Bakı Avropanın enerji xəritəsini dəyişir- TƏHLİL
20 Fevral 2019 18:26 İqtisadiyyatİlham Əliyev: "Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir"
Yerləşdiyi coğrafiyada əlverişli mövqelərə malik olması, zəngin təbii sərvətləri Azərbaycanı dünya üçün cəlbedici ölkəyə çevirib. Müstəqilik illərindən sonra həyata keçirilən uğurlu siyasət və zəngin təbii sərvətlərdən səmərəli istifadə ölkəmiz üçün yeni-yeni imkanlar açdı ki, bu da regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin fonunda özünü göstərdi. Ötən illər ərzində Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılması, eləcə də digər bu kimi mühüm əhəmiyyətli enerji və nəqliyyat layihələri Azərbaycanı dünya üçün daha da cəlbedici etdi. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, hər həyata keçirilən layihə özü ilə bərabər yeni əməkdaşlıq imkanları yaradır, yeni layihələrə yol açır. Artıq strateji tərəfdaşlıq səviyyəsində qurulan bu əməkdaşlıq təkcə Azərbaycan, region üçün deyil, ümumilikdə dünya, xüsusilə də Avropa məkanı üçün mühüm əhəmiyyət kəsb edir. Elə Cənub Qaz Dəhlizi layihəsi də məhz belə layihələrdən biridir. 4 il əvvəl start verilən bu mühüm layihə bu gün öz ətrafında kifayət qədər ölkəni birləşdirir. Layihəyə olan marağın ildən-ilə artması da onun yüksək perespektivliyindən xəbər verir.
Məlumat üçün qeyd edək ki, fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Bu günə qədər nazirlər səviyyəsində keçirilən 4 görüşdə layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra mühün məsələlər ətrafında ortaq fikir əldə edilib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər. Ötən gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutan sayca beşinci görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edilib.
Qeyd edək ki, iclasda çıxış edən dövlət başçısı bir sıra vacib məsələlərə toxunub və Cənub Qaz Dəhlizi layihəsini Avropa ilə yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Doğurdan da indiyə qədər həyata keçirilən digər enerji və nəqliyyat layihələri kimi Cənub Qaz Dəhlizi layihəsi də Avropada böyük maraq doğurub. Avropanın qabaqcıl ölkələrinin bu layihədə iştirakı onu təsdiq edir. Eyni zamanda Birləşmiş Ştatlar da Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında maraqlıdır. Bu maraq layihə çərçivəsində hər dəfə keçirilən nazirlərin görüşündə Vaşinqtonun yüksək səviyyədə iştirakında özünü göstərir. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də çıxışı zamanı bu məqama xüsusi diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəklənib və beləliklə, bu proses başlandı: "Mən Avropa Komissiyasına bu prosesdə fəal iştiraka görə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan və Avropa Komissiyası bu şuranın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir. Böyük məmnuniyyətlə komissar Ottingeri salamlayıram. O, vaxtilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı olub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm rol oynayıb. Bu, həqiqətən də vahid komanda işidir və ildən-ilə biz bunun nəticəsini görürük".
Qeyd etdiyimiz kimi Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələr Avropa ölkələri ilə yanaşı Birləşmiş Ştatlar tərəfindən də ciddi şəkildə dəstək görür ki, bu da Vaşinqtonla Bakı arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışı zamanı bu fikri qeyd edib: "Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq". Prezident deyib ki, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb: "Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq. Burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır".
Bu bir danılmaz faltdır ki, istənilən qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsinə beynəlxalq maliyyə qurumlarının dəstəyi vacib şərtdir. Və onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın təşəbbüskar və iştirakçı olduğu bütün layihələrə beynəlxalq maliyyə qurumları dəstək verib. Bu da öz-özlüyündə iki məna kəsb edir. Birincisi, beynəlxalq maliyyə qurumları ilə yüksək səviyyəli əməkdaşlıq mövcuddur və həmin qurumlar da Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar. İkincisi, beynəlxalq maliyyə qurumları Azərbaycandakı sabit durumdan və idarəetmədən razıdırlar. Çünki bir qayda olaraq qeyri-sabit, siyasi durumu ağır olan ölkələrə beynəlxalq maliyyə qurumları dəstək vermir. Lakin Azərbaycanın istisna təşkil etməsi isə təsadüfi deyil. Çünki həyata keçirilən düzgün idarəçilik və düşünülmüş siyasət nəticəsində Azərbaycanda uzun illərdir ki, siyasi sabitlik hökm sürür. Və bu siyasi sabitliyin fonunda Azərbaycan uğurla inkişaf edir. Dövlət başçısı İlham Əliyev də çıxışı zamanı bu məqama diqqət çəkib və beynəlxalq maliyyə qurumları ilə Bakı arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirib: "Beynəlxalq maliyyə qurumlarının güclü dəstəyi olmadan bizim birgə səylərimiz faydalı olmazdı. Bu gün toplantımızda dünyanın aparıcı maliyyə qurumlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edirlər. Fürsətdən istifadə edərək, bu layihə ilə bağlı maliyyə töhfəsinə və bizə olan etimada görə sizlərə təşəkkür edirəm. Bizim nə qədər böyük təşəbbüs və nəhəng layihəni həyata keçirdiyimizi təsvir etmək üçün, zənnimcə, bu toplantıda iştirak edənlərin siyahısını səsləndirmək kifayət edər".
Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin uğurlu davamıdır. Məhz ümummilli liderin zamanında atmış olduğu düşünülmüş addım və verdiyi uzaqgörən qərarın nəticəsidir ki, bu gün Azərbaycanda neft sektoru inkişafdadır və bu inkişaf paralel olaraq qeyri-neft sektorunun da inkişafına şərait yaradır. Bir sözlə həyata keçirilən bütün layihələr eləcə də Cənub Qaz Dəhlizi layihəsi ümumi marağımıza xidmət edir. Elə Prezident İlham Əliyev də çıxışında belə deyib: "Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng "Azəri-Çıraq-Günəşli" neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməldaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cu il əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq. 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı müqavilə imzalanmışdır ki, həmin yataq Cənub Qaz Dəhlizin əsas resurs mənbəyidir. Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur".
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda vacib ölkələrdən biridir. Xüsusilə, enerji resursları və onların nəqli baxımından Bakı dünya üçün olduqca cəlbedici və maraq doğrucudur. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır. Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə "Şahdəniz-2" layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik".
Süleyman