Yeni büdcə əhalinin sosial rifahına necə təsir edəcək?
15:00 İqtisadiyyat"2026-cı il dövlət büdcəsi haqqında" Qanun layihəsi birinci oxunuşdə təsdiq edilib, layihənin yaxın günlərdə parlament müzakirəsi davam etdiriləcək. Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703,6 milyon manat məbləğində təsdiqlənib. 2026-cı il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 48 milyard 839 milyon 322,6 min manat müəyyən edilib. Hazırda cəmiyyətdə müzakirə olunan əsas məslələrdən biri növbəti ildə əhalinin həssas qrupunun sosial təminat məslələri ilə bağlıdır. Daha dəqiq, dövlət büdcəsinin təsdiqi əhalinin əmək haqqı və pensiyalarına necə təsir edəcək? 2026-cı il üçün minimum əməkhaqqı və sosial təminat sahəsində əsas gözləntilər və proqnozlar nələrdın ibarətdir?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2026-cı il üçün minimum əməkhaqqının artırılması, sosial təminat mexanizmlərində yenilənmələr və pensiyaların indeksləşdirilməsi ilə bağlı gözləntilər həm əhalinin rifahına, həm də dövlətin sosial yükünə birbaşa təsir edən əsas mövzular kimi diqqətdədir: "Sosial sahədəki artımların bir qismi qanunvericilik, bir qismi isə prezident tərəfindən qəbul edilən və imzalanan sənədlərlə həyata keçirilir. Qanunvericiliyə əsasən, pensiyaların indeksləşdirilərək artırılması və ehtiyac meyarının məbləğinin müəyyənləşdirilməsi də tənzimlənir. Növbəti il yanvarın 1-dən etibarən "Əmək pensiyaları haqqında" Qanuna əsasən pensiya məbləğləri indeksləşdirilərək artırılacaq. İlkin gözlənti ondan ibarətdir ki, pensiyalarda 9-12% artım olacaq və bu artım yaşa görə, valideynlərini itirməyə görə və əlilliyə görə pensiya alan bütün vətəndaşları əhatə edəcək. Proqnozlara görə, növbəti ildən etibarən 1 milyon 100 minə yaxın vətəndaşın pensiyası artırılacaq. Beləliklə, 2026-cı ilin dövlət büdcəsində sosial istiqamət üzrə xərclər 17,1 milyard manat təşkil edəcək. Ehtiyac meyarının artırılması da ünvanlı sosial yardım məbləğinin yüksəlməsinə səbəb olacaq. Bu artımlar qanunvericiliklə tənzimləndiyi üçün öncədən proqnozlaşdırmaq mümkündür. Bu baxımdan, 2026-cı ilin dövlət büdcəsində sosial istiqamət üzrə xərclərin artırılması nəzərdə tutulur. Əgər 2025-ci ildə bu rəqəm 16,9 milyard manat idisə, növbəti il 17,1 milyard manat olacaq. Bu isə onu göstərir ki, 2026-cı ildə də sosial sahədə atılan addımlar və sosial təminatın gücləndirilməsi prioritet olaraq qalacaq".
İşsizlər üçün ayrılan vəsaiti kimlər ala biləcək?
Millət vəkili qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu 2025-ci illə müqayisədə 65.0 faiz artım deməkdir: "Bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisini dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir. Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərində işsiz şəxs kimi qeydiyyata alınmalıdır. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir. Müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər".
Vətəndaşlara daha çox "ƏDV geral" ödəniləcək
Millət vəkili bildirib ki, "Vergi Məcəlləsinə" gələn ildən "ƏDV geral" mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub: "Yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara "ƏDV geral" görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur. Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə "ƏDV gerial" mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər. Yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır. Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlkaçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin "ağarması" prosesini sürətləndirəcək".
Evlərini kirayə verənlər də vergi ödəyəcəklər
Deputat qeyd edib ki, "Vergi Məcələsində" nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır: "Təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil 10 faiz vergi ödəyəcəklər. Kirayə vergisinin azaldılması müsbət haldır. Bununla belə, kirayə müqavilələrinin rəsmilləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var. Aparılan müşahidələr göstərir ki, bu mənbədən büdəcəyə ödəmələr yüksək deyil. Bunun əsas səbəblərindən biri də məhz vergi dərəcəsinin yüksək olması ilə bağlı idi. Bu baxımdan, kirayə vergisinin daha çox azaldılması bu sahənin daha çox ağarmasına və büdcə daxilolmalarının artmasına səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur. Kirayə vergisi dərəcəsinin azaldılması təqdir olunsa da, daha aşağı dərəcələrinin tətbiqi məqsədəuyğundur. Bu baxımdan, təqdim etdiyim təkliflərdən biri də kirayə vergisinin14 faizdən 5 faizə endirilməsi ilə bağlı idi. Belə dəyişiklik fiskal gəlirlərimizə neqativ təsir göstərməz, əksinə sözügedən mənbənin daha da rəsmilləşməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olardı".
Özəl sektorda çalışanlar da gəlir vergisi ödəyəcəklər
"Vergi Məcəlləsinə" təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2500 manatadək əmək haqqı 3 faiz gəlir vergisinə cəlb ediləcək. Dövlət və neft-qaz sektorunda olduğu kimi özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub. Millət vəkili bildirib ki, əksər dövlətlərdə minimum əmək haqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur: "Həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik. Həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan zaman vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər".
Alim