Torpaqdan qanunsuz istifadəyə nəzarət gücləndirilir

Qanun pozuntularına qarşı cəzalar sərtləşdirilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən qanun pozuntularına qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına uyğun olaraq torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir.

Qanun pozuntularına qarşı cəzalar sərtləşdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən qanun pozuntularına qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına uyğun olaraq torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir. Bu məqsədlə torpaqlardan mövcud qanunvericiliyin tələblərinə uyğun istifadə ilə bağlı Bakı və regionlarda aktiv monitorinq və reydlər keçirir. Məqsəd torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi, qanunazidd və əsassız istifadə hallarının qarşısını almaqdır. Eyni zamanda bu tədbirlər nəticəsində mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması halları, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılır. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir sıra hallarda vətəndaşlar, ayrı-ayrı hüquqi şəxslər tərəfindən onlara məxsus mülkiyyətin ətrafındakı torpaqların zəbt edilməsi və qeyri-qanuni hasarlanması hallarına rast gəlinir. Bu isə öz növbəsində həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır. Monitorinqlər zamanı kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarına da rast gəlinir. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir. Belə torpaqlarda təyinatına zidd olaraq və bəzən heç bir sənəd olmadan müxtəlif məqsədli tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır. İstifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və yenidən iqtisadi dövriyyəyə buraxılması istiqamətində də proses davam etdirilir. Nəticə etibarilə dövlət və vətəndaş mənafeyi baxımından torpaqdan düzgün istifadə büdcəyə daxilolmaların artmasına gətirib çıxarır. Eyni zamanda, torpaqdan qanunauyğun şəkildə istifadə respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində fermerlərin, torpaq sahibləri və istifadəçilərinin sosial rifahına da müsbət təsir göstərir və məşğulluq səviyyəsini artırır.

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, ölkədə torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı cəzalar sərtləşdirilib. Bəzi pozuntulara görə isə inzibati tədbirlərlə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub. Bu tədbirlər nəticəsində respublikada torpaq sahələrinin istifadəsiz saxlanması, müxtəlif ərazilərdə, xüsusilə paytaxt rayonlarında özbaşına zəbtetmə, eləcə də mühafizə zolaqlarında tikintilərin aparılması halları aradan qaldırılır. Onun bildridiyinə görə, bəzi hallarda torpaqdan qanunsuz istifadəyə yol verilməsi vətəndaşların bu sahədə hüquqi biliklərinin kifayət qədər malik olmaması ilə bağlıdır. Elə bu səbədən də qanunsuz tikililərin sayında artım müşahidə olunur: "Məsələn, vətəndaşların bir çoxuna məlum deyil ki, tikiliyə dair əqd bağlanarkən onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ hansı qaydada həll olunur. Yeri gəlmişkən qeyd edim ki, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr(obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya,o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdiyaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir". Onun sözlərinə görə, digər bir məsələ torpaq sahəsinin girov qoyulması ilə bağlıdır: "İpoteka haqqında müqavilə üzrə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri girov qoyula bilər.Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, o cümlədən şəhərsalma qaydalarına uyğun olaraq, binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, xüsusi mühafizə olunan ərazilərdəki torpaqların,habelə xüsusi istifadə şəraitinə malik zonalardakı sahələrin tərkibindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların ipotekasına isə yol verilmir.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ipotekasına yol verilməyən torpaqlar istisna olmaqla, dövlət və bələdiyyə mülkiyyətində olan başqa torpaq sahələri və bu sahələr üzərində istifadə və icarə hüquqları girov (ipoteka) predmeti ola bilər". Hüquqşünas bildirib ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik əsasında da keçə bilər: "Mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun birhissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir.Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir. Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər.Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə verə bilərlər". Onun sözlərinə görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.Torpaqların məqsədli təyinatı isə torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.Torpaqların hüquqi rejimi  torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31