İqtisadi sahədə formalaşan qeyri-ədalətli sərvət mədəniyyət sahəsinə də təsir göstərir- ÖZƏL
29 Sentyabr 2025 10:51 İqtisadiyyat"Mediada formalaşdırılan sahibkar modeli əksər hallarda real innovasiya ilə deyil, sadə alqı-satqı əməliyyatları ilə qurulur. Müasir cəmiyyətlərdə iqtisadi uğur anlayışı çox zaman istehsal, texnoloji yenilik və yaradıcılıqla ölçülməlidir. Lakin bəzi ölkələrdə, xüsusilə də inkişaf etməkdə olan iqtisadiyyatlarda, uğurlu sahibkar obrazı əksər hallarda real innovasiya ilə deyil, sadə alqı-satqı əməliyyatları ilə formalaşdırılır. Bu proses nəticəsində zəhmətlə işləyən əməkçilərin bir illik gəliri ilə iş adamlarının gündəlik istehlak xərcləri arasında kəskin fərqlər yaranır. Bu fenomen yalnız iqtisadi ədalətsizlik yaratmır, həm də mədəni mühitin deformasiyasına səbəb olur". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Belə sahibkarların fəaliyyət modeli adətən sadədir: xaricdən (Çin, Türkiyə və ya digər ölkələrdən) ucuz məhsul gətirmək və daxili bazarda yüksək qiymətə satmaq. Məsələn:
10 min manata alınmış avtomobilin 25 min manata satılması;
5 manata gətirilmiş "Avstraliya kənqurusu"nun 25 manata "Beyləqan quzusu" kimi təqdim olunması.
Bu ticarət əməliyyatlarında əlavə dəyər (value added) yaratmaq yoxdur. Sahibkar istehsalçı deyil, yeni texnologiya gətirmir, əmək bazarını genişləndirmir, sadəcə mövcud bazar boşluqlarından istifadə edir. Beləliklə, iqtisadi uğur kimi təqdim edilən fəaliyyət əslində iqtisadi rent axtarışı (rent-seeking behavior) nümunəsidir.
Əmək bazarında çalışan adi bir işçi - müəllim, fəhlə, həkim və ya mədəniyyət işçisi - illərlə zəhmət çəkərək ailəsini dolandırmağa çalışır. Lakin onların illik maaşı bəzən bir sahibkarın bir dəfəlik nahar süfrəsində istifadə etdiyi 200 qramlıq içkinin qiyməti ilə müqayisə edilə bilir. Bu, sosial ədalətsizlik hissini gücləndirir, gəlir bərabərsizliyini dərinləşdirir və cəmiyyətin sosial kapitalını zəiflədir.
Bu kontekstdə Adnan Əhmədzadə kimi iş adamlarının ictimaiyyətə tez-tez uğurlu sahibkar obrazı kimi təqdim olunması fiaskoya uğradı. Onun fəaliyyət nümunəsi, əsasən, xammal neft məhsullarının alqı-satqısına əsaslansa da, mediada bu, "işgüzarlıq və zəhmət" adı ilə populyarlaşdırılırdı. Halbuki belə obrazlar gənclərə istehsal və innovasiya yolu ilə deyil, sürətli ticarət və bazar boşluqlarından istifadə yolu ilə zənginləşmə modelini nümunə göstərir.
İqtisadi sahədə formalaşan qeyri-ədalətli sərvət mədəniyyət sahəsinə də təsir göstərir. Yeni "parazit əyləncə vəya israf sektoru" yaranır və ənənəvi mədəni dəyərlərin yerini kommersiya yönümlü sənət alır.
Adnan Əlizadə kimi sərvət qazanmış iş adamlarının əyləncə sektoruna yatırdığı vəsaitlər nəticəsində sənətkarların yaradıcılıq istiqaməti də dəyişir. Beləliklə, milli mədəniyyətin ən incə nümunələri də kommersiya estetikasına tabe olur.
Pierre Bourdieu-nun mədəni kapital nəzəriyyəsinə əsasən, iqtisadi kapital (pul, sərvət) zamanla mədəni kapitalı (sənət, mədəniyyət, nüfuz) öz təsiri altına alır. Bizim nümunədə də sahibkarların, o cümlədən Adnan Əlizadənin sərvəti nəticəsində mədəni kapital sahibləri - sənətkarlar, musiqiçilər - iqtisadi kapitala tabe olurlar. Bunun nəticəsində milli mədəniyyətin inkişafı bazar yönümlü formaya transformasiya olunur. Bu hadisə iqtisadiyyatın struktur problemlərini üzə çıxarır, o cümlədən rant sahibkarlığın üstünlük qazanması. Sosial müstəvidə zəhmətkeş təbəqənin əmək dəyəri sahibkarların istehlak göstəriciləri ilə müqayisədə dəyərsizləşir. Mədəniyyət sahəsində isə sənətkarlar iqtisadi kapitalın təsiri altına düşür, milli irs kommersiyalaşır.
Əsl iqtisadi və mədəni inkişaf üçün innovasiya əsaslı sahibkarlıq, istehsalın gücləndirilməsi və milli-mədəni dəyərlərin bazar mexanizmlərindən qorunması vacibdir".