Trampın "sülh məktubu" və "Paşinyan ssenarisi": İyunda üçtərəfli saziş imzalanacaq? ÖZƏL
16:21 SiyasətABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda iyun ayında Azərbaycanla Ermənistan arasında sülh prosesində mühüm irəliləyişlərin olacağına inandığını bildirib. Ekspertlər iyun ayında keçirilməsi gözlənilən görüşləri Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi mərhələnin başlanğıcı kimi dəyərləndirirlər.
"Donald Tramp indiki Baş nazir Nikol Paşinyanı seçkilərdə dəstəkləyib. Bu gün isə Ermənistanla Amerika arasında Tramp layihəsi çərçivəsində sənədin paraflanmasından sonra rəsmi imzalanma mərasimi baş tutub. Sənəd Amerikada imzalanıb və daha sonra Ermənistana göndərilib. Paşinyan da bu gün onu imzalayıb. Mən hesab edirəm ki, belə bir formatda sülh müqaviləsinin bağlanması mümkündür".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, əgər Paşinyan yenidən seçkilərdə qalib gələrək Ermənistanın Baş naziri seçilərsə, paraflanma prosesinin davamı mümkündür. Necə ki, Vaşinqtonda müəyyən razılaşmalar baş vermişdi, burada da sülh sazişinin paraflanmasından və Tramp layihəsindən söhbət gedir. Son imzalanma mərasimi üçtərəfli formatda da baş tuta bilər. Təbii ki, bu, iyunun 7-də keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq. Əgər Paşinyan qalib gələrək yenidən Baş nazir olarsa, belə bir ehtimal istisna edilmir. Amma bir məqamı da unutmaq olmaz ki, Azərbaycanın bu məsələdə qəti mövqeyi və konkret şərtləri var. Azərbaycan sülh sazişini Ermənistan Konstitusiyasında dəyişikliklər edildikdən sonra imzalayacağını bəyan edib. Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra, mən hesab edirəm ki, üçtərəfli formatda belə bir sazişin imzalanması mümkün ola bilər. Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilmədən və əvvəlcədən nəzərdə tutulan prosedurlar tamamlanmadan bu prosesin baş verməsi çətin görünür. Lakin bu addımlar atılarsa, belə bir ssenari mümkündür. Paşinyan da Konstitusiyada dəyişiklik edəcəyinə söz verib. Yəni, dediyim mərhələlər ardıcıllıqla həyata keçirilərsə, bu prosesin reallaşması mümkündür.
Səidə Ramazanova