Orta Dəhlizdə yeni dövr: Tranzit gəlirləri və investisiya axını necə artacaq? – ÖZƏL
16:00 Siyasət"Çinin Avropaya yük daşımalarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna, yəni Orta Dəhlizə marağının artması Azərbaycan üçün həm iqtisadi, həm də geostrateji baxımdan mühüm imkanlar yaradır. Son illərdə qlobal logistika marşrutlarında baş verən dəyişikliklər, xüsusilə Rusiya üzərindən keçən ənənəvi dəhlizlərə tətbiq olunan sanksiyalar və geosiyasi risklər Çin başda olmaqla bir çox ölkələri alternativ nəqliyyat yolları axtarmağa sövq edib. Bu baxımdan Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit qovşaqlarından birinə çevrilmək potensialına malikdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, Çinin yük daşımalarını Orta Dəhliz vasitəsilə artırması ilk növbədə Azərbaycanın tranzit gəlirlərinin yüksəlməsinə səbəb ola bilər. Ölkə ərazisindən keçən yüklərin həcmi artdıqca dəmir yolu, liman, logistika, gömrük və digər xidmətlərdən əldə olunan gəlirlər də yüksələcək. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin dəmir yolu infrastrukturu daha intensiv istifadə olunacaq ki, bu da xidmət ixracının genişlənməsinə şərait yaradacaq. Orta dəhliz üzrə yük axınının artması logistika sektorunda yeni investisiyaların cəlb edilməsini də sürətləndirə bilər. Anbar kompleksləri, logistika mərkəzləri, yükdaşıma şirkətləri və sənaye parklarının inkişafı həm məşğulluğa, həm də qeyri-neft sektorunun böyüməsinə müsbət təsir göstərəcək. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsinə əlavə töhfə verə bilər.
İqtisadçı qeyd edib ki, regional baxımdan Orta Dəhlizin inkişafı Azərbaycanın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də Avrasiya ticarətinin əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirir. Bu status ölkənin beynəlxalq iqtisadi layihələrdə rolunu artırmaqla yanaşı, tərəfdaş ölkələrlə iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Həm də Orta dəhlizin güclənməsi Azərbaycanın regional qərarların qəbulunda təsir imkanlarını da artırır. Qlobal ticarət marşrutlarının bir hissəsinə çevrilən ölkələr adətən daha çox investisiya cəlb edir, beynəlxalq maliyyə institutları və iri şirkətlər üçün strateji tərəfdaşa çevrilirlər. Bu baxımdan Azərbaycanın nəqliyyat və logistika infrastrukturu gələcəkdə ölkənin iqtisadi çəkisini artıran əsas amillərdən biri ola bilər. Eyni zamanda, bu proses Avrasiya məkanında yeni iqtisadi balansın formalaşdığını göstərir. Əgər Çin-Avropa ticarətinin daha böyük hissəsi Orta dəhlizə yönələrsə, Azərbaycan Şərqlə Qərb arasında ticarətin mühüm halqalarından birinə çevriləcək. Bu isə yalnız tranzit gəlirlərinin artması deyil, həm də ölkənin beynəlxalq iqtisadi sistemdə strateji mövqeyinin möhkəmlənməsi deməkdir. Çinin yük daşımalarını Orta Dəhliz üzərindən artırması Azərbaycan üçün əlavə tranzit gəlirləri, yeni investisiyalar, qeyri-neft sektorunun inkişafı və regional iqtisadi nüfuzun güclənməsi kimi mühüm üstünlüklər yarada bilər. Bu tendensiya düzgün idarə olunduğu halda Azərbaycanı Avrasiyanın əsas logistika və ticarət mərkəzlərindən birinə çevirə bilər.
Səidə Ramazanova