Azərbaycanın uğurlu siyasətinin nəticəsi- ŞƏRH
11 Avqust 2020 10:58 İqtisadiyyatBu bir danılmaz faktdır ki, Azərbaycanın bu günkü inkişafının təməlində ümummilli lider Heydər Əliyevin zamanında uğurla həyata kieçirmiş olduğu neft strategiyası dayanır. Müstəqiliyimizin ilk illərində xarici təhdid və maneələrə baxmayaraq Azərbaycanın uğurlu neft strategiyasının əsasını qoyan Heydər Əliyev həmin dövr üçün qlobal əhəmiyyətli bir hadisə kimi xarakterizə edilən və günümüzdə də öz əhəmiyyətini qoruyub-saxlayan, bu əməkdaşlıqdan yeni-yeni əməkdaşlıq formatları meydana gətirən "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu ki, bununla da ölkəmizin müstəqillik illərində yeni neft strategiyasının əsası qoyuldu. Bu strategiyanı əhəmiyyətli edən əsas amillərdən biri ondan ibarət idi ki, burada həm xarici təcrübə öyrənilir, həm də beynəlxalq aləmlə, bu sahədə xüsusi nüfuzu və təcrübəsi olan beynəlxalq konsersiumlarla sıx əməkdaşlıq edilirdi. Elə 1994-cü il, sentyabr ayının 20-də imzalanmış "Əsrin müqaviləsi" bunun əyani sübutu idi.
Qeyd etdiyimiz kimi "Əsrin müqaviləsi" təkcə Azərbaycanın uğurlu neft strategiyasının əsasını təşkil etmirdi, eyni zamanda ölkəmizin neft sektorunun inkişafının təməli idi. Artıq yeni dövrdə Azərbaycan iqtisadiyyatında neft sektoru mühüm əhəmiyyət kəsb edirdi. Neftdən gələn gəlirlər isə öz növbəsində qeyri-neft sektorunun inkişafı üçün yol açır, imkanlar yaradırdı.
Uğurlu neft strategiyası və "Əsrin müqaviləsi"nin əhəmiyyətli cəhətlərindən biri də yeni-yeni əməkdaşlıq formatları və layihələrin meydana çıxması idi ki, ötən müddət ərzində reallaşan, təşəbbüsləri irəli sürülən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də TAP, TANAP, Cənub Qaz Dəhliiz və s. kimi layihələr bunun əyani sübutudur. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, qeyd edilən istiqamətdə müsbət tendensiya artan dinamika üzrə gedir. Ötən gün "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması da bunlardan biri kimi xarakterizə edilə bilər. Ölkəmiz üçün kifayətqədər mühüm əhəmiyyət kəsb edən bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Məlumat üçün qeyd edək ki, "Qarabağ" dayaq bloku SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması "Qarabağ" yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. Onu da qeyd etmək yerinə düşər ki, "Qarabağ" layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1" daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.
"Qarabağ" yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor" şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. "Qarabağ" yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. "Qarabağ" yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.
Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də mərasimdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu hadisəni xüsusi əhəmiyyətə malik tarix kimi dəyərləndirib və onun önəmindən danışıb. "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması bir tərəfdən uğurlu neft strategiyasının yeni-yeni hədəfləri, nəticəyə hesablanan məqsədyönlü addımların atılmasından xəbər verirsə, digər tərəfdən Azərbaycanın etibarından, qarşısına qoyduğu məqsədlərə inamla nail olmasını təsdiqləyir. Çünki "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması bir çox hallarda Azərbaycandan kənarda bu yatağın səmərəliliyinə inam yox idi və onun hər hansı perspektivinin olacağına şübhə ilə yanaşılırdı. Lakin yatağın perspektivliyinə olan əminlik və atılan uğurlu addımlar xarici faktorların proqnozlarını alt-üst etmiş oldu. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınmasından sonra Azərbaycan Televizuyasına verdiyi müsahibədə bu məqama diqqət çəkib: "1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar "Qarabağ" yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və "Qarabağ" yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir".
"Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması bir tərəfdən Azərbaycanın qarşısına qoyduğu hədəflərə tezliklə nail olması, onun etibarlılığı, etimadının artmasının göstəricisidirsə, digər tərəfdən onun adının xüsusi məna kəsb etməsidir. Bununla yanaşı sözügedən yataq müstəqqillik illərində kəşf edilmiş ilk yataq olmaqla da xüsusi əhəmiyyət daşıyır ki, elə Prezident İlham Əliyev də dövlət televiziyasına müsahibəsində bu fakta xüsusi diqqət çəkdi: "Bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki "Azəri", "Çıraq", "Günəşli" yataqları sovet dövründə kəşf edilmişdir. "Şahdəniz" və "Abşeron" yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar".
Beləliklə, "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması yuxarıda qeyd edilən bütün faktorlarla yanaşı, həm də Azərbaycanın uğurlu siysasətinin nəticəsidir ki, bu siyasət təkcə daxildə deyil, Azərbaycandan kənarda da dəstək görür. Ötən illər ərzində xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymaları, günümüzdə də Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən marağın olması və bu istiqamətdə artan dinamika deyilənləri təsdiqləyir.
Füzuli
Olaylar.az