Sahibkarlıq subyektləri ticarət qaydalarına nə dərəcədə əməl edirlər?
21 İyul 2020 13:22 İqtisadiyyatHeç kimə sirr deyil ki, istehlakçıların hüquqlarının müdafiəsi həmişə dövlətin prioritet istiqamətlərindən biri olub və son illər bu sahədə əhəmiyyətli işlər gürülməkdədir. İstehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunmasında dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların da üzərinə böyük vəzifələr düşür. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli Qərarı ilə "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları" təsdiq edilib. Həmin qaydalarda istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə obyektin infrastrukturuna, sanitar-gigiyenik vəziyyətinə, malların daşınmasına, obyektə qəbul edilməsinə, saxlanmasına, satışı şərtlərinə, hesablaşmaların aparılmasına və s. məsələlərə dair çox saylı tələblər qoyulub. Lakin etiraf edilməlidir ki, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması bir sıra hallarda nəinki karantin qaydalarının, eləcə də mövcud tixarət qaydalarının pozulması haları müşahidə olunur. Sahibkarların həm istehlakçı hüquqlarının qorunması, həm də özlərinin qanunla müəyyən olunmuş vəzifələri sahəsində tələblərə əməl etmələri zəruri olduğu halda bəzən həmin qaydalar nəzərdən qaçırılır. Bəs, bu qaydalar hansılardır və sahibkarlar həmin qaydalara nə dərəcədə əməl edirlər?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, birinci növbədə sahibkarliq subyektləri bilməlidirlər ki, ticarət obyekti işə başlamamışdan əvvəl müştərilərə lazımi qaydada xidmət göstərilməsini təmin etmək üçün hazırlıq işləri aparılmalıdır. Belə ki, müştərilərə tez xidmət göstərmək məqsədi ilə obyekt tərəfindən yardımçı sahədə olan mallar vitrinə tam çeşiddə və lazımi miqdarda düzülməli, satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızları yapışdırılmalı, anbarda və ya vitrində olan ərzaq xammallının, hazır məhsulların saxlanma və yaralılıq müddətlərinin ötüb-ötmədiyi yoxlanılmalıdır. Saxlanma və yaralılıq müddətləri ötmüş məhsullar aşkar edildiyi təqdirdə onları satışdan çıxararaq müvafiq qaydada məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Özünəxidmət obyektləri inventar səbətləri, arabalar, maqqaşlarla, həmçinin satılan malın xüsusiyyətindən asılı olaraq müştərilərin mal seçməsi üçün uyğun olan digər inventarlarla təchiz olunmalıdır.
Mövcud qanunvericilikdə istehlakçının aldığı malın çəkisi, ölçüsü, miqdarı haqqında satıcıdan (icraçıdan) tam və düzgün məlumat almaq hüququ təsbit edilmişdir. İstehlakçının bu sahədəki hüquqlarını təmin etmək məqsədilə satıcı (icraçı) müştəriyə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etmək üçün obyektdə ticarət və ya xidmət zalında görünən yerdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində metroloji yoxlamadan keçirilmiş nəzarət tərəziləri və başqa ölçü avadanlıqları yerləşdirilməlidir. Sahibkar həmçinin müştəriyə onu maraqlandıran malın qiyməti, istehsal tarixi, saxlanma müddəti, istehlak xüsusiyyəti (ərzaq məhsulları barədə həmçinin onun tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli olan maddələrin mövcudluğu haqqında) alınma şərtləri, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumatlar verməlidir. Bu məlumatlar hər bir malın istehsalında istinad olunan standartın və digər normativ sənədlərin tələblərinə uyğun olaraq onun üzərində və ya mala əlavə edilən yarlıqda öz əksini tapmalıdır. Bu proses əsasən istehsal mərhələsində həyata keçirildiyindən, ilk növbədə istehsalçı malın üzərində həmin məlumatların tam və düzgün şəkildə yerləşdirilməsini təmin etməlidir. İstehlak bazarında aparılan yoxlama və monitorinqlər zamanı bəzən malın üzərində həmin məlumatların tam şəkildə yerləşdirilmədiyi və ya bəzi məlumatların (xüsusilə istehsal tarixi və saxlanma müddətləri ilə bağlı) qeyri-dəqiq yerləşdirildiyi halları müşahidə olunur. Bu cür mallar tərəfimizdən çıxarılaraq məhv edilməsi və zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Bu isə müvafiq standartın və ya digər normativ sənədlərin tələblərini pozmaq deməkdir. Unutmayın ki, İnzibati Xətalar Məcəlləsində normativ sənədlərin tələblərini pozulması və istehlakçıların çəkidə, qiymətdə və s. aldadılması ilə bağlı inzibati qaydada məsuliyyət nəzərdə tutulmuşdur.
Malın üzərindəki həmin məlumatlar müvafiq xarici dillərlə yanaşı Azərbaycan dilində də yazılmalıdır. Bu problem xüsusilə idxal mallarında özünü göstərir. Xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar malları sifariş verərkən istehsalçı müəssisə tərəfindən zəruri məlumatların dövlət dilində də yazılmasını təmin etməlidirlər. Digər tərəfdən istehlakçıların malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ vardır. Bu səbəbdən sahibkar malları obyektə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) əsasında qəbul etməli və satışa çıxarmalıdır. Hər bir sahibkar bilməlidir ki, mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər olmayan, eləcə də saxlanma və yararlılıq müddəti ötmüş malların satışı qadağandır.
Malları saxlanması və daşınması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydalara və tələblərə riayət edilməsi vacib məsələlərdən biridir. Hazır məhsullar anbarda saxlanma qaydalarına və temperatur rejiminə düzgün əməl etməklə çeşidlər üzrə və partiya nömrələri nəzərə alınaraq yığılmalıdır. Eyni zamanda qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan, etiketsiz məhsulları realizə ediləcək məhsullarla bir yerdə saxlamaq yol verilməzdir. Normativ sənədlərin tələblərinə uyğun olaraq ərzaq xammalı, köməkçi materiallar və hazır məhsullar obyektdə müvafiq temperatur rejimində saxlanmalıdır. Bu barədə məlumat məhsulun etiketində və ya ona əlavə edilmiş yarlıqda qeyd olunur. Satıcı və ya icraçı xammalın, köməkçi materiaların və hazır məhsulların anbarda və ya xidmət zalında həmin temperatur rejimində saxlanmasını təmin etməlidir. Bunun üçün isə obyekt soyuducu və digər zəruri avadanlıqlarla təchiz olunmalıdır. Eyni zamanda obyektdə mövcud şərait sanitar norma və qaydaların tələblərinə vacab verməlidir. Ticarət obyektləri iş gününün sonunda yığılmış zibil və məişət tullantılarını uzaqlaşdırmaq üçün lazımi sayda və zəruri tələblərə cavab verən zibil qabları, ictimai iaşə obyektləri əlavə olaraq lazımi tələblərə cavab verən kanalzasiya sisteminə malik olmalıdır. Məlum olduğu kimi, ictimai iaşə obyektlərində hazırlanan məhsulların istehlak ömrü çox qısa olur və onlar sertifikatlaşdırılması tələb olunmur. Hər bir sahibkar hazırladığı ictimai iaşə məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə ilk növbədə özü əmin olmalıdır. Bu məqsədlə hazırlanan ictimai iaşə məhsullarının keyfiyyətinin vaxtaşırı müvafiq səlahiyyətli orqanların laboratoriyalarında yoxlamadan keçirilməsini təmin etməlisiniz.
Vacib məsələlərdən biri də malların ticarət obyektlərinə sanitar tələblərə cavab verən və temperatur rejimini tənzimləyən avadanlıqlarla təchiz olunmuş avtonəqliyyat vasitələrində daşınmasıdır. Bir çox hallarda malların, xüsusilə insanların gündəlik istehlakında geniş istifadə olunan çörək, ət məhsulları və bu kimi ərzaq məhsullarının lazımi tələblərə cavab verməyən avtonəqliyyat vasitələrində daşınır. Bu isə yolverilməzdir. Odur ki, hər bir sahibkar malların istehsalçıdan ticarət obyektlərinə daşınması, tədarükü zamanı qeyd olunan tələblərə cavab verən avtonəqliyyat vasitələrindən istifadəyə xüsusi əhəmiyyət verməlidirlər.
Hər bir sahibkar malları anbardan alıcılara buraxılarkən onların düzgün qablaşdırıldığına və etiketləndiyinə, mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlərin olub-olmamadığına, yeyinti məhsullarında üzərində saxlanma və yararlılıq müddətlərinin göstərilib-göstərilmədiyinə və ya saxlanma və yararlılıq müddətlərinin ötmədiyinə diqqət etməli və müvafiq tədbirlər həyata keçirməlidir.
Obyektdə çalışan satıcıların və digər xidmət personalının sağlamlığı və gigiyenası məhsulun təhlükəsizliyi baxımından olduqca vacibdir. Aparılan araşdırmalar zamanı sahibkarlar tərəfindən yeyinti məhsullarının istehsalı və satışı sahəsində tibbi müayinədən keçməyən və müvafiq sağlamlıq kitabçaları olmayan işçilərin çalışdırdığı halları müşahidə olunur. Unutmaq lazım deyil ki, qida ilə təmasda olan və xəstəlik daşıyıcısı olan işçilərinsanların kütləvi yoluxmasına səbəb ola bilir. Odur ki, sahibkar işçilərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və vaxtaşırı olaraq tibbi müayinələrdən (baxışlardan) keçmələrini təmin etməli və onları işin xüsusiyyətlərindən asılı olaraq təmiz iş paltarları (önlük, papaq, əlcək və s.) ilə təchiz etməlidir. Digər tərəfdən həmin işçilərə məxsus sağlamlıq kitabçaları obyektdə saxlanılmalıdır. Alıcı və sifarişçilərlə hesablaşmalarda da diqqətli olmaq lazımdır. Belə ki, qaydalara görə ticarət obyektləri nağd pulları və çek kitabçalarından (hesablaşma çeklərindən) çekləri kassa aparatları vasitəsi ilə qəbul etməlidirlər. Kassa aparatlarında isə bu sahədə müvafiq təhsil haqqında sənədi olan işçilər çalışmalıdır. Malın pulunu alarkən kassir və ya satıcı-kassir müştəriyə aldığı pulun məbləğini aydın deməlidir. Kassa aparatında çek vurulmalı, müştəriyə qaytarılan qalığı aydın deyib çek və mal ilə birgə ona verilməlidir. Göründüyü kimi istehlakçıların hüquqlarını etibarlı şəkildə müdafiəsini təmin etmək üçün mövcud ticarət norma və qaydaları müəyyən edilib. Qalır bu sahədə çalışan sahibkaların öz qanuni vəzifələrini yerinə yetirməsi. Əgər mövcud qaydalara ciddi şəkildə riayət olunsa, sözssüz ki, koronavirusa yoluxma halları da minimuma enmiş olar.
Nurlan
Olaylar.az