2019-cu ildə pambıq yığımı üzrə rekord göstərici əldə olunub- Təhlil

2019-cu ildə pambıq yığımı üzrə rekord göstərici əldə olunub-Təhlil

Kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların əsasında düzgün siyasət və dövlət dəstəyi durur

İqtisadiyyatın mühüm sahəsi olan aqrar sektor bu gün yüksəliş dövrünü yaşayır. Nəzərə almaq lazımdır ölkə əhalisinin böyük bir hissəsi əsasən kənd təsərrüfatı sahəsində çalışır. Məhz bu amili nəzərə alan president İlham Əliyev ölkədə pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyub. Hətta bu məqsədlə dəfələrlə regionlarda pambıqçılıqla bağlı müşavirə də keçirib. Dövlət başçısı müşavirələrdə yerli icra qurumlarına tövsiyyələri ilə yanaşı konkret  tapşırıqlar da verib. Etiraf edilməlidir ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən nəinki müəyyən olunmuş hədəflərə çatılıb, hətta bundan da xeyli yüksək göstəricilər əldə edilərək pambığın hektardan məhsuldarlığına görə xeyli irəliləyişə nail olunub. Məlumat üçün qeyd edək ki, bu il pambıq yığımı ilə bağlı rekord göstərici əldə olunub. Belə ki, ümumilkdə  294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Təkcə b u fakt deməyə əsas verir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəli nəticəsini verməkdədir. Xatırladaq ki, respublikanın torpağı münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir. Pambıq isə əməktutumlu sahə olduğundan həm dövlət büdcəsinə, həm də vətəndaşların rifah halının yüksəlməsində əhəmiyyətli rola malikdir.  

Xatırladaq ki, Sovet hakimiyyəti illərində ölkəmizdə ciddi inkişaf mərhələsinə qədəm qoyan pambıqçılıq SSRİ-nin dağılması ilə tənəzzül dövrünü yaşayıb. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində davam edən iqtisadi böhranlar, erməni təcavüzləri dövlət yetkililərimizin bu sahəyə diqqət ayırmasına mane oldu və beləcə pambıqçılıq da sıradan çıxıb. Ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızın rəhbəri seçilməsindən sonra əldə olunan atəşkəs ölkəmizin iqtisadiyyatının yenidən dirçəlməsi strategiyasının həyata keçirilməsinə münbit şərait yaradıb. Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra, ölkənin bütün sahələrində olduğu kimi, aqrar sektorda da canlanma başlanıb. Kənd təsərrüfatının ayrı-ayrı sektorlarında olduğu kimi, pambıqçılıqda da irəliləyişlər müşahidə edilib. Məhz Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, "ağ qızıl"ın istehsalı sahəsində dönüş yaranıb. Xüsusilə də, dövlət başçısı İlham Əliyevin tapşırıqlarından sonra bu sahədə ciddi nailiyyətlər əldə olunur. 2015-cü ildə yaşanan qlobal neft böhranından sonra prezidet İlham Əliyevin iqtisadi strategiyasında pambıqçılıq sektorunun inkişafının mühüm yer tutduğunu müşahidə edilir. Məhz prezidentin təşəbbüsü ilə 2016-2017-ci illərdə bu məsələylə bağlı ən yüksək səviyyələrdə müşavirələr, konfranslar keçirilib. Bütün kənd təsərrüfatı mütəxəssisləri bu sahədə öz intellektual güclərini səfərbər ediblər. Nəhayət, 2017-ci ildə Pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Və elə həmin il bu təşəbbüslər öz nəticəsini verib, respublikada pambıq tədarükü 35 min tondan 207 min tona çatıb. Prezidentin fermerlər qarşısında qoyduğu ən mühüm vəzifə qarşıdakı 2 il ərzində həm məhsuldarlığı, həm də əkin sahələrini 2 dəfədən çox artırmaq olub. 2016-cı ildə keçirilən Pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində aqro-strateji hədəfimiz olaraq 2017-ci ildə pambıq tarlalarının ərazisini 100 min hektara, məhsulu isə 300 min tona çatdırmaq elan olunub, 2020-ci ildə isə pambıqçılığın inkişafının öz zirvəsinə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə 2018-ci ildə 22 rayonda 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılıb. Nəzərə alsaq ki, dünya pambıq istehsalı 2018-ci ildə 24,6 milyon ton olub, Azərbaycan bu ilki istehsal gücüylə bu qlobal istehsalda 1%-dən çox paya malikdir. Hazırda dünyanın 80-dən çox ölkəsində pambıq istehsal olunduğundan və onlardan 8-nin bir yerdə ümumi istehsalın 80%-dən çoxunu əllərində cəmləşdirdiyini nəzərə alsaq, deyə bilərik ki,  Azərbaycan 2020-ci ildə ən önəmli pambıq istehsalçılarından birinə çevriləcək.

Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, pambıqçılıq inkişaf etdirilərkən sosial amil də diqqət mərkəzində saxlanıb: "Pambıqçılığı inkişaf etdirərkən biz sosial amili də həmişə diqqət mərkəzində saxlamışıq. Çünki qeyd etdiyim kimi, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur. Eyni zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyiniz kimi, sosial müdafiəni gücləndirmək üçün biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri yaratmışıq, dövlət tərəfindən maliyyələşir. İş tapa bilməyən vətəndaşlar bu ictimai iş yerlərində işlə təmin olunurlar. İndi pambıq yetişdirən rayonlarda artıq bu işlərə də tələbat azalır. Çünki insanlar gedib pambıqçılıqda daha böyük pul qazanırlar və beləliklə, öz maddi vəziyyətlərini yaxşılaşdırırlar. Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəyəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir".

Pambığın iqtisadi əhəmiyyətinə gəldikdə qeyd edilməlidir ki, bu məhsul hazırda həyatımızın bütün sahələrində istifadə edilir. Onun meyvəsindən müasir çağımızda ən çox bəyənilən paltarlar, bint, pambıq kimi tibbi ləvazimatlar, pərdəliklər, yataq dəstləri kimi məişət əşyaları istehsal olunur. Qozalarından və budaqlarından yağ çəkilir, heyvan yemi hazırlanır. Qısacası, pambıq bitkisinin heç bir hissəsi tullantı kimi zibilxanaya atılmır. Ən sonda qalan artıqlardan bioenerji məhsulu kimi istifadə etmək mümkündür. Pambığın iqtisadi dəyərini anlamaq üçün 1 kq koldan əldə edilən hazır məhsulun miqdarına baxmaq kifayətdir: 600 qr çiyid, 180 qr xam yağ, 570 qr yağlı kübrə, 100 q kağız ləvazimatl, 100 q çiyid qabığı, 360 q pambıq lifli və s. Sözsüz ki, bütün bunların başa gəlməsi üçün ölkədə böyük tekstil fabrikləri açmalı və xammal hazır məhsula çevrilməlidir. Bu mənada pambığı həm də ən dividentli əlavə gəlir qaynağı adlandırmaq olar. Üstəlik, bu məhsulu satmaq üçün bazar axtarmağa da ehtiyac yoxdur. Mərkəzləşdirmiş qlobal pambıq bazarında müştərilər hər an almağa "ağ qızıl" və onun hazır məhsullarını axtarırlar.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31