Elm və təhsilin iqtisadiyyatda və əmək bazarında oynadığı rol- ÖZƏL
6 Oktyabr 2025 11:17 İqtisadiyyatİqtisadçı ekspert Elman Sadıqov elm və təhsilin iqtisadiyyat və əmək bazarındakı rolunda danışıb. "Olaylar"ın məlumatına görə, ekspert bir sıra vacib məslələrə toxunaraq öz təkliflərini təqdim edib: "Dövlət Məşğulluq Agentliyində əmək bazarının təhlili və strateji inkişafı departamentinin rəhbəri işlədiyim dövrdə Agentlik olaraq iqtisadiyyat - əmək bazarı - təhsil üçbucağı tezisini formalaşdırdıq. Əslində ilkin fikrim elm və təhsili, iqtisadiyyat və sənayeni ayırmaqla elm - təhsil - əmək bazarı - sənaye dördbucağı və ortada iqtisadiyyat (3D modelli) olan bir tezis idi. Dördbucağın ortasında yerləşən iqtisadiyyat dördbucağın hər bir nöqtəsi ilə birləşir və həm həmin sahələrin inkişafını maliyyələşdirərək dəstəkləyir, həm də həmin sahələrdən bəhrələnir. Lakin, bu tezisin (hazırda bu tezis üzərində elmi iş səviyyəsində çalışıram və bu ideyadan istifadə olunarsa istinad olunmasını təkidlə xahiş edirəm) 3 il öncə daha mürəkkəb və reallaşması üçün bir çox mürəkkəb amilləri nəzərə alaraq nisbətən sadə olan təhsil (elm) - iqtisadiyyat - əmək bazarı üçbucağı üzərində qaldım. Hər bucağı 60 dərəcə olan bərabərtərəfli üçbucaq olduğundan hansı tərəfin daha uzun, daha əhəmiyyətli olması ilə bağlı sual gündəmdən çıxır. Hər 3 tərəf bərabər əhəmiyyətə və qarşılıqlı töhfə verib töhfə alacaq səviyyəyə malikdir. Burada bir sıra çağırış və həlli vacib məsələlər var idi:
- Hansı tərəf ilk addım atmalıdır (birinci toyuq yaranıb, yoxsa yumurta məsələsi);
- iqtisadiyyatın təhsildən keyfiyyət tələb etməsi üçün hansı məsələlərin iqtisadiyyatın özü tərəfindən həll edilməsi vacibdir? İqtisadiyyatın hər bir sahəsi təhsildən necə bir mütəxəssis istədiyini özü tam olaraq bilir və bildiyi halda bunu təhsil qarşısında nə dərəcədə doğru ifadə edə bilir?
- cəmiyyətin bu üçbucağı dərk etməsi, ali təhsil, yoxsa peşə təhsili, hansı hallarda hansı təhsil kimlər üçün daha uyğundur kimi məsələlərdə maarifləndirmə necə olacaq?
- elmin ÜDM artımında rolu həm də əmək məhsuldarlığını artırmaq üçün atdığı addımlardan keçir. Bu sahədə nədən başlamalıyıq?
- təhsilin diplom aldığı gündən etibarən iqtisadiyyatda işləməyə hazır olan mütəxəssis yetişdirməsi üçün hansı dəyişikliklərə ehtiyacı var? (vakant yerlərə müraciət edən namizədlər qiymətləndirilərkən məhz bu amil ön plana çıxırdı. Məsələn, universitet hər hansı modeli (riskə məruz dəyərin ölçülməsi) öyrədir. Kağız üzərində 1950-60-cı illərin metodologiyası ilə. Əzbərçiliklə bunu öyrənən mütəxəssisin qarşısında kompüteri qoyub deyirsən ki, buyur, bu filan səhmlərin, qızılın, neftin qiymətlərinin datalarıdır. Mənə bunların riskə məruz dəyərlərini ölç. Cavab verir ki, biz praktik olaraq öyrənməmişik axı. Nəticə: nəzəri öyrəndiklərinin tətbiqi mümkün deyil. Çünki, 50-ci illərdə kompüterin, Excel, SPSS, SQL, R, Python kimi bir çox proqramların olmadığı və dataların çox az olduğu dövrdə 95% əminlik dərəcəsi ilə azalandan artan istiqamətinə 1000 datadan 50-ci datanın nə olduğunu düsturla verə bilərsiniz və sayıb müəyyən edə bilərsiniz. 1 milyon datadan əlli mininci datanı və üstəgəl azalandan artan istiqamətində (bunu isə kağız üzərində etmək günlərlə vaxt alar) etmək mümkün deyilsə bu cür yanaşma vaxt itkisi deyilmi? Düşündürən və təkmilləşdirilməsi, yanaşma tərzlərinin dəyişməsi vacib olan məsələlər çoxdur və həmin konsepsiyanın növbəti mərhələsinin tərkib hissəsinə əlavə olunmasını nəzərdə tutmuşduq;
- elmin iqtisadiyyat (sənaye) tərəfindən maliyyələşdirilməsi hansı səviyyədədir və elmin özünün iqtisadiyyata töhfəsi hansı səviyyələrdədir və bu töhfəni artırmaq üçün hansı işlər görülməlidir? Məni bir çox səbəblərdən (səbəbləri aşağıda qeyd edəcəm) ən çox düşündürən bu məsələdə tunelin sonunda işıq görünməkdədir. Azərbaycan - İtaliya birgə universiteti və ADA universiteti ilə İtaliya universitetləri arasında elmi-tədqiqat işləri sahəsində əməkdaşlığı fonunda bu məsələdə öyrənəcəklərimiz çoxdur. Burada xüsusilə patentləşdirmə, elmin iqtisadiyyata töhfə verəcək ixtira və kəşflərin həyata keçməsi, elm və sənayenin qarşılıqlı əlaqəsi və bir-birlərini gücləndirməsi, müəlliflik hüququ və patent, patentlərdən əldə olunan qonorar məsələləri ilə bağlı başda Yaponiya olmaqla, ABŞ, Almaniya, Cənubi Koreya, Tayvan və İtaliya kimi ölkələrdən öyrənəcəyimiz çox təcrübələr var. Çin bu məsələdə 2010-cu ildən bəri sürətli inkişaf etməyə başladı ki, səbəbləri haqqında 2019-cu ildə yazdığım bir məqalədə ətraflı yazdığım üçün təkrara yol vermirəm.
Əslində bu tezisdə qoyulan və düşündürən məsələlər çoxdur. Bir neçəsi ilə indilik kifayətlənək. Sonra bu tezisi gücləndirəcək və həyata keçirəcək tədbirlər keçirildi, universitetlərlə görüşdə bu tezislərin dəstəkləndiyi görüldü. Bu tezisləri həyata keçirəcək addımların atılmasına başlanılmışdı. Məzunların Məşğulluq Reytinqi platforması əslində bu üçbucağın tərkib hissəsi idi. Bu platforma təhsil və iqtisadiyyat arasındakı əlaqələrin ölçülüb müvafiq diaqnozların qoyulması üçün əvəzolunmaz platformadır. Bu platformanın ümumilikdə sonradan genişləndirilməsi və dərinləşdirilməsi nəzərdə tutulmuşdu. Məşğulluq imkanlarının qiymətləndirilməsi, izləmə mexanizmi, ümidsiz işsizlərin skorinq vasitəsilə öncədən müəyyən olunması (məhz bu mexanizm haqqındakı çıxışım və təklifimdən sonra European Training Fund və onun vasitəsilə Beynəlxalq Əmək Təşkilatının diqqətini çəkmiş və gözəl təşəbbüs kimi qiymətləndirilmişdi) kimi konsepsiya, addım və mexanizmlər bu üçbucağı daha da qüvvətləndirən digər addımlar idi. Əslində ayrı-ayrı yanaşmalar sərgilənsə də bunlar vahid fəlsəfənin tərkib hissələri idi.
Bu məsələlərə bu gün toxunmaqda sadəcə 2 məqsədim var:
- Birincisi, İtaliya-Azərbaycan əlaqələri fonunda humanitar əlaqələrin qurulması və genişləndirilməsi, İtaliya təhsilinin, təcrübəsinin ölkəmizə ayaq basması önəmlidir, lakin ən önəmlisi bizim onlardan nələri və necə öyrənəcəyimizi indidən müəyyənləşdirməyimizdir. Biz burada küləyin istiqamətindən asılı olan yelkənli qayıq deyil, güclü mühərrikə sahib gəmi olmalıyıq. Bu önəmli məsələnin də imkanları, verdiyi təhsilin keyfiyyətini yaxşı bildiyim ADA universiteti və gələcəkdə digər universitetlər tərəfindən həyata keçiriləcəyinə ümidlərim çox, şübhəm yoxdur.
- Qısaca qeyd etdiyim bu tezislər müqəddəs peşə sahiblərinin təkcə təhsildə deyil, ümumiyyətlə iqtisadiyyatda və əmək bazarında oynadıqları rolun əhəmiyyətini göstərir. Yəni, təkcə beynimizin doluluq səviyyəsi deyil, həm də cibimizin doluluq səviyyəsində təhsilin rolu çox böyükdür. Unutmayaq ki, təhsilimizin də keyfiyyəti həm də iqtisadiyyatımızın gücündən asılıdır. Dünyada zəif iqtisadiyyatı, lakin güclü təhsili və ya əksinə, güclü iqtisadiyyata malik olub zəif təhsili olan ölkə tanımıram. Tanıyan varsa qeyd edə bilər.
Nəhayət sonda. Sual oluna bilər ki, bəs gözlənti necə olmalıdır? Birinci təhsilin iqtisadiyyata töhfəsi olmalıdır, yoxsa iqtisadiyyatın təhsilə. Əlbəttə iqtisadiyyat ilkin mərhələdə əslində təhsildən nə istədiyini dəqiq parametrlərlə ortaya qoya bilən güclü sponsor, lokomotiv rolunu oynamalıdır. Müəyyən mərhələdən sonra təhsil bunun qarşılığını verməlidir. Burada məsələnin həllinin ən önəmli hissəsi əmək bazarıdır. Əmək bazarının tələblərinə uyğun olaraq yetişdirilməyən kadr təhsilin, yetişən kadrların isə layiqincə dəyərləndirilməməsi iqtisadiyyatın məsuliyyəti və bir az da dərinə getsək günahıdır".