermənistan gərginliyi: Aİ inteqrasiyası hansı nəticələrə yol aça bilər? ÖZƏL

"Rusiyanın rəsmi İrəvana olan müraciətləri onun Ermənistanla münasibətləri inkişaf etdirmək və genişləndirmək istəyində olduğunun göstəricisi kimi qəbul olunmalıdır. Bu müraciət və açıqlamalar Ermənistan vətəndaşlarına Rusiya ilə münasibətlərin erməni xalqı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha xatırlatmaq, seçki ərəfəsində onlara bu münasibətlərin Ermənistan üçün nə qədər önəmli olması barədə reallıqlardan çıxış edərək qarşılıqlı maraqlara xidmət edəcək qərar qəbul etmələri üçün yüksək səviyyədə verilən mesajlardır."  Bu  sözləri  Olaylar.az-a  açıqlamasında politoloq Elşən Manafov deyib:"
"Bəllidir ki, Ermənistandakı parlament seçkiləri bu ölkənin hansı yolla gedəcəyi ilə bağlı proseslərə ciddi təsir göstərəcək. Ermənistanda nüfuz dairəsi uğrunda Avropa siyasi establishmentində qərarlaşmış qlobalistlər və Rusiya arasında gedən mübarizənin perspektivlərinə bu seçkilərin həlledici təsir göstərəcəyi şübhəsizdir.
Uzun müddətdə Cənubi Qafqazda nüfuz sahibi olan Rusiyanın bu mövqeyini asanlıqla Qərbə güzəştə gedəcəyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Şübhə yoxdur ki, regionda erməni dövlətçiliyinin meydana gəlməsi Rusiyanın bölgə ilə bağlı geosiyasi maraqlarından doğmuşdur. Rusiya Ermənistan siyasi elitasına və cəmiyyətinə bu barədə düşünmək, iki əsrdən yuxarı müddət ərzində məhz Rusiyanın dəstəyi sayəsində duruş gətirən Ermənistana bu barədə düşünmək və qarşılıqlı maraqlara cavab verməyəcək addımlar atmaqdan Ermənistan cəmiyyətini çəkindirmək üçün model təklif edir. Rusiyanın rəsmi İrəvana müraciətlərinə Kremlin Paşinyan iqtidarına "yumşaq gücün" tətbiqi kontekstində nə qədər çeşidli imkanlara malik olduğunun göstəricisi kimi yanaşmaq lazımdır. Ermənistan iqtisadiyyatının müasir durumu, onun dövlət olaraq enerji təhlükəsizliyi ilə bağlı amillər Rusiyanın burada həlledici güc olduğunu göstərir. Bu kimi reallıqları görməzdən gəlmək, bəlli gerçəkliklərə saymazyana münasibət sərgiləyərək Ermənistanı Qərbdəki qlobalistlərin ağuşuna itələmək əslində erməni xalqını sosial kataklizmlər məngənəsinə salmaqdan başqa bir şey deyil.
Digər tərəfdən Ermənistanın Rusiya ilə ticari sövdələşmələrinin həcmi, onun Avrasiya İqtisadi Birliyinin üzvü olaraq bu üzvlükdən əldə etdiyi mənfəət Rusiya ilə münasibətlərin Ermənistan iqtisadiyyatında oynadığı rolun əhəmiyyəti baxımından real çəkisi olan faktorlardır. Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas istehlak bazarı olan Rusiyanın bu sahədə əməkdaşlıqdan imtina edəcəyi, Ermənistan yüngül və yeyinti sənayesinin məhsullarına embarqo qoyulacağı təqdirdə bu proseslərdə uduzan tərəfin erməni fermerləri və sahibkarları olacağı da bəllidir.
Ermənistana yükdaşımaların həyata keçirilməsində xüsusi çəkiyə malik dəmir yollarında səhmlərin əhəmiyyətli hissəsinin Rusiya şirkətlərinə aid olması bu ölkənin nəqliyyat-kommunikasiya sistemində Rusiya faktorunun ciddi çəkiyə malik olması kontekstində də nəzərdən qaçırılmamalıdır.
Ukraynadakı ssenarinin Ermənistanda oynanılması ehtimallarına gəlincə, bunun Ermənistan üçün sarsıdıcı təsirə malik olacağı birmənalıdır. Əvvəla, Ermənistan ərazi göstəriciləri, əhali resursları, iqtisadi potensialı və hərbi imkanları ilə Ukrayna ilə müqayisəyə gəlməyəcək dərəcədə zəif və kiçikdir. Bu kontekstdə onun Rusiya ilə uzunmüddətli qarşıdurmaya tab gətirməyəcəyi şübhəsizdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31