Aqrar sektorun inkişafında icra strukturların rolu
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Xüsusən, kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi dövlətin prioritet məsələlərindən hesab olunur.
15 Sentyabr 2017 13:30 İqtisadiyyatMövcud potensialdan səmərəli istifadə iqtisadi inkişafı təmin edə bilər
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Xüsusən, kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi dövlətin prioritet məsələlərindən hesab olunur.
Təsadüfi deyil ki, cari ili iyulun 14-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Ekspertlərin qənaətinə görə, sözügedən dövlət proqramı çox mühüm bir sənəddir. Nəzərə almaq lazımdır ki, sözügedən dövlət proqramı ölkədə aqrar sahənin inkişafını təmin edəcək mükəmməl sənəddir. Sərəncamın icrası üçün isə kifayət qədər imkanlar mövcuddur. Xatırladaq ki, hələ ötən ilin iyun ayında Milli Məclis "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun qəbul edib. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib. Odur ki, hesab edilir ki, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verəcək.
Yeri gəlmişkən qeyd edək ki, kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın inkişaf etmiş ölkələrində mövcuddur. Kooperasiya məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinədək bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Bu isə bir adamın, bir fermerin görəcəyi iş deyil. Istehsalçı, tədarükçü, emalçı və istehlakçı- bunların hamısı bir sistemdir. Dövlət başçısı tərəfindən təsdiq olunmuş proqramda da bu məsələlərlə bağlı mühüm göstərişlər əksini tapır. Sənəddə kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri, kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri, kooperasiyanın inkişafının şərtləri, eləcə də Dövlət Proqramının məqsədi və vəzifələri öz əksini tapır. Əsas məqsəd və vəzifələr Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.
Mütəxəssislər hesab edirlər ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Onların sırasında kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsini, kooperativlərin dövlət tərəfindən dəstəklənməsini, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsini, torpaqdan səmərəli istifadə edilməsini, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsini, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsini, kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılmasını qeyd etmək olar. Dövlət proqramında Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi, kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması və s. bu tədbirlər sırasına daxildir. Əsas məsələlərdən biri də koopertivlərin maliyyə mənbələridir. Bununla bağlı proqramda göstərilib ki, Proqram çərçivəsində həyata keçiriləcək tədbirlər dövlət büdcəsi, büdcədən kənar fondlar, yerli və xarici investisiyalar, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir. Eyni zamanda, sənəddə kooperativ üzvlərinin informasiya-məsləhət xidməti ilə təmin olunması məsələsi də var. Bunun özü çox vacib məsələdir. Çünki dünyada kənd təsərrüfatı inkişaf edir və bu sahədə yeni texnikalar, texnologiyalar, bitki sortları, heyvan cinsləri yaradılır, müasir idarəetmə sistemləri və s. tətbiq edilir. Bu baxımdan, informasiya-məsələhət xidmətinin rolu böyükdür.
Hazırda əsas məsələlərdən biri Dövlət Proqramdakı məsələlərin yerinə yetirilməsidir. Bu da icra strukturlarının səmərəli fəaliyyətindən asılıdır. İcra strukturları anlamalıdırlar ki, sərəncamın icrası layiqincə yerinə yetirilsə, aqrar sahədə kiçik sahibkarlığı inkişaf etdirməyə geniş imkanlar yaratmaqla yanaşı, iri təsərrüfatlar arasında rəqabəti gücləndirəcək. Son nəticədə isə ölkəmizdə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaq. Hansı ki, proqramda hansı tədbirlərin hansı müddətdə və hansı dövlət qurumları tərəfindən görüləcəyi dəqiq əksini tapıb.
Milli Məclisin deputatı Musa Quliyev deyib ki, ölkənin iqtisadi gücünün davamlı olaraq artması və daxili sabitliyin yüksək səviyyədə təmin olunması sosial sferanın inkişafı baxımından xüsusi ilə aktuallıq daşıyır. Məhz sabit cəmiyyətlərdə ölkənin resurslarından, iqtisadi potensialından insanların mənafeyi naminə səmərəli şəkildə istifadə olunur. Bu baxımdan Azərbaycanın modeli dünya üçün nümunə sayıla bilər: "Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizi fərqləndirən cəhətlərə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Təbii ki, davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyev bir daha bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir".
Zəka