Bəzi mülkiyyətçilər və idarəçilər özəlləşdirmədən sonra istehsal prosesini effektli qura bilməyiblər-Nə etməli? - ÖZƏL
11:29 İqtisadiyyat"1990-cı illərin əvvəlində dövlətin əsas məqsədi sovet dövründən qalma iri sənaye müəssisələrini mümkün qədər tez özəlləşdirmək idi. Bununla yeni iri sahibkarlar sinfinin formalaşacağına ümid edilirdi. Düşünülürdü ki, bu müəssisələrə sahib çıxan özəl sahibkarlar onları səmərəli idarə edəcəklər. Çünki sovet dövründən miras qalan müəssisələr çox zaman səmərəsiz işləyir, köhnəlmiş texnologiyalarla fəaliyyət göstərir və ağır maliyyə vəziyyətində idi". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "1990-cı illərdə özəlləşdirmə üçün hüquqi baza çox zəif idi, lakin başqa seçim də yox idi. Çünki sovet dövründə özəlləşdirmə institutu ümumiyyətlə mövcud deyildi, SSRİ-nin süqutu isə qəfil baş verdi. QKÇP hadisələri cəmi bir neçə gün ərzində həm siyasi, həm iqtisadi, həm də sosial sistemin dayanıqsız olduğunu üzə çıxardı. Lakin onun yerinə gələcək yeni model hələ hazırlanmayıb idi. Nəticədə özəlləşdirmə prosesində bir çox səhvlər və sui-istifadələr baş verdi.
Bu gün iqtisadiyyatımız bazar prinsiplərinə əsaslansa da, onun səmərəlilik səviyyəsi istənilən qədər yüksək deyil - bu, danılmaz faktdır. Azərbaycanda da əmək məhsuldarlığı bir çox sahələrdə inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır - bəzi sahələrdə 30%-ə qədər, bəzilərində isə bir neçə dəfə geridə qalır. Bu, onu göstərir ki, mülkiyyətçilər və idarəçilər istehsal proseslərini hələ də kifayət qədər effektiv qurmayıblar. Halbuki sahibkarların dəyişməsi sadəcə adların dəyişməsi deyil, idarəetmə keyfiyyətində ciddi dönüş yaratmalıdır. Azərbaycan iqtisadiyyatı da keçid dövründən keçərək, dövlət mülkiyyətindən özəl mülkiyyətə əsaslanan sistemə transformasiya olunub. Lakin bu prosesdə bir çox müəssisələr sadəcə "özəlləşdirildi", amma modernləşmə baş vermədi. Bəzi hallarda özəlləşdirmə sadəcə formal xarakter daşıdı - müəssisələr istehsalı artırmaq, innovasiya tətbiq etmək və əmək məhsuldarlığını yüksəltmək əvəzinə, torpaq və bina aktivlərinin kommersiya istifadəsinə yönəldildi.
Bugünkü vəziyyətdə əsas problem əməkhaqqının aşağı səviyyəsi və məhsuldarlığın zəif olmasıdır. Bu, bir tərəfdən texnoloji gerilik, digər tərəfdən isə idarəetmə keyfiyyətinin aşağı olması ilə bağlıdır. Əgər yeni sahibkar sinfi həqiqətən iqtisadi inkişafın lokomotivinə çevrilmək istəyirsə, əsas məqsəd mənfəətin bölüşdürülməsi deyil, istehsalın keyfiyyətcə yenilənməsi və insan kapitalının gücləndirilməsi olmalıdır. Yalnız bu halda "aşağı maaşlı iqtisadiyyatdan" "yüksək dəyərli istehsal iqtisadiyyatına" keçid edə bilər".