Dərin təhlillər olmadan fraqmental təkliflər- ÖZƏL

Büdcə müzakirələri fonunda iqtisadi mövzularda müzakirələr zamanı diqqətçəkən bir məqam var idi. Dərin təhlillər olmadan fraqmental təkliflər. Mən iqtisadiyyat sahəsində olmayıb iqtisadi təhlillər etməyə çalışmağın xeyirdən çox zərərini, kompleks yanaşmanı kənara qoyub səsləndirilən fraqmental və qulağa xoş gələn populist təkliflərin orta və uzunmüddətli zərərlərini görməməyin təhlükələri, istər risklər, istərsə də müsbət məqamların belə görülməməsi, deyilməməsi və sair məqamlara toxunmuram. Səbəb odur ki, iqtisadi şərait və vəziyyəti təhlil etmədən, öz yanaşmamızı formalaşdırmadan sadəcə səsləndirilən fikirlərə rəy bildiririk. 

Geniş və dərin təhlillərin olmamasının zərəri haqqında misal:

- 7 illik vergi güzəştlərinin iqtisadiyyata xeyri ilə bağlı İqtisadiyyat Nazirliyindən daha sanballı təhlil və təsbitlər gözləyirdim (2 ay öncə bir yazımda bu barədə mesaj vermişdim. Daha dərin və geniş təhlillər aparılaraq büdcə müzakirələrində nəzərə almaqla daha sanballı təsbitlər səsləndirilə bilərdi). Təəssüf... Bu güzəştlərin şəffaflaşmada, pandemiyada bizneslərin ayaqda qalmasında, pensiya kapitalına ayırmalarda yükün sahibkarın xeyrinə daha ədalətli bölgüsündə, digər makro və mikroiqtisadi göstəricilərin dəyişməsində oynadığı rolları ortaya qoyulmadı. Risklərin və yanlış addımların təhlili itkilərin hesablanması, yumşaldılması və təkrar olunmamasına xidmət edirsə, müsbət məqamların da qeyd edilməsi gələcəkdə nəzərə alınaraq daha proqressiv addımların atılmasına xidmət edir. Amma obyektivlik naminə qeyd edilməlidir ki, İqtisadiyyat Nazirliyi tərəfindən verilən bu təklif öz müsbət rolunu oynadı. Sadəcə bu rolu təhlil edib nəticələrini daha fundamental bir təhlillə ortaya çıxartmaq daha səmərəli olardı;

Fraqmental təkliflərin zərəri haqqında bir misal:

- İllər öncə belə bir təklif verilir ki, gəlin gömrük rüsumlarının, ƏDV-nin hesablanmasında malın invoys deyil, statistik dəyərini nəzərə alaq. Burada əsas arqument bu idi ki, idxal etdiyi malın dəyərini sahibkar invoysda daha aşağı qeyd etdirir və rüsumlardan yayınır. Bu arqumentin həllinə fokuslanmaq əvəzinə (əslində beynəlxalq təcrübələrdən istifadə etməklə həlli mümkün məsələ idi) daha da irəli gedərək statistik dəyər üzərindən hesablamalarda malın ölkə daxilindəki qiymətinin nəzərə alınması tətbiq olundu. Yəni, gətirilən bir maşının invoys qiyməti məsələn 6000 Avro, lakin ölkə bazarında qiyməti 25 min manatdırsa, 25 min manat üzərindən gömrük rüsumlarının hesablanması əslində ikiqat hesablama idi. Yəni, o 25 min manatın içərisində o maşın ölkəyə gətirilərkən alınmış gömrük rüsumları və ƏDV var. Gömrük öz hesabladığı gömrük rüsumu və ƏDV-ni üzərinə yeni gətirilən maşınlarda bir də gömrük rüsumu və ƏDV hesablayır (çünki, ölkə daxilində bazar qiymətlərini nəzərə alır). Bu isə idxal inflyasiyasını daha da alovlandırır. Əslində 3 il öncə ölkəmizdəki inflyasiyanın daha da artacağı və idxal inflyasiyası üzərində ciddi fikirləşməli olduğumuzu dəfələrlə müsahibə və çıxışlarımda bildirmişdim. Lakin, daha çox qlobal qiymət artımlarına, lojistika və sığorta xidmətlərinin artımına yönəldik (bu son 3 amil isə ərzaq inflyasiyasında daha çox keçərlidir). Bunun da əsas səbəblərindən biri, sektorlardakı qiymət artımlarının fərqlərini, hər bir sektorda malların qiymət artımlarının səbəblərini düzgün və obyektiv şəkildə ortaya qoymaq əvəzinə daşlaşmış, bəzən də səhvən ortaya atılmış yanlış fikirləri təkrarlamaqla iqtisadi reallıqları yola verdik. İndi o iqtisadi reallıqlar aldadıqları üçün bizi yola vermir və bizimlə ilbəil daha qəddar davranır. Deməli, gömrük bu üsulu tətbiq etməklə qısa müddətdə büdcə daxilolmalarında artıma nail olduğunu bildirir və ilk baxışda bu dövlətin mənafeyinə, büdcənin artmasına xidmət kimi görünə bilər. Lakin, bu idxal inflyasiyası digər sektorlarda inflyasiyanı spiralvari daha da artırır, nəticədə dövlətin və sahibkarın üzərində maaşların, pensiya və təqaüdlərin artırılması tələbləri formalaşaraq büdcə xərclərinin artırılması təzyiqini daha da artırır. Yəni, büdcəyə gömrükdən daxil olan əlavə 2-3 milyard, büdcə xərclərində əlavə ən azı 7-8 milyardlıq xərclərin yaranması, artmasına səbəb olur. 2021-2023-cü illərdə bu xərclərin optimallaşdırılmağa çalışılması isə (xərclərin artımının inflyasiyanın altında saxlanılması) iqtisadi daralmanı sürətləndirməyə başladı. İlk dövrdə (ilk 1-2 il ərzində) dövlət büdcəsi üçün müsbət görünən bu addımın növbəti illərdə elə dövlət büdcəsinin özünə, makroiqtisadi göstəricilərə və biznes mühitinə artan mənfi təsirləri bir daha iqtisadiyyatda qəbul olunan fraqmental qərarların bəzən nə dərəcədə aldadıcı, bəzən də gözləniləndən daha yüksək mənfi təsir göstərdiyini əks etdirir. Obyektivlik naminə qeyd etməliyəm ki, söhbət gömrük orqanlarında işin təşkilindən getmir. Burada son illərdə rüşvət və korrupsiyanın aradan qaldırılması istiqamətində çox işlər görülüb. Müsbət tendensiyalar var. Lakin, problem gömrüyün öz əsas mandat və vəzifələrini kənara qoyaraq yalnız bir istiqamətdə, daha çox plan yerinə yetirmək istiqamətində fəaliyyət göstərmə meylləridir. Gömrük daxili bazarı qorumalıdır o deməkdir ki, daxili istehsalı, email qorumalıdır. Amma bu fikir də indiyə kimi ticarəti qorumaq kimi başa düşülüb. Burada əsas fikir hansısa qurumun hansısa siyasətini tənqid etmək deyil. Məsələ hər hansı bir iqtisadi qərarın qısa müddətdə təsirlərinə aldanmaq deyil, həmin qərarın orta və uzunmüddətli təsirlərini hesablamaqla qəbul etməkdir. Bu qərarın ilbəil büdcə daxilolmalarında artan "müsbət təsiri" zəifləyərək sıfıra yaxınlaşır. Lakin, inflyasiyanın ilbəil mürəkkəb faiz təsiri ilə artması nəticəsində mənfi təsirlərin və büdcə xərcləmələrinə təzyiqi daha da artacaq. Yəni 2-3 milyardlıq əlavə gəlir getdikcə daha çox büdcə xərcləmələrini və iqtisadi daralmanı daha da sürətləndirə biləcək. Hesablamaların dəyişdirilməsi isə büdcə daxilolmalarına mənfi təsir göstərəcək. Ümumiyyətlə gömrük siyasəti dərin düşüncə və yanaşma tərzlərinin dəyişməsini tələb edir. 
Deməli, biz bəzən ya populist (qısa müddətdə əhalinin rifahına xidmət edən təkliflərin əslində orta və uzun müddətdə daha çox zərər verəcəyi), ya da qısa müddətdə dövlətin siyasətinə xidmət edəcək (yuxarıdakı misal) qərarın əslində orta və uzun müddətdə dövlətin özünün siyasətinə və makroiqtisadi göstəricilərinə məhz mənfi təsir göstərə, təzyiq formalaşdıra və əlavə çağırışlarla üz-üzə qoyacağını nəzərə almırıq. 
Nəhayət, ən təhlükəli yanaşmamız. Zaman baxımından hadisələrə reaksiya vermək 3 növdür: 
1) Hadisə baş verdikdən sonra onu görüb reaksiya vermək (iqtisadiyyatda bu ən təhlükəli növdür. Gecikən reaksiyalara əsaslanan qərarlar verilir. Bu halda yığılan zərərlər o qədər böyük olur ki, alınan qərarlar gecikdiyi üçün yığılan zərərlər alınan qərarların gözlənilən müsbət təsirlərini minimallaşdırır);
2) hadisə baş verdiyi anda verilən reaksiya (istisadiyyatda bu da təhlükəlidir. Lakin, 1-ci növə baxanda mənfi təsirləri daha az olur. Reaktiv qərarlar verilir. Burada əsas məsələ sürətdir. Müsbət təsirlər mənfi təsirləri daha sürətlə bağlamağı bacarmalıdır);
3) hadisə baş verməmiş hadisəni proqnozlaşdırıb proaktiv, preventiv qərarlar vermək. Bu cür qərarlar mənfi təsirləri qabaqlayır. Bu əsl peşəkarların yanaşmasıdır. Burada əsas məsələ vizyon, peşəkar hesablamalara əsaslanan düzgün analiz və proqnozlar, hadisələrin gedişatını hiss etmək, oxumaq və nəbzi tuta bilmək. 
Ölkəmiz bir çox önəmli məsələlərdə 2 və 3-cü növ reaksiyalar versə də, iqtisadi məsələlərdə təəssüf ki, 1-ci növ reaksiyalar üstünlük təşkil edir. Bəzi hallarda isə gecikən reaksiyalar müalicəvi deyil, qısamüddətli ağrıkəsici xarakterli olur. Bu da daha çox özünü təhlilə əsaslanan fundamental yanaşmalarda deyil fraqmental təkliflərdə göstərir.

Elman Sadıqov

İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31