Ölkəmizin nəqliyyat-tranzit imkanları beynəlxalq maraq doğurur
3 İyul 2020 13:19 İqtisadiyyatİlham Əliyev: "Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb"
Bütün risk və təhlükələr, mümkün qlobal təhdidlərə baxmayaraq Azərbaycanın öz inkişaf yolunu davam etdirməsi, təkcə regionun deyil, eləcə də dünyanın lider ölkələrindən birinə çevrilməsi rəsmi Bakıya olan marağı, inamı daha da artırır. Ötən müddət ərzində pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən səmərəli tədbirlər və bu tədbirlərin beynəlxalq aləm üçün örnək xareakter daşıması da Azərbaycana olan marağın artmasını şərtləndirən başlıca amillər sırasındadır. Ötən müddət ərzində dünyanın nüfuzlu şirkətlərinin, beynəlxalq maliyyə qurumlarının, eləcə də ayrı-ayrı ölkə rəhbərlərinin Azərbaycan dövlət başçısı ilə videokonfrans formatında görüşmək təşəbbüsləri də məhz yuxarıda qeyd etdiyimiz amillərlə bağlıdır. Bu günlərdə isə daha iki ölkə prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə videokonfrans formatında görüşü keçirilib. Məlumat üçün qeyd edək ki, iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib.
3 ölkə prezidentlərinin videokonfrans formatında keçirilən görüşünün bur neçə səbəbləri var. Əgər bunlardan biri Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq, onunla maraqlanıb, tətbiq etməkdirsə, digər isə ölkəmizin yerləşdiyi coğrafiyada vacib tranzit xətti rolunu oynaması ilə bağlıdır. Məlumdur ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə Orta Asiya respublikaları, xüsusilə də Türkmənistan və Özbəkistan maraqlıdır. Təsadüfi deyil ki, sözügedən layihə çərçivəsində Bakıdan Türkiyəyə ilk qatarın yola salınması mıərasimində Türkmənistan rəsmiləri də iştirak etmişdi. Bu öz-özlüyündə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Orta Asiya respublikalarına qədər uzanması perspektivindən xəbər verirdi. Ancaq hazırkı reallıq ondan ibarətdir ki, sözügedən dəmir yolu xətti Orta Asiya sərhədlərini aşaraq Əfqanıstana qədər uzana bilər. Hər halda Türkmənistandan Əfqanıstana dəmir yolu xəttinin çəkilməsi bu perspektivi ortaya qoyur. Təsadüfi deyil ki, elə üçtərəfli formatda keçirilən videokonfransda çıxışı zamanı Əfqanıstan prezidenti də bu məqama toxunub və Türkmənistandan ölkəsinə dəmir yolu xəttinin çəkilməsini vacib əhəmiyyətli hadisə kimi xarakterizə etməklə yanaşı, bunun gələcək tranzit əlaqələri üçün gözəl zəmin olduğunu söyləyib. Heç şübhəsiz ki, Əfqanıstan prezidenti gələcək əlaqələr dedikdə məhz ölkəsinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması mümkünlüyünü ifadə edirdi. Əslində bunun üçün artıq real imkanlar da var. Lapis-Lazuli xətti bunun ən bariz nümunəsidir və 2018-ci ildən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulan Lapis-Lazuli xətti Əfqanıstanın Avropaya çıxışını da təmin edən başlıca tranzit əlaqələrindəndir. Bunu rəsmi Kabul da gözəl dərk edir və bu imkana görə, Bakı ilə Aşqabada minnətdardır: "Əfqanıstan və region üçün bağlantı ilə əlaqədar həm Azərbaycan, həm də Türkmənistanın irəli sürdüyü təşəbbüslərə görə böyük minnətdarlığımı bildirim. Cənab Prezident Əliyev, mən Sizin Gürcüstan, Türkiyə və bütün Azərbaycan ərazisində yatırdığınız sərmayələrə görə minnətdarlığımı bildirmək istərdim. Mən xüsusilə Əfqanıstandakı iki quru limanına - əvvəlcə Akina limanına, sonra Toraqundi limanına dəmiryolunu uzatdığına görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Xüsusilə Toraqundi bizə Azərbaycana birbaşa xətt çəkməyə imkan verdi. Mən transformativ proqram olan və bugünkü müzakirəmizin əsas mövzusu olacaq Lapis Lazuli dəhlizinə göstərdiyiniz dəstəyə görə sizin hər ikinizə minnətdarlığımı bildirmək istərdim. Bizim sizin hər birinizlə ayrılıqda və sizin bir-birinizlə söhbətiniz olub. İndi bunları həyata keçirmək vaxtıdır".
Azərbaycana gəlincə, həqiqətən də rəsmi Bakının tranzit-məqliyyat imkanları kifayət qədərdir. Böyük bir coğrafiya, regionun nəqliyyat, dəmir yolu, eyni zamanda dəniz nəqliyyatı imkanlarını təmin etmək perspektivinə malik layihələri bu baxımdan ölkəmizi beynəlxalq aləm, dünyaya çıxışı nisbətən məhdud olan ölkələr üçün cəılbedici edir. Elə Azərbaycan Prezidenti İlham Əliyev də Əfqanıstan və Türkmənistan olan həmkarları ilə görüşündə bunu açıq şəkildə ifadə etdi: "Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır. 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəkdir".
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Şimal-Cənub Nəqliyyat Dəhlizi, "Böyük İpək Yolu", eləcə də digər avtomobil yolları həm ölkəmiz, həm də bu layihələrdə iştitrak edən dövlətlər üçün olduqca əhəmiyyətlidir: "Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmişdir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola "Dəmir İpək yolu" deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. Ölkə daxilində dəmir yolu infrastrukturu yenilənir. Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir". Prezident xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizinin imkanları geniş dəyərləndirib. Dövlət başçısı bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir: "2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmışdır. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılmışdır. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilmişdir. Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanmışdır. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılmışdır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınmışdır. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırmışdır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir".
Bütün mümkün imkanlar və gələcək perspektivlər onu deməyə əsas verir ki, Bakı, Kabul və Aşqabad arasında mövcud olan əlaqələr, qarşılıq-faydalı əməkdaşlıq qarşıdakı illərdə daha da inkişaf edəcək və strateji tərəfdaşlıq halını belə alacaq. Çünki bunun üçün bütün əsaslar mövcuddur. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir: "Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir. Hazırkı dövrün ən aktual problemi olan koronavirus xəstəliyi dünyada faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir".
Göründüyü kimi, pandemiya dönəmində belə Azərbaycan onun liderinin uzaqgörən və qətiyyətli siyasəti sayəsində öz inkişaf yiolunu davam etdirir və bu inkişaf templərinə görə, dünyanın cəlbedici ölkələrindən birinə çevrilir. Bu amillər həmçinin rəsmi Bakını, Azərbaycan dövləti və onun prezidentini regional liderdən, qlobal liderə çevririr.
S.İsmayılbəyli
Olaylar.az