Avropanın Azərbaycana artan marağı: enerji və Orta Dəhliz geosiyasi xəritəni dəyişir-ÖZƏL
15:37 İqtisadiyyatNiderlandın Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Bernhard Kelkes Azərbaycana səfər edərək rəsmi şəxslərlə görüşüblər. Danışıqlarda təmiz enerji, logistika, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, innovasiyalar və Orta Dəhlizin rəqəmsallaşdırılması sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Niderlandın Azərbaycanla enerji, logistika və Orta Dəhliz üzrə əməkdaşlığa marağının arxasında hansı geosiyasi və iqtisadi amillər dayanır? Son dövrlər Avropa ölkələrinin Azərbaycana artan marağını şərtləndirən əsas amillər hansılardır və bu maraqda Azərbaycanın enerji, nəqliyyat və geosiyasi mövqeyi hansı rolu oynayır?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, Avropa ölkələrinin bir qismi Azərbaycanla təkcə siyasi təzyiq üsulları ilə deyil, iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, energetika, enerji resursları, neft-qaz və yaşıl enerji sahələrində əməkdaşlığa üstünlük verirlər. Bu da, təbii ki, müsbət məqamdır.
Hesab edirəm ki, siyasi məsələləri əsas götürərək iqtisadi əməkdaşlıq imkanlarını, qarşılıqlı faydalanmaq fürsətlərini əldən buraxmaq olmaz. Bu, düzgün yanaşma deyil. İqtisadi münasibətləri qərəzli siyasi məsələlərə qurban vermək olmaz. Bu baxımdan belə yanaşmanı təqdir edirəm.
Azərbaycan Avropa ilə Asiya arasında, eləcə də Çinlə Avropa arasında ciddi tranzit və logistika imkanlarına malikdir. Eyni zamanda, yaşıl enerji sahəsində də Azərbaycan Avropa ilə mühüm əməkdaşlıq layihələri həyata keçirə bilər və Avropa ölkələri bundan faydalana bilərlər. Bu, təbii ki, hər iki tərəf üçün faydalıdır.
Qarşılıqlı iqtisadi maraqlar və ticarət əlaqələri inkişaf etdikcə digər sahələrdə də müsbət nəticələr əldə etmək mümkündür. Geosiyasi və geostrateji baxımdan Azərbaycanın mövqeyi, etibarlı tərəfdaş kimi çıxış etməsi, üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi mühüm amillərdəndir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Ölkəmiz tranzit, logistika və digər iqtisadi sahələrdə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirə bilir.
Siyasi məsələlərə gəldikdə isə, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və regionda sülhün təmin olunmasına töhfə verən əsas ölkələrdən biridir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu gün hətta müharibədə məğlub olmuş Ermənistanla da sülhün əldə olunması istiqamətində təşəbbüslər göstərir.
Biz Ermənistanla münasibətlərin normallaşması, iqtisadi imkanların araşdırılması və regional əməkdaşlığın inkişafı istiqamətində addımlar atırıq. Bu baxımdan hesab edirəm ki, Avropa ölkələrinin də məsələlərə bu prizmadan yanaşması faydalı olar. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq vasitəsilə mühüm nəticələr əldə etmək mümkündür".
Zeynəb Mustafazadə