Asiyanı Avropaya bağlayan qovşaq: ABŞ investisiyaları niyə məhz Azərbaycana yönəlir? – ÖZƏL

"ABŞ-nin Azərbaycanda yeni investisiya layihələrinə start verməsi  Amerika ilə  Azərbaycan arasında münasibətlərin yeni mərhələyə keçməsi deməkdir. Xüsusilə də enerji sektoru ilə yanaşı, logistika və informasiya texnologiyaları sahələrində də investisiyaların nəzərdə tutulması Azərbaycanda həm yeni iş yerlərinin yaranmasına, həm də Bakı Limanının strateji əhəmiyyətinin artmasına səbəb olacaq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, ABŞ-də anlayırlar ki, Azərbaycan Asiyanı Avropa ilə birləşdirən vacib dəhliz rolunu oynayır. Məhz bu strateji coğrafi mövqeyinə görə  Azərbaycana yatırımların artırılması planlaşdırılır. Digər tərəfdən, neft və qaz sektorunda yeni yataqlarla bağlı kəşfiyyat işlərinin həyata keçirilməsi və onların aşkarlanması gələcəkdə neft hasilatının azalacağı təqdirdə yeni yataqların istismara verilməsinə imkan yaradacaq. Bununla da neft gəlirlərinin azalmasının qarşısının alınması hədəflənir. Bu, Azərbaycan üçün kifayət qədər əlverişli perspektiv hesab oluna bilər. ABŞ-nin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmaq niyyəti Avropa qitəsində, xüsusilə də Avrozona ölkələrində müəyyən hərəkətlilik yarada bilər. ABŞ-nin Azərbaycana investisiya yatırması həm də siyasi təminat xarakteri daşıyır. Bundan sonra Avropa şirkətləri və Avropa ölkələri də Azərbaycanın strateji-coğrafi mövqeyini qiymətləndirərək ölkəmizə xarici investisiya axınını sürətləndirə bilərlər. Yəni ABŞ-nin bu addımından sonra Avropa ölkələri də Azərbaycana investisiya yatırılması imkanları barədə daha ciddi düşünəcəklər və bu, investisiya axınının sürətlənməsinə səbəb ola bilər.

"Digər tərəfdən, ABŞ-nin Azərbaycan iqtisadiyyatına 8 milyard dollar həcmində investisiya yatırması Azərbaycanın beynəlxalq aləmdə maliyyə imicinin yüksəlməsi deməkdir. Bu, həm də Azərbaycanın əlverişli coğrafi mövqeyə və mühüm siyasi əhəmiyyətə malik ölkə statusunu daha da möhkəmləndirir. Nəticə etibarilə Azərbaycanın beynəlxalq investisiya mühitindəki mövqeyi və maliyyə sabitliyi daha da güclənə bilər. Təbii ki, ilkin mərhələdə bu investisiya layihələrinin niyyət protokolu səviyyəsində elan olunduğunu görürük. Lakin burada ən mühüm məqamlardan biri informasiya texnologiyaları sahəsinə yatırımların nəzərdə tutulmasıdır. Əgər bu investisiyalar həyata keçirilərsə, bu, birbaşa olaraq Azərbaycan iqtisadiyyatının idarə olunmasında, həmçinin strateji nəqliyyat dəhlizlərinin və nəqliyyat qovşaqlarının idarə edilməsində ölkənin mövqeyini daha da gücləndirəcək. Beləliklə, Azərbaycan regionun aparıcı ölkələrindən birinə çevrilmək imkanlarını genişləndirir. İnformasiya texnologiyaları sahəsində ABŞ-nin Azərbaycana göstərdiyi maraq yeni iş yerlərinin açılması, əlavə investisiyaların cəlb olunması və ölkənin qlobal iqtisadi-siyasi mövqeyinin möhkəmlənməsi deməkdir", - deyə iqtisadçı qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31